Kulis.az Firidun Ağazadənin “Olum, yoxsa ölüm?” yazısını təqdim edir.
Görkəmli Azərbaycan dramaturqu, teatr sənətimizin görkəmli nümayəndəsi Cəfər Cabbarlı V. Şekspirin məşhur “Hamlet” faciəsini tərcümə edərkən dilimizə belə bir ifadə gətirmişdir: “Olum ya ölüm”.
Görək, Cəfər Cabbarlının tərcüməsində “ya” nədir? Qrammatik funksiyası haqda geniş izaha varmadan, deyək ki, “ya”, qrammatikamıza görə, bölüşdürmə bağlayıcısıdır. Amma orijinaldakı “or” bağlayıcısı üçün daha çox (!) qarşılaşdırma bağlayıcısı (ədatı) - “yoxsa” münasibdir, çünki Hamletin qərarında alternativlik var, əksliklərin mübarizəsi, toqquşma var, onun qisas niyyətində tərəddüd var, seçim etmək istəyi var.
Seçim etmək istər-istəməz sual intonasiyası doğurur: hansını seçim – yaşamağı, yoxsa ölməyi? Olmağı yoxsa olmamağı (ölməyi)? Hamletin “seçimi” “ya” bölüşdürmə bağlayıcısını da sual intonasiyasına qoşur və bütövlükdə ifadənin sualla deyilişinə sövq edir. Odur ki, aşağıda görəcəyiniz kimi bu ifadənin yazılışı zamanı bir çox hallarda (başqa dillərdə də) “olum ya ölüm”dən sonra sual işarəsi (hətta suallı nida) qoyulur – “Olum ya ölüm?! Budur məsələ”.
Çünki rus dilindəki “или, иль, либо” daha çox (!) “yoxsa” deməkdir.
Ümumiyyətlə, “Hamlet” faciəsi əksliklər dramıdır, səhnədə mənəvi ziddiyyətlər qarşı-qarşıya, baş-başa gəlir. Monoloqun içində də C. Cabbarlı bir neçə dəfə “yoxsa” sözündən istifadə edərək “to be or not to be” dilemmasının həlli üçün obrazın tərəddüdünü kəskin şəkildə ifadə edir. Burada qüvvətləndirci ədat olan “yoxsa” sözü çox yerinə düşür, dramatik vəziyyəti daha da görünən edir.
Bir baxın: “Olum, yoxsa ölüm? Budur məsələ” (ifadə daxilində və sonda işlənən durğu işarəsindən aşağıda bəhs edəcəyik).
Əvvələn, “Hamlet” səhnə əsəridir, dramaturqlar fikirlərin toqquşması, əksliyi, kolliziyası, qarşılaşdırılması ilə fikrə, hadisələrə hərəkilik, səhnəyə teatrallıq, canlılıq, dinamika verir. Bunun üçün isə “yoxsa” daha (!) adekvatdır. Doğrudur, müvafiq intonasiya ilə deyiləndə “ya” da bu alternativliyi ifadə edir, amma istədiyimiz qədər yox (Məşədi İbad demişkən, “bir o qədər yox”).
İkincisi, C. Cabbarlı əsəri rus dilindən tərcümə edib (düzdür, ədib qeyd edir ki, “Hamlet”in “digər dillərdə olan variantlarına da baxdıq”), amma mənbələr deyir ki, monoloqun tərcüməsində C. Cabbarlı üçün Boris Polevoyun tərcüməsi əsas olmuşdur (2013-cü ilin məlumatına görə, XX əsrin axırları üçün “Hamlet” faciəsinin rus dilinə ən azı 32 tərcüməsi məlum idi – bunlar A.Sumarokov, M. Viskovatov, M. Vronçenko ... Boris Pasternak, Mixail Lozinski, Samuel Marşak və başqalarıdır. Hələ ki, Mixail Lozinskinin və Boris Pasternakın tərcümələri ən mükəmməl tərcümə hesab edilir. Üstəgəl, M. Lozinskinin “daha yaxşı” hesab edilən tərcüməsində birinci misra fərqli səslənir: “Быть или не быть, — таков вопрос; – F.A.).
Orijinaldakı “to be or not to be” ifadəsinin dilimizə tərcüməsi ilə bağlı danışarkən ingilis dilinin mötəbər bilicisi, böyük dilşünas alim İsmixan Rəhimov yazır: “...Bu monoloqda tərcüməçilərin və tədqiqatçıların diqqətini cəlb edən “to be or not to be” ifadəsi olmuşdur.
Rus dilinə bu məşhur ifadəni ilk dəfə 1775-ci ildə M. İ. Pleşşeyev “жить или не жить” kimi, zəif və mənaca yanlış tərcümə etmişdi. Pleşşeyevdən sonra A.L.Sokolovski də bu misranı “жить или не жить”, D.V.Averkiyev isə “жизнь или смерт” kimi tərcümə etmişlər.
B. Polevoy ilk dəfə olaraq bu misranı rus dilinə “быть или не быть” kimi tərcümə etmiş, faciənin bütün ideyasını birləşdirən, bəlkə də bəşəriyyəti düşündürən bu sualın demək olar ki, bədii cəhətdən ən optimal variantını tapmışdır.
B.Polevoydan sonra istər inqilabdan əvvəlki, istər inqilabdan sonrakı rus tərcüməçiləri bunu olduğu kimi saxladılar. “To be or not to be” ifadəsinin hərfi mənası “olmaq ya olmamaq” (“olmaq, yoxsa olmamaq” – F.A.) deməkdir. Əlbəttə, Şekspirdə bu ifadənin mənası “yaşamaq” deyil. Şekspir təkcə yaşayıb-yaşamamaq demir, bu, insanı həyatın əzablarına, qanunların ikiüzlülüyünə qarşı mübarizə etməyə çağırışdır. Monoloqun sonrakı hissəsində bu fikir büllurlaşır, fəlsəfi dərinliyilə üzə çıxır, odur ki, “не жить – yaşamamaq” sözü bu mənanı vermir.
Polevoy rus dilinin qanunlarına uyğun “не быть” deyəndə rus dilinin normalarına riayət edərək həm məna, həm də formanı saxlaya bildi. Cabbarlı isə “olmamaq” sözünü işlətməkdən sərf-nəzər etdi, “not to be”nin mənasını tam ifadə edən, həm də dilimizdə son dərəcə təbii bir ifadə yaratdı”.
İfadənin Azərbaycan dilindəki orfoqrafiyasında durğu işarələrinin istifadəsi xaotikdir. Nümunələrə baxaq:
Olum, ya ölüm… Budur məsələ. (C. Cabbarlı)
Olum ya ölüm? Budur məsələ. (C. Cabbarlı)
Olum, ya ölüm... Budur məsələ! (C. Cabbarlı)
Olummu, qalımmı, sual budur, bu. (T. Əyyubov)
Olum, ya ölüm, budur məsələ! (A.Aslanov)
Olum, ya ölüm, budur məsələ. (S. Mustafayev)
Olum, ya ölüm?! Budur məsələ! (ƏSA teatrı).
Gələk bizim təklif etdiyimiz orfoqrafik şəklə – “olum, yoxsa ölüm” şəklinə. Əvvəlcə orijinaldakı “or” bağlayıcısı haqqında.
“To be or not to be” ifadəsindəki “or” bağlayıcısı rus dilinə “или, иль, ли (libo)” (ya, ya da, yaxud, və ya (yoxsa) kimi tərcümə olunur, amma sözün bizim dildəki “yoxsa” mənası Hamletin qətiyyət axtarışı üçün daha məqbul görünür – “Быть или не быть, вот в чём вопрос. Olum, yoxsa ölüm, budur məsələ”. Şahzadə Hamlet ləyaqətini qorumaq üçün qılıncını işə salsın, yoxsa (!) rüsvayçılıqla barışıb alnı kölgəli oğul kimi yaşasın?
Fitnəkar əmisindən, yolunu azmış anasından intiqam alsın, yoxsa (!) alçalıb bədnamlığı qəbul etsin? Bu iztirablar içində yaşaya biləcəkmi?
Akademik bilgiyə görə, “yoxsa” sözü “yox” predikativ sözü (və ya xəbər əvəzliyi) ilə bağlıdır, -sa şəkilçisi şərt bildirir. “Əks halda, əks surətdə, əks təqdirdə” deməkdir. “Yoxsa” sözü cümlədə həm bağlayıcı, həm də ara sözü və ya ədat kimi işlənə bilər, bu da onun mənasına və cümlədəki məqamına görə dəyişir. Sözün bu funksiyası Hamletin qisasla bağlı ziddiyyətli vurnuxmalarına daha münasibdir.
Nümunələrə baxaq: “Yaz mən deyəni, yoxsa beynini toz eləyərəm! (Ü. Hacıbəyov). “Sadə, yoxsa mürəkkəb?” “Fənnlər” yazılmalıdır, yoxsa “fənlər”? “Yoxsa” Azərbaycan dilində əsasən sual cümlələrində istifadə olunur və iki və ya daha çox seçim arasından seçim etmək üçün istifadə olunur (burada da Hamlet seçim etməlidir – olsun, yoxsa olmasın?).
Məsələn, “Bunu istəyirsən, yoxsa onu?” (“Do you want this or that?" Yaxud “De, görüm, vəfasız sənsən, yoxsa mən? (Tell me, are you unfaithful, or me?). “Yoxsa” sözü həm predikativ sözdür, həm də ədatdır və qüvvətləndirici ədatdır, ondan əvvəl mütləq vergül qoyulur – “olum, yoxsa ölüm.... budur məsələ”.
“To be or not to be, that is the question...” – misrasının orfoqrafiyası üçün bir çox ingilis mənbələrinə baxdım, ən qədim variantlardan biri budur, yəni, Şekspirdə sual yoxdur - “to be or not to be, that is the question” - yəni bu sual deyil, Hamlet kimdənsə nəsə soruşmur, o, səhnədən üzünü salona tutaraq (şərti olaraq) öz-özünə sual intonasiyası ilə danışır, monoloq deyir… Bu onun mütərəddid halıdır. Bu şifahi nitqdir, səhnə əsərlərində bəzən obraz üzünü kənara tutub sual intonasiyası ilə danışır. Sual vermir, öz-özü ilə götür-qoy edir. Dram əsərində bu, “səktə, kənara” danişmaqla ifadə olunur.
İfadənin ingiliscəsində də qarışıq orfoqrafiya var və bu artıq Füzuli demişkən “katibi-bədtəhrir”lərin işidir:
To be or not to be: that is the question.
To be, or not to be, that is the question…
To be, or not to be: that is the point.
To be or not to be - that is the question.
To be or not to be? That is the question.
İngilis dilində bəzən “or” bağlayıcısından sonra vergül qoyulur, bu tamam başqa hallara aiddir. “To be or not to be” ifadəsindəki “or” bu hallara aid deyil.
Bəzi dünya dillərində “to be or not to be, that is the question...” misrasının tərcüməsinə baxaq. Onlarda da gah “ya” bağlayıcısı, gah da “yoxsa” ədatı işlənir.
Быть или не быть, вот в чём вопрос. (rus dilində)
Быть или не быть, — таков вопрос; (rus dilində)
Essere, o non essere, ecco la questione. (italyan dilində)
Etre, ou ne pas être: telle est la question. (fransız dilində)
Sein oder Nichtsein, das ist hier die Frage. (alman dilində)
Ser, o no ser, es la cuestión! (ispan dilində)
Honaa yaa na honaa, yeh hai sawaal. (hind dilində)
Být či nebýt, toť otázka. (çex dilində)
بودن یا نبودن، مساله این است boodan ya naboodan, mas'aleh in ast! (fars dilində)
'An 'akun 'aw la 'akun hadha hu alsuwal أن أكون أو لا أكون هذا هو السؤال (ərəb dilində)
Var olmak mı, yok olmak mı, bütün sorun bu! (türk dilində)
Var olmak ya da olmamak, işte mesele bu. (türk dilində)
Болу немесе болмау, осында сұрақ. (qazax dilində)
Bo'lish yoki bo'lmaslik, bu savol. (özbək dilində).
V.Şekspirin “Hamlet” faciəsi dilimizə 6 dəfə tərcümə olunub. Cəfər Cabbarlının tərcüməsi haqlı olaraq çox təqdir olunur, görkəmli klassik dilimizə möhtəşəm bir tərcümə, “olum” kimi gözəl bir söz qazandırıb, amma olum və ölüm arasındakı ziddiyyət “yoxsa” sözündə daha qabarıq görünür.
Bir də ki, İsmixan Rəhimovun dediyi kimi, “...Şekspir yaradıcılığına dünyanın bütün xalqları vaxtaşırı müraciət etmişlər. Hər yeni nəsil Şekspirin əsərlərinə öz ədəbi zövqü, dünyagörüşü baxımından yanaşmış, həyatın, cəmiyyətin, mühüm problemlərinin həllində Şekspir məsləhətinə daxili ehtiyac hiss etmişlər”.
Aşağıdakı videoda Britaniya aktyoru Kennet Brananın (Kenneth Branagh) ifasında monoloqun ingiliscəsini təqdim edirik.