Eşşək - Qısa hekayə

Eşşək - Qısa hekayə
13 sentyabr 2024
# 10:36

Kulis.az İlqar Rəsulun "Eşşək" adlı qısa hekayəsini təqdim edir.

Odunçu səhər tezdən, alaqaranlıqda dar ağacının kəndirini açıb eşşəyin yükünü bağladı ki, bazara çatınca odunlar dağılmasın, axşam kəndə qayıdanda yolustü yerindən asar yenə. Bu üzdən günorta edama gətirilən oğrunu asmaq mümkün olmadı. Dar ağacını kəndirsiz görən qazı: “Allahın işidir, demək, belə olmalıymış”, − deyib, oğrunu azad elədi. Ardınca dedi ki, amma kimsə mütləq edam edilməlidir, çünki hökm icrasız qala bilməz.

Gün əyiləndə meydanda odunçunu yaxaladılar. Kəndiri dar ağacına bağlayıb getmək istəyəndə gözətçilər: “Demək ki, hökm buna aid imiş”, – deyib tutdular onu. Edam vaxtından çox keçmişdi deyə odunçunu da, eşşəyini də bir gecəliyə zindanda saxlamalı oldular. Səhəri, günorta ikisini də meydana gətirdilər. Odunçunu edam edirdilər. Meydana yığışan camaata hökmü oxuyub kişini yuxarı, taxtadan qurulmuş edam meydançasına qaldırdılar, kəndirin həlqəsini boynuna keçirdilər. Hökmə görə kətili onun ayaqlarının altından öz eşşəyi çəkib aşırtmalı idi. Kətilin ayağına bağlanmış kəndirin həlqəsini eşşəyin boynuna keçirdilər. Ha kötəklədilər, eşşək yerimədi. Çomaq hər dəfə eşşəyin belinə dəyəndə odunçu kətilin üstündə daha bərk zarıyıb, ürəyində Allaha yalvarırdı ki, yeriməsin. Elə bil heç illərdir minəndə, ya dünyanın yükünü belinə bağlayıb daşıdanda tez-tez yerisin deyə çomaqla boynuna, yanlarına döyəcləyib Eşşəyə işgəncə verən özü deyildi.

Qulağına çomağın səsi hər gələndə gözlərini daha bərk yumurdu. Ağır yükün altında dizləri qatlananda, çaydan keçəndə ayağı çökəyə düşüb büdrəyəndə, su içəndə, doğanda da tez eləsin deyə onu necə qəddarcasına kötəklədiyi bir-bir gəlib keçirdi gözlərinin önündən odunçunun. Gah göydəki Allaha, gah da yerdəki Eşşəyə yalvarırdı: “Mənə yazığın gəlsin”, − deyə...

Axırda eşşək öldü. Son nəfəsini verərkən geri qanrılıb yıxıldı ki, kəndir kətili çəkməsin. Eşşəyin bu hərəkətini görəndə dəli bir bağırtı ilə kətili özü itələdi ayaqlarının altından odunçu...

Anasının tapşırığı ilə atasını axtara-axtara gəlib meydana çıxmış kiçik oğlu eşşəyin balasının belində oturub bütün olanları seyr edirdi bayaqdan. Atasının kəndirdən sallanan bədəni titrəməni kəsib tam hərəkətsiz qalanda uşaq xotuğun başını kəndə tərəf çevirdi, ağlaya-ağlaya gördüklərini anasına xəbər verməyə tələsdi. Yol uzunu əlindəki çubuğu var gücü ilə xotuğun boynuna, yanlarına döyəcləyirdi ki, tez-tez yerisin...

# 5154 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər