Mel Gibsona məktub yazan rəssam - Firidun Ağazadə yazır...

Mel Gibsona məktub yazan rəssam - Firidun Ağazadə yazır...
26 dekabr 2020
# 11:38

Kulis.az Firidun Ağazadənin “Bir dost itirdim, eynən özüm kimi” yazısını təqdim edir.

Rəssam Vaqif Ucataya elegiya

FB statusum. Çox ağır xəbər oldu... Dostum, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin rəssamı Vaqif Ucatay vəfat edib. Vaqif çox milli ruhlu, gözəl sənətkar idi, məğrur insan idi, öz fikri və mövqeyi vardı, Azərbaycançılığı hər şeydən uca tuturdu... ona görə, Ucatay idi. Mənfur düşməni ifşa edən neçə-neçə əsərin müəllifi idi...

Tələbələrinə milli qürur dərsi keçirdi... Xalqımızın toy adətinə həsr etdiyi monumental “Toy” əsəri üzərində iyirmi beş ildən artıq idi ki, işləyirdi, əsərdəki 300-ə yaxın obrazı miniatür diqqəti ilə seçmişdi, təqdimatını edəcəkdik.... Baş-başa çox dərdləşirdik... Bundan sonra kiminlə..?

Dostlarımıza, ailəsinə başsağlığı verirəm.

Statusa sözardı. “Ucatay” adını Asif Ata vermişdi ona. Bu, ruhani ucalıq idi. Vaqif ruhən, mənən çox zəngin idi. Və olduqca milli idi. Azərbaycanın mənəvi-tarixi kökləri daim onu məşğul edirdi.

Üç-dörd epizod. 1987-ci ildə Leninqradda İ.Y. Repin adına Rəssamlıq Akademiyasını qurtaranda diplom işi kimi çəkdiyi əsər “Nizami işığında” adlanır. Əsər Nizami Gəncəvinin 1941-ci ildə Leninqradın mühasirəsi zamanı keçirilmiş 800 illik yubileyinə həsr olunub. Vaqif, diplom işi kimi bu mövzunu çətinliklə təsdiq etdirə bilmişdi, əsər indi Nizami adına Ədəbiyyat Muzeyində saxlanır.

Vaqif Ucatay mənfur erməni təbliğatına qarşı fırçası ilə, boyası ilə vuruşurdu. 1992-ci ildə erməni faşistlərinin törətdiyi Xocalı soyqırımı ilə bağlı silsilə əsərlər işəmişdi. Bu insanlıq faciəsini özündə əks etdirən plakatları görməyən yoxdur. Bu əsərlərin ingilis dilinə tərcümə edilmiş alt yazılarını dünya internet resurslarına göndərirdik.

Birinci Qarabağ müharibəsi zamanı - 1994-cü ildə Murovdağa yollanan Vaqif Azərbaycan oğullarının döyüş səngərlərini dolaşır, burda gecələyir, mətin döyüşçülərim portretlərini çəkirdi.

1999-cu ildə “Dədə Qorqud” eposunun 1300 illiyi keçirilirdi. Vaqif Ucatay müsabiqəyə Dədə Qorqud (Ruhani Ata) obrazını təqdim etdir.

2000-ci ildə Azərbaycan Prezidentinin Milli Qvardiyasının Fəxri Qarovulunun mərasim geyimləri üçün eskizlər çəkir, Türk Hərb tarixinə istinadən bu geyimləri praktik olaraq hazırlamaqda iştirak edir.

...Bir də gördün, işimiz başlanar-başlanmaz Vaqif AzərTAc-dakı iş otağımda göründü. “Ay Vaqif, Milli Məclis bəyanat verib, gecə yarımçıq qoydum, indi onun tərcüməsini çatdırmalıyam, ekrandan onu götürüb başqa iş görsəm, məni işdən çıxararlar, axı”...
“Heç nə olmaz, yarım səhifəlik bir şeydi, Mel Qibsona etiraz məktubu yazmışam, tərcümə elə, göndərək... başqa kimə deyim?.. Bu da mənim etirazımdı, gərək hamımız etiraz edək də...”. (Ermənilər dünyaca məşhur Mel Qibsonu aldadıb “genosid”lə bağlı ondan nəsə bir söz almışdılar).

