“Küləklə sovrulanlar”ın əri tərəfindən döyülən müəllifi Marqaret Mitçell haqqında bilmədiklərimiz

“Küləklə sovrulanlar”ın əri tərəfindən döyülən müəllifi Marqaret Mitçell haqqında bilmədiklərimiz
19 mart 2023
# 10:00

Kulis.az "Küləklə sovrulanlar" romanı ilə dünya şöhrəti qazanan Amerika yazıçısı Marqaret Mitçell haqqında araşdırmanı təqdim edir.

Oğlan olmaq istəyi...

Marqaret Mitçell 9 noyabr 1900-cu ildə Amerikanın Corciya ştatının Atlanta şəhərində anadan olub. Onun atası şəhərin tanınmış vəkillərindən biri olan Yucino Mitçell, anası isə tanınmış feminist və Atlantanın birinci ledisi hesab olunan fransız əsilli Meri İzabella Stivins idi. Marqaretin anası dövrünün məşhur xanımı olmaqla yanaşı, həm də modanı, incəsənəti yaxından izləyən, onların yenilənməsinə təsir edən qadınlardan biri olmuşdur. Marqaret ailənin üçüncü övladı olur. Onun özündən böyük iki qardaşı olsa da onlardan ortancılı hələ uşaq yaşıda dünyasını dəyişir. Marqaretin babası Rassel Krofurd Mitçell ölkənin cənubunda baş qaldıran vətəndaş müharibəsinin iştirakçısı olur və cəbhədən evinə ciddi yaralar alaraq qayıdır.

Hələ uşaq yaşlarından Marqaret dostlarını valehedici nağıl danışmaq qabiliyyəti ilə heyrətləndirir. Sonralar da yaşıdları onun danışdığı əhvalatları heyranlıqla dinləyirlər. Qızcığaz böyüklərindən eşitdiyi Vətəndaş Müharibəsinin (1861-1865) dəhşətlərini, vəkil işləyən atasının rəvayətlərini yaddaşında həkk edir. Marqaret atasının başqa cəhətlərini də öyrənir - dəqiq düşüncə, həqiqətə hörmət və yumor hissi. Onun tərbiyəsi və təhsili ilə anası məşğul olur. Ana inadcıl qızında oxumağa maraq oyatmaq üçün ona kiçik pul mükafatları verir, təhsilin vacib olduğuna inandırmağa çalışır.

İllər ötür Marqaret 11 yaşına çatır. O, nəinki ədəbiyyatı bilməklə yaşıdlarını arxada qoyur, hətta özü hekayə və pyeslər də yazır. Ailə yeni və dəbdəbəli evə köçəndə qız qonaq otağını teatra çevirir, gənc aktyorlar truppası isə onun pyeslərini oynayır. Ən yaxşı rolları isə o, özünə saxlayır. Oğlan doğulmadığı üçün həmişə təəssüflənən Marqaret şalvarda gəzir, ponidə çapır, ağaclara dırmaşır, gənc ledi kimi rəqs məktəbinə gedir, bal qaydalarını mükəmməl bilir və çox gözəl rəqs edirdi. İlk romanını “Lost Laysen”i isə o, on beş yaşının tamamında yazır.

İlk məhəbbətin ağır zərbəsi...

Orta məktəb təhsilini bitirdikdən sonra Marqaret Massaçusets ştatındakı perestijli kolleclərdən biri hesab olunan Smit qızlar kollecinə qəbul olunur. Gözəlliyi ilə bir çoxlarının qəlbini fəth etmiş gənc Marqaret Klifford Henri adlı leytenanta vurulur. Qısa vaxt ərzində bu iki gənc bir-birlərinə bağlanırlar. 1918-ci ilin oktyabr ayında Klifford müharibəyə yola düşür. Bir neçə aydan sonra Marqaret gənc leytenantın ölüm xəbərini alır. Kliffordun ölümü Marqaretə ağır zərbə vurur. O, uzun müddət öz leytenantını unuda bilmir. Ömrünün sonlarına qədər isə Kliffordun doğum günlərində onun qəbrini ziyarət edir.

Sevgilisinin ölümündən sonra Marqaret daha ağır bir itkiylə üzləşir. 1918-ci ildə bütün dünyanı bürümüş, milyonlarla insanın ölümünə səbəb olan “ispan qripi” adlı virus onun ailəsindən yan ötmür. Marqaretin anası həmin qripə yoluxaraq dünyasını dəyişir. O, kollecdəki təhsilini yarımçıq qoyub Atlantaya qayıdaraq ev sahibəliyini öz üzərinə götürməyə məcbur olur.

Sevməyi bacarmıram deyən qadın

1921-ci ildə o, artıq dövrünün yeni yazmağa başlayan gənc yazıçıları, jurnalistləri, tələbələri ilə tanış olmağa başlayır. Elə həmin ərəfədə Marqaret 26 yaşlı Con Marş ilə tanış olur. Həddindən artıq tələbkar və ciddi insan olan Con Marqareti gördüyü andan ona vurulur. Deyilənlərə inansaq həddi-buluğa çatmış Marqaretin həmin dövrdə qırxa yaxın həqiqi heyranı varmış. Lakin, təbiət etibarı ilə soyuqqanlı və ciddi olan Marqaret heç kimə əhəmiyyət vermir, pərəstişkarlarının hamısını rədd edir. Kentukki ştatındakı universitetdə təhsil alan Con isə universiteti bitirən kimi Marqaretə yaxın ola bimək üçün həmin şəhərdən ayrılıb Atlantaya köçür.


Lakin, valehedici Marqaret ətrafında onu sevən çoxsaylı pərəstişkarlarından vaz keçmək istəmir. Conun onun üzərində belə tezliklə qələbə çalmasına necəsə mane olmağa çalışıraq deyir:

“Mən kişiləri sevmək istəyirəm. Həm də çox arzulayıram ki, onlar məni başqa qadınlardan daha çox sevsinlər. Çox istərdim ki, ərə gedim, dünyaya uşaq gətirim, ərimə kömək edib, uşaqlarımın sağlam böyüməsi üçün əlimdən gələni edim. Lakin, bədbəxtlik burasındadır ki, mən çox güclü sevməyi bacarmıram.”

Hədiyyə olunan yazı makinası...

1922-ci ildə Marqaret Conla yanaşı başqa bir pərəstişkarı Berrien Apoşla da görüşməyə başlayır. Sərxoşluğu ilə həddindən artıq məşhur olan Berrien necə olursa üstünlüyü əldə edir. Ailəsinin və qardaşının qəti narazılığına baxmayaraq Marqaret 1922-ci ildə Berrien Apoşla ailə qurur. Marqaretin şəxsi həyatına dair inadkarlığı öz bəhrəsini vermir. Onun Apoşla olan həyatı cəhənnəmə çevrilir. Ər daima içkili və qəzəbli olur. O, Marqareti təhqir edir, döyüb alçaldır. Bütün bunlardan bezən Marqaret ağır depressiyaya düşür. Əsəbləri tamamilə sıradan çıxır. O, uzun müddət nevroloji və psixoloji müalicə almalı olur. Deyilənlərə görə kölgə kimi daima onu izləyən Con Marşın köməkliyi olmasa Marqaret daha dərin uçuruma yuvarlana bilərdi. Lakin, Conun həqiqi məhəbbəti və qayğısı onu düşdüyü çətinlikdən xilas edir. Con Marqaretə qarşı olan incikliyini və qısqanclığını bir kənara qoyub ona kömək əlini uzadır. Marqaret tezliklə “Atlanta” jurnalında işə düzəlir. Jurnalın redaktoru Marqareti işə götürmək istəmir. Çünki, həmin ərəfədə Amerikada reportyorluq kişi sənəti hesab olunurdu. Lakin, gənc qadın birtəhər işə düzəlməyə müvəffəq olur. O, həvəslə reportyorluq fəaliyyətinə başlayır. Və elə ilk günlərdən uğur əldə edir. Dövrün seks simvolu, səssiz filmlərin ən yaxşı aktyoru hesab olunan Ruddolf Valentinodan il iri həcmli müsahibəni də məhz o, götürür. Bu müsahibə həmin dövrdə Amerika mətbuatında xeyli səs-küy yaradır.

Hələ subay vaxtlarından Marqareti çox sevən Conun anası ilə Marqaret bir müddət incik olsalar da sonralar onlar tez-tez məktublaşmağa başlayırlar. Gələcək qayınanasına yazdığı məktubların birində o, Cona olan məhəbbətini belə izhar edir:

“Sizə bildirmək istəyirəm ki, mən oğlunuzu ürəkdən sevirəm. Onun mənə olan məhəbbətinə və sədaqətinə isə etibarım sonsuzdur.” Nəhayət hər kəsin gözlədiyi gün gəlib çatır. Marqaret 1925-ci ildə Apoşdan ayrılaraq Con Marşla ailə həyatı qurur. Ailə və iş həyatı Marqaretin arzuladığı kimi davam edir. Lakin tale elə gətirir ki, Marqaret keçirdiyi bir qəza ucbatından topuğunu zədələyir. Və bu zədə ona gündəlik həyatda aktiv olmağa imkan vermir. Belə olan halda o, işdən çıxmalı və evdə oturmalı olur. Evdə olduğu müddətdə isə daima mütaliə edir. Marqaretin mütaliə etdikcə yazıya artan tələbatını hiss edən Con tezliklə ona yazı makinası hədiyyə edir. İndi kitab oxumaqla yanaşı Marqaret həm də oçerk məqalə və kiçik hekayələr yazır. Sonralar isə tərəddüd etmədən 1861-1873-cü ilə qədər Amerikada baş vermiş hadisələri yazmağa başlayır. Bu barədə isə tarixi bilgiləri o, həmin dövrün canlı şahidi olan nənəsindən almağa başlayır.

Gözlənilməz uğur və yarımçıq qalan ömür.

Yazıçıya dünya şöhrəti gətirən “Küləklə sovrulanlar” romanı on il müddətində yazılır. 15 mart 1936-cı ildə dəfələrlə redaktəyə məruz qalmış “Küləklə sovrulanlar” romanı işıq üzü görür. İyulun 30-da isə kitab satışa çıxır. Bir ay ərzində kitabın satış sayı 200 min tirajı keçir. Bir ildən sonra isə bir milyonu. Kitab böyük maştablı uğur qazanır. Mitçell üçün bu qədər güclü uğur gözlənilməz olur. O, onu görmək istəyən oxuculardan və jurnalistlərdən gizlənmək üçün cürbəcür yolar axtarmağa başlayır. Roman 1937-ci ildə Amerikanın nüfuzlu “Pultizer” mükafatına layiq görülür. Professional tənqidçilər isə narazılıqlarını dilə gətirirlər, onların fikrincə, roman bu böyük mükafata layiq deyil. Tənqidçilər yazırdılar ki, romanın dəyəri oxucularının sayı ilə ölçülə bilməz, oxucu kütləsinin sayı romanın bədii dəyəri kimi qiymətləndirilməməlidi. Məşhur fantast Herbert Uellsin "Rüzgarla sovrulanlar" romanı haqqındakı fikirləri cığal, iddialı və özlərindən müştəbeh tənqidçilərin mübahisələrinə son qoydu. H.Uells yazır: "Bu kitab bir sıra möhtərəm klassiklərdən daha yaxşı yazılıb".

1939-cu ildə rejissor Viktor Fleminq romanı ekranlaşdıranda Red Batler obrazını tərəddüd etmədən Klark Heyblə verdi. Heybl əvvəlcə bu obrazın böyük məsuliyyət tələb etdiyini bəhanə gətirərək filmdə oynamaqdan boyun qaçırmağa çalışır. Amma Heybl bu rolda çəkilir. Və bu rol ona böyük şöhrət gətirir.

Skarlettin roluna çəkilən aktrisa Vivyen Li isə 1400 namizəd arasından seçilir. Lakin yazılı məlumatlara görə Vivyen “Küləklə sovrulanlar” romanını oxuyur. Və belə qərara gəlir ki, həmin əsərin ekran versiyası üçün hazırlanan ssenarinin baş qadın rolunu çox gözəl ifa edə bilər. Bunun üçün də o, öz agentini məcbur edir ki, filmin prodüsseri Devid Selzniki Vivyeni Skarlet roluna təsdiq etmək üçün yola gətirsin. Filmin prodüseri ona təklif olunmuş aktrisaların filmlərini nəzərdən keçirir. Eləcə də Vivyen Linin bütün filmlərinə baxır. Bir müddət sonra o, filmin rejissoruna belə bir gizli məktub yazır. “Mən bu yeni qıza ümid edirəm.” Həmin ərəfədə Vivyen Devid Selznikin qardaşı Mayronla görüşür. Mayron onunla tanış olduqdan sonra əmin olur ki, qardaşının axtardığı aktrisa məhz Vivyendir. Bütün bu proseslərdən sonra filmin rejissoru da Vivyeni həmin rolda görməyə razılaşır. Vivyen öz arzusuna çatır və rəqiblərini arxada qoyaraq çətinliklə də olsa, Skarlet roluna təsdiq olunur. Li yazıçının gəncliyinə çox bənzəyirdi. Skarlettin anasını oynayan aktrisa isə Vivyen Lidən cəmi bir yaş böyük idi.

Yazıçının doğma şəhəri Atlantada filmin premyerası böyük uğur qazandı, bu film “Oskar” almış ilk rəngli film kimi də tarixə düşüb. Filmdən sonra Marqaret Mitçell daha da məşhurlaşdı. Naşirlər ondan yeni roman istəyirdilər. Bütün şirnikdirici şərtlərə rəğmən Mitçell "Küləklə sovrulanlar" romanından başqa heç nə yazmır. Atasının və ərinin xəstəliyi onun başını qarışdırır.

1949-cu ilin avqustun on birində Marqaret Mitçell əri Con Marş ilə evdən çıxıb kinoteatra gedir. Yolu keçən zaman sərxoş taksi sürücüsünün idarə etdiyi avtomobil Marqareti əzir. Xəstəxanada cəmi bir gün yaşayan yazıçı ertəsi günü həyatla vidalaşır.

# 2101 dəfə oxunub

Oxşar xəbərlər

İbrahim Tatlısəslə Yıldız Tilbe barışdı

İbrahim Tatlısəslə Yıldız Tilbe barışdı

18:30 19 iyul 2024
Mironov film xəbərini təkzib etdi

Mironov film xəbərini təkzib etdi

17:38 19 iyul 2024
Milyonluq toyda iştirak edən məşhurların qonorarı - Siyahı

Milyonluq toyda iştirak edən məşhurların qonorarı - Siyahı

16:06 19 iyul 2024
Zopa və ya kötək “qanun”u: vicdanlı jurnalist...

Zopa və ya kötək “qanun”u: vicdanlı jurnalist...

13:45 19 iyul 2024
Rihanna Olimpiadanın rəsmi sponsoru oldu

Rihanna Olimpiadanın rəsmi sponsoru oldu

12:45 19 iyul 2024
Cavidan Novruz:  "Amansız ölüm atama imkan vermədi bunu görsün"

Cavidan Novruz: "Amansız ölüm atama imkan vermədi bunu görsün"

11:19 19 iyul 2024
#
#
# # #