Kitab oxuyan adama niyə pis baxırlar? - İlkin Öz yazır...

Kitab oxuyan adama niyə pis baxırlar? - İlkin Öz yazır...
2 iyun 2023
# 16:48

Kulis.az İlkin Özün "Kitab oxuyan adamlara niyə pis baxırlar?" adlı yazısını təqdim edir.

“Gəl sənə təsəlli verim
Darıxma düzəlməyəcək”.

Salam Sarvan

Bu yaxınlarda Seymur Baycanın “Mənim Mübarizəm 5” kitabında qarşıma maraqlı bir epizod çıxdı, baş ağrısı olmasın, həmin hissəni sizin üçün isti-isti tirajlamaq istəyirəm:

“Ədəbiyyat niyə lazımdır? Bədii ədəbiyyatın verdiyi xeyir nədir? Biz niyə ədəbiyyat oxumalıyıq? Nədənsə ədəbiyyatın lazımlığı haqqında söhbət gedərkən ədəbiyyat əleyhdarları tez kainatın genişliyini, texnologiyanın inkişafnı xatırlayırlar və bunlardan əks arqument kimi istifadə etməyə çalışırlar. Kainatın genişliyini heç kim inkar etmir. Lakin kainatın genişliyi, qalaktikalar, planetlər bizim ən adi məişət qayğılarımızı belə unutdura bilmir.”

Deməli, bu kiçik müqəddimə mənə dostumla ədəbiyyatın bizim üçün nə dərəcədə lazım olub-olmaması ilə bağlı aramızda baş verən müzakirəni xatırlatdı və həmin müzakirəni yazıya almaq qərarına gəldim.


Keçən dəfə yaxın dostumla dənizkənarına gəzməyə çıxmışdıq. Sözün düzü, o bikar idi, mənsə sevgilimdən təzəcə ayrılmışdım deyə havamı dəyişməyə, fikrimi dağıtmağa ehtiyacım vardı. Bu nakam sevgilərim həmişə başıma bəla olub, nəsə bu ayrı mövzudu, bəlkə, sonra bu barədə yazdım. İndi daha vacib bir məsələmiz var.

Hə, onu deyirdim axı, dostumla bir az gəzişdikdən sonra yenə darıxmağa başladım. Elə bil ciyərlərim oksigenlə tam təmin oluna bilmirdi. Bir neçə dəfə sahilin ətrafında zəvvarlar kimi dövrə vurduqdan sonra ona dedim ki, mən evə qayıtmaq istəyirəm. Haqlı olaraq soruşdu: "Niyə ki? İndi gəlmişik elə”.

Cavabında dedim:

- Yarıda saxladığım kitablar var. Onları bitirməliyəm. Həm də ki, burada artıq nəfəsim çatmır.

Dostum (eyni zamanda tələbə yoldaşım) yarı istehzalı, yarı ciddi bir görkəm alıb dilləndi:

"Qardaşım, sən nə qədər kitab oxuyursan? Dəlisən e... Başın burax bu ədəbiyyat, kitab-mitab söhbətlərinin?Niyə bu peşənin arxasınca gedirsən? Guya ölkədə kitab oxuyan var? İndi əsas məsələ pul qazanmaqdır. Hər şeyi həll edən puldur. Ədəbiyyat sahəsində pul yoxdur. Uzaqbaşı 50-60 il yaşayıb sonra öləcəyik. Onu da heç olmasa, adam kimi yaşayaq. Bax buna görə də başını burax bu işlərin. Get bizneslə-zadla məşğul ol, özünə iş-peşə tap. Bir dəfəlik başa düş ki, bu ölkədə yazıçı-şairə qiymət verilmir!”.

Onunsözləri nisbətən ağlabatan idi. Eləcə başımı təsdiq əlaməti kimi yelləyərək fikirlərinə öz münasibətimi bildiridim:

- Əvvəla, dediklərində müəyyən qədər həqiqət payı olsa da, bilmədiyin məqamlar var. İlk olaraq haqlı olduğun tərəfləri sənə deyim. Düz deyirsən ölkəmizdə əhalinin mütaliə mədəniyyəti demək olar ki, yox səviyyəsindədir, hətta kitab oxuyan adamlara deyərdim hardasa pis baxırlar. Çünki “ali” təfəkkürlü, kitab oxumayanlara elə gəlir ki, kitab oxuyan insanların məqsədi artistlik eləmək, özünü gözə soxmaqdır (hərçənd ki, belələri də var), sözüm onda deyil. Amma bu o demək deyil ki, ölkəmizdə yerli-dibli kitab oxuyan yoxdur. Şübhəsiz, az da olsa da var. İkincisi, ölkəmizdə yazıçı-şairə, ümumiyyətlə, incəsənət xadimlərinə lazımınca qiymət verilmir, haqlısan. Amma bu da o mənaya gəlmir ki, onları kimsə saya almır. Cüzi də olsa, dəyər verən, hörmət edən var (və ya ən azından belə ümid edək)... Gələk sənin bilmədiyin nüanslara. Razıyam səninlə, rahat, komfortlu həyatı kim istəməz ki? Yaşamaq üçün, əlbəttə, pul lazımdır. Mənə də, sənə də, ona da... Amma pul, ümumiyyətlə, maddi varlıqlar həyatın mənası ola bilməz! Bunu vaxtilə dahi şairimiz Nizami Gəncəvi belə ifadə etmişdi:

“Nə şəhvət, nə yuxu, nə də ki, yemək.
Həyatın mənası olmasın gərək.
Yatmağı, yeməyi bu aləmdə sən,
Eşşək, öküzdə də görə bilərsən”.

Bax, Mirzə Cəlil haqlı olaraq yazmışdı: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur”.

Göründüyü kimi, hələ iki dahimizdən sitat gətirdim. İndi özün fikirləş bəyəm bu aydınlarımız yaşamır? Xeyr! Onları yazdıqları-yaratdıqları həmişə yaşadacaqdır. Ona görə də insan gərək özündən sonrakı nəsilə hansısa bir iz saxlamalı, yaxşı mənada yadda qalmalıdır. Yoxasa nə var mənasız, tüfeyli həyat sürməyə. Belə bir fikir var “ölmək asandır əsas məsələ yaşaya bilməkdir”. Müəllifin adını unutmuşam, söz yox, lakin bunun çox dərin məzmunlu fikir olduğuna şübhəm yoxdur”.


Sözün açığı, mənim sözlərim dostumun düşüncələrində bir qram da nəyisə dəyişmədi. Amma məsələ odur ki, ən azından insanları ədəbiyyat, kitabla barışdırmağın yollarını birlikdə axtarıb tapmalıyıq. Əlbəttə, tək bizim buna gücümüz çatmaz. Belə həyatı əhəmiyyətli qayə naminə Mədəniyyət Nazirliyi müxtəlif ədəbi müsabiqələr təşkil etsə, düşünürəm, müəyyən mənada insanlar arasında mütaliəyə maraq yarana bilər. Bu qiraət, şeir, hekayə müsabiqəsi ola bilər. Ya da, nə bilim, onsuz AYB-dən əlimizi üzmüşük. Heç olmasa, ədəbi mühitə can atan, ciddi ədəbiyyatla məşğul olmaq istəyən, xalqına ürəyi yanan gənclərə dövlət daha çox diqqət ayırsın, daha çox qayğı ilə yanaşsın ki, biz də ən azından “sən yazıçı olsan, acından öləcəksən” sözünə qarşı deməyə sözümüz, bu sözdən sonra yazmağa üzümüz olsun...

# 1077 dəfə oxunub

Oxşar xəbərlər

“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Yoxsa belə olmazdı! - Oxucusuz kitab sərgisindən reportaj

Yoxsa belə olmazdı! - Oxucusuz kitab sərgisindən reportaj

16:30 23 aprel 2024
#
#
# # #