Haqsızlığa, ədalətsizliyə heç dözmürdü. Mənim kimi. Sosial ədalətin, həqiqətin təntənəsi naminə çəkdiyi “yağlı” karikaturalar çox orijinal və koloritlidir – Vaqifin sərraf gözü antipodları çox yaxşı tanıyır, ifşa edirdi.

Olduqca milli düşüncəli, vətənpərvər, ləyaqətli insan idi. Nə gizlədim, bir az da ifrat dərəcədə, maksimalist, yəni. Eynən mənim kimi. Ədalətsizliyə heç dözmürdü, yolsuz və ədalətsiz cəmiyyət onu bezdirirdi. Mənim kimi. Amma hara getsin çox sevdiyi Vətənindən? Düzlük və ədalət axtarışında tez-tez şəbəkə xaricində qalırdı. Eynilə mənim kimi. “Axır səni düzdə qoydu bu düzlük” – Məmməd Arazın bu misrasını tez-tez xatırlayırdıq. Məmməd Arazın vətənpərvər poeziyasını ona da sevdirmişdim. Şairin məzarını bir neçə dəfə birlikdə ziyarət etmişdik.

Vaqif bütün sərgilərə dartırdı məni. Ukraynada əsgərlikdə olanda diviziyanın kitabxanası vardı, Komdiv onun açarını mənə vermişdi. Ali təhsilli sıravi əsgər kimi. JZL seriyasından nə qədər kitab oxudum burada. Dünya rəssamlarının kataloqlarını da burada görmüşdüm, sonralar esselər də yazmışdım. Vaqif bunu bilirdi. İki sərgisinin təşkilinə kömək etdim. Albomlarını ingilis dilinə tərcümə etdim.

...Vaqif bu yaxınlarda zəng vurmuşdu ki, “evi, nəhayət, təmir etdim, sən Allah, ailəni də götür, gəlin bizə”. Uzun illər balaca bir otaqda dörd nəfərlik ailəsi ilə sıxıntı içində yaşayırdı. İndi evi vardı.... Özümdən bilirəm, evsizlik nədir. Məmurların qulağına: “İndi Vaqif Ucatayın da evi var – iki qatdan ibarət”.

Amma niyə belə olsun? Niyə vaxtında verilmir hər kəsin haqqı?.. Bəlkə “Kulis” bilir?...

# 5810 dəfə oxunub

Oxşar xəbərlər

Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...

Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...

11:22 25 dekabr 2025
Əli Çağlanın "Katarina" kitabı Yazıçılar Birliyində təqdim olundu

Əli Çağlanın "Katarina" kitabı Yazıçılar Birliyində təqdim olundu

11:15 25 dekabr 2025
O, gülərüz, sarışın oğlanın nə tez 65 yaşı oldu?! - Tərlanə Yaqubqızı

O, gülərüz, sarışın oğlanın nə tez 65 yaşı oldu?! - Tərlanə Yaqubqızı

11:00 25 dekabr 2025
Baş direktor saxlanıldı

Baş direktor saxlanıldı

10:30 25 dekabr 2025
Yusif Səmədoğlunun qızı:  "Atam həmin hadisədən sonra şəkər oldu..." - Müsahibə

Yusif Səmədoğlunun qızı: "Atam həmin hadisədən sonra şəkər oldu..." - Müsahibə

10:00 25 dekabr 2025
Əli Kərimi məğlub edən şair - Onu niyə Yazıçılar Birliyindən çıxartmaq istəyirdilər?

Əli Kərimi məğlub edən şair - Onu niyə Yazıçılar Birliyindən çıxartmaq istəyirdilər?

09:55 25 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər