Hamı orda “varavskoy” gedir – “Qısaqapanma” verilişində dalaşan qonaqlar

"Qısaqapanma" verilişindən kadr

"Qısaqapanma" verilişindən kadr

15 yanvar 2022
# 12:30

Kulis.az Çinarə Ömrayın “Qısaqapanma” yazısını təqdim edir.

Uzun zamandır TV-lərdən uzaq düşmüşük. Ya bizi iternetin əlindən alıb, o müəllimə kimi qulağımızın dibindən bir şapalağ ilişdirib TV-nin qarşısına oturda bilən veriliş yoxdu ya da, ya da…

Bu günlərdə sosial şəbəkələrdə dostların və bir çox məşhur səhifələrin “Qısaqapanma” adlı bir veriliş haqqında paylaşımları tez-tez qarşıma çıxırdı. Elə internet üzərindən verilişi bir araşdırdım, bir neçə buraxılışına baxdım da.

Elməddin Cəfərovun aparıcılığı ilə keçən “Qısaqapanma”ya ilk Elməddinin adına görə baxdım. Necə ki, bizdə var axı, kitabı müəllifinə görə, restoranı yiyəsinə görə, filmi sponsoruna görə seçirlər.

Uzun sözün qısası, Elməddini yenidən efirdə görmək xoş idi. Uşaqlığımızın gülümsəmə səbəbi, zarafat anlayışı, standap anlayışıdı bu adam. Onu efirdə yenidən görəndə ilk efirə elə qapıldım ki, elə bildim, uşaqlığım da mənimlə bərabər divanda oturub əlimdən də bərk-bərk tutub verilişə baxır. Arada çönüb mənimlə birgə efirə baxan uşaqlığımın başını sığallayır, mənə gülümsədiyini görürdüm.

“Qısaqapanma”nın bir-iki buraxılışına o nostalji ilə baxdım, sonra bu günə, reallığa qayıdıb təhlil etdim və gəldiyim qənaətləri sizinlə də bölüşmək istədim.

Ümumilikdə, “düşüklük”dən, “yaltaqlıq”dan kənar bir layihənin olması, sizi bilmirəm, mənə xoş təsir bağışladı. Məsələn, hər kəs bəzənib-düzənib, gedib səliqəli şəkildə divanda oturub, ayağını-ayağının üstünə ütülü şəkildə atıb təriflənəcəyini gözləmir.

Nə də kimisə məqsədli şəkildə, reytinq xatirinə dəvət edib, ardınca da elə mənasız və ucuz reytinq xətrinə təhqir edib yola salmırlar.

Düzdü, normalda, bu tip yazılarda öncə tənqid edib, sonra bir az etika xatirinə tərif edilir. Ancaq bu yazını etika xatirinə yazmadığım üçün düşündüyümü də deyəcəm.

Verilişin müsbətləri yetərincə var, elə mənfiləri də az deyil.

Məsələn, veriliş mənə bir az bizim xalqı görsətdi elə bil. Avropaya çıxmaq istəyib tam da çıxa bilməmək. Netflix fonlarından və dekorlarından istifadə edib, amma studiyaya tez-tez zəngi çalan qara telefonda qohum-əqrəbasını tapşırdan dayının varlığı kimi.

Elməddin o qədər mizahı və ironiyası güclü biridir ki, bəlkə də bunu, günün reallığını bu cür çatdırmağa çalışır bizə.

Verilişi hansı yöndən baxsan və incələsən, açıq aydın görünür ki, şəxsi vəsaitə və şəxsi büdcəyə ayaqda durmağa çalışır.

Elə bizim ədəbiyyatımız kimi, elə bizim sənətə aid olan bütün sahələrimiz kimi.

Sponsorları olan kostyum şirkəti də, deyəsən, heç kimə gücü çatmır, elə aparıcıyla məzə tutur, ya da qonaqların heyifin çıxır aparıcıdan. Hərdən aparıcıya elə kostyumlar geyindirirlər ki, o veriliş gülməli olmasa da kostyuma gülmək mümkündür.

Amma qəribə bir sürətlə keçir “Qısaqapanma”. Hamı “Start” düyməsinin üstündə oturub elə bil. Məsələn, bilirsiniz necə görünür? Elə bil aparıcının əlində 10 güllə var və onu tap, tap, tap vurur və bitir. Qonaqlar da rinqdə döyüşə hazır olan idmançılar kimi dayanıb ki, “vursa qaytarım.”

Sanki məqsədlidir hər şey. Halbuki Elməddin bunu tam başqa edə bilər. Məsələn, çox səmimi söhbət arasında elə vura bilər ki, o hardan vurulduğunu necə vurulduğunu hiss etməz.

Onu qeyd edim ki, verilişin son buraxılışlarına baxmamışam, öncədən bir neçə buraxılışına baxmışam və onun üzərindən çıxış edirəm.

Məncə, verilişin ən böyük problemi qaramat fonlu studiyada yumoru təbliğ etməyə çalışmaqdır. Hiss olunur ki, qonaq bilmir fonun verdiyi ağır enerjimi həzm eləsin, ya aparıcının ard-ardınca iynəli suallarını. Bu veriliş adama “xeyirlə şər qardaşdır” misalını xatırladır. Qonağın bir üzündə yas mağarı qurulur, o biri üzündə “leyli can leyli” sədaları altında şıdırğı rəqs gedir.

Kəbir və komandası da çox sönükdür. Canlılıq yaratmır qəti. Hamı “borzu”du elə bil. Hamı “varavskoy” gedir. Əksi olsa da tamaşaçıya elə gəlir ki, qəribə bir aqressiya var Kəbirin aparıcıya, aparıcının ona və qonaqlarına.

Mən verilişin verdiyi göstəricini bilmirəmee, bəlkə də tamaşaçı buna baxır və istədiyi budur.

Mənim bir dostum var, Orxan Əzim. Fotoqrafdı. Deyir, “AzTv-dən ayrılandan sonra 1-2 il ancaq harda park, ağaclıq görürdümsə onu çəkirdim. 1-2 ildən sonra gördüm ki, fotoqraflıq park, ağaclıq çəkməkdən ibarət deyilmiş”.

Yəni çoxu zaman adam işin içində olanda ona elə qapılır ki, kənardan görə bilmir. Ona görə birlik adına kənar gözlə yazmalıyıq, deməliyik.

Veriliş ümumilikdə maraqlıdır, amma məsələn, orda bir yer vardı, aparıcı qonaqla səmimi söhbət etmək üçün nəsə soruşur və bu suala görə dəfələrlə deyir ki, “bax bu ciddi sualdı haa”, “tam ciddi soruşuram haa bunu”, “tam səmimi soruşuram bax bunu”.

Yəni indiyə qədər “qeyri səmimi”, “məqsədli”, “qeyri ciddi” idim, amma bunu səmimi qəbul et???

Aparıcı orda qonağı səmimi və ciddi olduğuna sözlə inandırmağa çalışır.

Halbuki tamaşaçının ondan gözlədiyi ən önəmli şey səmimiyyətdir, nəinki kimisə ora çağırıb ağına-bozuna baxmadan “çiliyib” yola salmaq.

Məncə, Elməddinin elə bir istedadı var ki, o ən kövrək məqamlara da gözəl şəkildə, tamaşaçıya yol tapa biləcək şəkildə toxuna bilər, qonaqla da ilk o münasibəti qurub sonra onla pişik ovuyla oynayan, loru dildə desək, “məzələnən” kimi məzələnə bilər. Qonaq özü də, tamaşaçı özü də ciddiliklə qeyri-ciddiliyi tuta bilməz.

Tamaşaçı eyni münasibəti zatən hər gün işdə rəisi ilə, çöldə üst rəhbəri ilə yaşayır. O, evə gələndə səmimiyyət, doğmalıq, bağrına basmaq axtarır. Tamaşaçıya o doğmalığı ötürmək lazımdır. Tamaşaçıya onun çöldə görmədiklərini görsətmək lazımdır.

Sonda ən çox sevdiyim bir detalı demək istəyirəm. Hər verilişdə aparıcı fərqli fotolu köynəklər geyinir. Və sonda köynəyindəki fotonun sahibindən sitat gətirərək adını açıqlayır.

Bilmirəm, bu kiçik detal sizə nə deyir, amma mənə görə həqiqətdə elə insanlıq da hər zaman detallarda gizlidir.

Hər insanın öz rəngi var. Bəzi insanlar var ki, qaradı, qatıldığı ortama da rəngini yansıdır, bəzilərin rəngi yoxdu, bəziləri buqələmundur. Elməddin öz məxsusi rəngi olan adamdır. Həftədə bir TV-lərinizi açıb onun verilişinə kökləyin ki, evinizin rəngi dəyişsin. Mən belə edirəm.

# 1706 dəfə oxunub

Oxşar xəbərlər

# # #