İlahi hidayət

Hidayət Heydərov

Hidayət Heydərov

30 iyul 2024
# 11:51

Kulis.az Nadir Yalçın yeni yazısını təqdim edir.

“Paris – 2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində bir təxribatın şahidi olduq. Əslində, bu, təzə bir şey deyildi. Müxtəlif vaxtlarda, xüsusən, Azərbaycanın parlaq Zəfərindən sonra belə qıcıqlandırıcı və gülüncdoğuran həmlələrin sayı birə beş artıb. Açılış zamanı aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı: “Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib” – fikirlərini səsləndirdilər. Azərbaycan komandası keçəndə isə aparıcı Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim etdi.

Təkcə, bu mənzərə kifayət edirdi ki, Hidayət Heydərovun Fransada fransız oyunçu ilə qarşıdurmasının nəticəsini iki qat səbirsizliklə gözləyək...

Hidayət əslən Qafqaz dağlarının cənubunda, Şirvan düzündə yerləşən Alxasava kəndindəndir və hər şeydən əsas, Ermənistanla toqquşan Qafqaz respublikasının vətəndaşıdır. Açılış mərasimindəki təxribatyönümlü fikirlərə cavab kimi öc almaq məhz bu qafqazlı balasının qismətinə yazılıbmış. Özü də oyundan sonra verdiyi müsahibədə dediyi kimi, “Biz həmişə qalib gələcəyik, çünki qalib xalqın övladlarıyıq”.

Hidayətin qələbəsi həm də “Paris – 2024”də mübarizəsini erkən dayandıran idmançılarımıza qaragüruhlardan yağdırılan tənələrə tərs şillə idi. Bu insanların bəziləri heç beş kiloqramlıq kartof kisəsini 10 metr kənara apara bilmir. Amma sosial şəbəkələrdəki şərhlərdə əzələ nümayiş edirlər. O əzələlərin əsl sahibləri bu gün Parisdədir; Hidayət və digər azərbaycanlı oyunçular...

Ərazi suverenliyi yenicə bərpa olmuş, haqq savaşından təzəcə çıxmış ölkənin vətəndaşlarının ürəyini sevindirməyə bir medal belə kifayət etməlidir, axı bu medalla ermənilərin dostu Fransadan qayıdırıq...

Yay Olimpiya oyunlarında ilk qızıl medalı 1992-ci ildə – Qarabağın qarış-qarış işğalı alovlanan zamanda Nazim Hüseynov qazanıb. Ondan 16 il sonra, 2008-ci ildə Elnur Məmmədli tarixi təkrarlayıb. Daha 16 il sonra isə, Hidayət Heydərov öz müəlliminin – Elnur Məmmədlinin əziyyətinə, öz əzminə cavab kimi Azərbaycan Himnini Fransada səsləndirdi və açıqlamasında qartal ədası ilə dedi: “Fransız xalqı Azərbaycan Himnini ayaq üstə dinləyəcək”.

Hidayət Heydərov həm 1/8, həm 1/4, həm yarımfinalda və nəhayət, finalda – bu mərhələlərin hər birində öz rəqibinə əlavə vaxtda qazandığı xalla qalib gəlib. Baxın, İlahi hidayət məsələsi burda özünü göstərir. “Hidayət” kəlməsini eşidən kimi dini ayələrdə, hədislərdəki “haqq yoluna gəlmək” ifadəsini xatırlayırıq. Tanrı bu əlavələrdə oyunun zamanını və nəticəsini haqq-ədalətə hidayət elədi.

Bu, bir nizamdır – İlahi hidayət!

Bundan sonra “hidayət” kəlməsi eşidiləndə paralel olaraq, Hidayət Heydərovu xatırlayacağıq və İlahi hidayəti...

Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” adlı pyesi və 1976-cı ildə bu pyes əsasında ssenariləşdirilən, ekrana vəsiqə qazanan “Dərviş Parisi partladır” filmini çoxunuz yaxşı xatırlayırsınız. Həmin pyesdə elm dalınca getmək istəyən obrazla yanaşı, cahil, xurafata inanan obrazları da görürük və Axundzadənin tənqid hədəfi həmin ikinci qövmdür. Dərviş cadu edir və həmin vaxt təsadüfən Parisdə inqilab baş verir, kral qaçır. Elə bilirlər ki, həqiqətən Parisi partladan Dərvişin cadusu olur.

Bu dəfə isə nə cadu-filan var idi, nə də təsadüf. Hər şeyi Hidayət etdi!

# 3176 dəfə oxunub

Oxşar xəbərlər

Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri

Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri

17:45 23 oktyabr 2025
Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"

Mark Eliyahu: "Ondan həm musiqini, həm də həyatı öyrənirəm"

17:13 23 oktyabr 2025
Luvr muzeyində  ən böyük oğurluq  nə vaxt olub?

Luvr muzeyində ən böyük oğurluq nə vaxt olub?

17:08 23 oktyabr 2025
Şeyx Əbdül:  "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"

Şeyx Əbdül: "Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı"

17:01 23 oktyabr 2025
Məşhur türk aktrisa vəfat etdi

Məşhur türk aktrisa vəfat etdi

16:46 23 oktyabr 2025
"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında  məşhurlaşmışdı?

"Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında məşhurlaşmışdı?

16:35 23 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər