"Heç kimdən ədalət ummağa dəyməz" - Etimad Başkeçid

"Heç kimdən ədalət ummağa dəyməz" - Etimad Başkeçid
1 noyabr 2023
# 11:05

Kulis.az Etimad Başkeçidin yeni yazısını təqdim edir.

Sosial şəbəkələr hansısa məsələlərlə bağlı ədalət tələb edən insanların statusları ilə aşıb-daşır.

Bu bir həqiqətdir ki, demək olar, bütün şərq ədalət axtarışındadır. Qardaş Türkiyənin bütün ədliyyə binalarında və məhkəmə salonlarında «Ədalət mülkün təməlidir!» şüarı asılıb. Bəzən Atatürkün adına çıxılsa da, islami yanaşmanı əks etdirən bu sözlərin müəllifliyi xəlifə Ömərə aiddir. «Mülk» burada, klassik ədəbiyyatdan da bilindiyi kimi «dövlət» anlamını ifadə edir: yəni «Ədalət dövlətin təməlidir».

Burada qəribə heç nə yoxdur, ona görə ki…

Ümumilikdə islamın etikasını bir sözlə ifadə etmiş olsaydıq, bu hansı söz olardı? Uzun düşünməyə ehtiyac yoxdur – ƏDALƏT. Necə ki, məsələn, xristianlıda bu, «sevgi», Konfutsiçilikdə «ritual», «əcdad kultu»dür və s.

Bu mənada, yəhudi böyüklərindən birinin dediyi kimi, hər kəs öz əncir ağacının altında oturub.

Əziz dostlar, gözəl insanlar, bəzən dediklərimi, yazdıqlarımı yanlış yerə yozurlar – guya mən nələrəsə qarşı çıxıram, nə bilim, aləmə adət olan mənə bidətdir, filan. Ama bu sadəcə refleksiyadır. Ona görə, «bizimlə deyilsə, bizə qarşıdır» ortaçağ təfəkkürü ilə yaşayanlar rahat olsunlar.

"Ədalət" anlayışının dini tərəflərini bir kənara qoyuram, bununla teoloqlar məşğul olsalar yaxşıdır.

"Ədalətin hanı, dünya?" – Şərq insanının bu qulaqbatıran fəryadı səngimək bilmir.

Şərq insanına elə gəlir ki, hardasa onun bütün «emosional ehtiyaclar»ını ödəyə biləcək bir «ədalət» var, kimlərsə onu oğurlayıb, bərk-bərk gizlədib. Çoxsaylı nağıllarda Ayı oğurlayan pis məxluqlar kimi. Milyonlarla insanın bütün həyat enerjisi bu ilğıma doğru qaçmağa sərf olunur.

Çoxu fikirləşmək də istəmir ki, bu universal anlayış deyil – nə qədər insan varsa, bir o qədər də ədalət qavramı var bu dünyada. Ədalət haqqında təsəvvürlər antik zamanlardan bu yana dəyişilə-dəyişilə gəlir və belə görünür ki, bu proses heç vaxt qurtarmayacaq. İstər akademik sferada, istərsə də məişət həyatında. Həşəmətli Paskalın təbirincə, ədalət qadın bəzək-düzəyi kimidir, dəbə görə dəyişir.

N. Qoqolun məşhur əsərində Taras Bulba dönük oğlunu vurub öldürür. Taras Bulbanın zamanında belə şeylərə görə adama "gözün üstə qaşın var» demirdilər – xəyanətin cəzası ölümdür. Amma indi Tarasın bu hərəkəti yalnız təəccüb və heyrət doğurur – insan öz övladını necə öldürə bilər? Demək ki, humanizm bu məsələdə də təshihlər aparıb, artıq «dişə diş, gözə göz" prinsipi işləmir. Yəni bu cəza növü ədalətli sayılmır.

Belə misalların sayı-hesabı yoxdur.

"Master və Marqarita"da ədalətli hakim rolunda şeytanın özü çıxış edir – Voland Varenuxanı telefonda yalan-palan danışdığına, Sempleyarovu arvadına xəyanət etdiyinə, Korovyovu rüşvət aldığına görə cəzalandırılır. Şeytanın hakim rolunda çıxış etməsi təsadüfi deyil, çünki bu məsələ birbaşa etikanın əsas paradokslarından biri ilə bağlıdır – insanları mühakimə etmək işini sıradan olan, miyanə adamlara həvalə etmək olmaz; ağıllı, arif adamlar isə bu işi görmək istəmirlər. Niyəsi də məlumdur: aqil adamlar başqalarının taleyi ilə bağlı qərar verəcək qədər mükkəmməl varlıq olmadığının fərqindədir.

Digərlərindən fərqli olaraq. Ona görə, əsasən «digər»ləri hakimlik edir….

Dostoyevski yazır ki, rus xalqının ən səciyyəvi özəlliyi – ədalət hissi və istəyidir.

Sizə elə gəlmirmi ki, rusların sivilizasiyaya düz-əməlli qovuşa bilməməsinin başlıca səbəbi «ədalət hissinin və istəyinin» tüğyan eləməsindədir? Zəngin rus mədəniyyəti ilə işim yoxdur, söhbət postmədəniyyət hadisəsidən gedir. Nəsnə nə qədər köhnədirsə, mədəniyyət üçün o qədər dəyərlidir, sivilizasiya isə daha çox yeni olan şeylərə istinad edir.

Əziz dostlar, söhbəti uzatmadan demək istəyirəm ki, heç kimdən ədalət ummağa dəyməz. Özünüzü bihudə yormayın. Ən azından ona görə ki, çox zaman insanlar onlardan nə umduğunuzu belə kəsdirə bilmir...

# 2310 dəfə oxunub

Oxşar xəbərlər

Ariana Qrandedən Ağ Evə sərt etiraz

Ariana Qrandedən Ağ Evə sərt etiraz

10:30 12 iyun 2026
“Maqadan: Sonuncu dayanacaq”  kitabı təqdim olundu

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olundu

18:20 11 iyun 2026
"O, "öldürəcəyəm" deyərək zombi kimi üstümə gəlirdi" - Bir cinayətin pərdəarxası

"O, "öldürəcəyəm" deyərək zombi kimi üstümə gəlirdi" - Bir cinayətin pərdəarxası

17:30 11 iyun 2026
Rəşad Məcid: "Sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir"

Rəşad Məcid: "Sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir"

16:46 11 iyun 2026
Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

15:00 11 iyun 2026
"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun  Şekspirlə münasibəti necə idi?

"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun Şekspirlə münasibəti necə idi?

13:30 11 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər