"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?
30 iyul 2025
# 09:00

Kulis.az Rahid Uluselin "İnsan özünün tanımadığı dünyada necə yaşasın?!" essesini təqdim edir.

Bilavasitə varlığın nüvəsinə tuşlanan, insan-təbiət harmoniyasının ən dərin qatlarını açan, “mütləq həqiqətin” (paramita) arxitekturasını yaradan, transendental müdrikliyi həyat tərzi kimi qəbul edən zen-buddizm üç böyük mədəniyyətin (Hindistan, Çin, Yaponiya) təcrübəsindən süzülərək meyvələnib.

Buddizmin bu yolu – insanın bütün mənəvi gücünü toplayaraq və mücərrəd təfəkkürün gərəksiz yükündən onu azad edərək, mənəviyyat tarixində ilk dəfə duyum (zen) – qavrayışın ilk və əsas pilləsi – təməlində bir yaşamın var olduğunu təsdiq edir. Əgər sivilizasiya addımbaşı yanılmaq, özünün qurduğu tor – ehkamlar, formallıqlar içərisində çırpınıb qalmaq istəmirsə, zen həyatının təbii məcrasına düşməlidir.

Zen-buddizm – bütləşdirməkdən mütləqləşdirməyə qədər bütün aktları rədd edir. Bu inkarda o təsdiq var ki, Varlığın içərisindən onun hansısa bir “hissəsini” – nə qədər “müqəddəs” olursa-olsun – müstəsnalaşdırmaq olmaz.

Varlığın mərkəzi və periferiyası yoxdur, vakuumu və doluluğu yoxdur. Sən ümumdünya harmoniyası içərisindən Özünə doğru hərəkət edirsən. Həm başlanğıcda, həm də sonda dayanan Özünsən.

Sənin yolun – bütün yaradılışın yoludur. Qaranlıqlardan keçən bu yolda Çıraq sənin əlində deyil, içindədir!

Zen – azadlığın deklarasiyası yox, özüdür. Onun qapıları nəinki köləliyə, hətta azacıq asılılığa belə bağlıdır.

İnsan – məbəddən, məbəd – Tanrıdan asılı deyil. “Nə monoteistik, nə də panteistik” olan (Sudzuki) Zenə sanki bütün dinlərin və fəlsəfələrin ən sağlam ideyalarının şəhdi-şirəsi süzülüb.

Ancaq bitməz özəlliyində bütün saçaqlanan mənaları ilə Zen – ədəbiyyat düşüncəsinin cövhəridir. “Cahana sığmayan” Şair – Zen ustadıdır.

Zen – İnsanı azad etdiyi kimi, Tanrını da dini ehkamların caynağından qoparıb hər zərrəsi bərq vuran Varlıq Okeanına qərq edir. Varlığın hər zərrəsi tək İnsanın da işıqlanması – buddalaşması onun Taleyidir...

Getdiyin yolun bitməyini istəyirsənsə, o qurtaracaq. Əgər onun yenidən başlamasını istəyirsənsə, bir daha açılacaq. Ancaq o həm yoldur, həm də sıldırım. Fəqət hara burulsa da, birbaşa məqsədə hədəflənmiş yoldur.

Gerçəkliyi “əlcəklə deyil, yalın əllə tutmağa” çalışan (Sudzuki) Zenin cavabı – sual, sualı – cavabdır. İnsanların ən çox istifadə etdikləri söz – Zendə ən az üz tutulandır. Diqqət mərkəzindəki nəsnəni daxil olduğu birgəlikdən ayırmadan tərpədilə biləcək nöqtəsindən oyandırmaqla, ona bir meh toxunuşunda dilləndirir Zen.

Əgər Varlıq özü danışa bilirsə, niyə Onun əvəzində İnsan danışmalıdır?! İnsanın susması – həm ona, həm Varlığa tam azadlıq verir. İnsan məntiqinə və bu məntiqin mücərrəd-çərçivə anlayışlarına pərçimlənməmiş Varlığın dili belə açılır, substansiyası belə bəlli olur...

Zen – insanın tapındığı o Həqiqətdir ki, burada Onunla Varlıq ayrı olduqda, sadəcə, bir-birini tanımır. Zen fəlsəfəsinin məqsədi də budur: İnsan özünün tanımadığı dünyada yaşamasın. Bu dünyanın ziddiyyətləri – məhz bizim tanımadığımız, bizə dolayı sırınmış, hətta özümüzə yad saydığımız dünyanın ziddiyyətləridir.

Bizim tanıdığımız dünya – içimizin dünyasıdır ki, o – əslində, yanlış olaraq özümüzə özgələşdirdiyimiz, hətta qorxub çəkindiyimiz dünya ilə Vəhdətdədir. Mənim dünyam – böyük dünyanın bir bağçasıdır. Vəhdət dünyasında – Düşmən yoxdur! Hətta – O yoxdur! Yalnız – Biz varıq!

# 323 dəfə oxunub

Oxşar xəbərlər

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

18:47 30 iyul 2025
1800 illik su paylayıcı sistem aşkar edildi

1800 illik su paylayıcı sistem aşkar edildi

17:40 30 iyul 2025
Bu dəfə baş rolda eşşək olacaq

Bu dəfə baş rolda eşşək olacaq

17:18 30 iyul 2025
Dişli canavar Labubu necə fenomenə  çevrildi?

Dişli canavar Labubu necə fenomenə çevrildi?

17:00 30 iyul 2025
Ölülərlə Tanrıların görüş yeri:  Arxeoloqlar ən qədim qapını tapdı

Ölülərlə Tanrıların görüş yeri: Arxeoloqlar ən qədim qapını tapdı

16:30 30 iyul 2025
Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

16:09 30 iyul 2025
#
#
# # #