"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu
12 iyun 2025
# 14:00

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

“Alim Qasımov rep dedi”.

Xəbəri ilk dəfə eşidəndə təəccüblənməli idim.

Açıb oxumalı, paylaşmalı, təəccübümü dilə gətirməli idim.

Ancaq bunların heç birini eləmədim. Eləcə digər xəbərə keçdim.

Alim Qasımov artıq heç nə ilə məni təəccübləndirmir. Lap səhərin gözü açılmamış pəncərəmizi döyüb oxumağa başlasa da...

Səbəb nədir?

Səbəb odur ki, Alim Qasımov hər yerdədir.

Alimdən qaçmaq mümkünsüzdür.

Bütün sahələrdə bir fiqur yaradılıb və ona missiya yüklənib ki, sən bunu təmsil eləyəcəksən.

Muğamı da veriblər Alimə.

Uçan xalçanın üstündə oxuyur, altında oxuyur. Büküb divarın küncünə qoyursan, görürsən ki, yenə haradansa səsi gəlir.

Əlini qoyur qulağının dibinə və “başqa dünyaya” gedir.

Bir dəfə də olsun Alimin bu hərəkətlərinə inanmamışam.

Bəziləri onun rep deməyinə təəccüblənib.

Qətiyyən təəccüblənməyin. O sabah meyxana da deyə bilər, başqa stillərdə də oxuya bilər.

Orda da toy məclisində ovqata düşüb, belə bir vəziyyət yaranıb.

Bir nəfər yazıb ki, Heydər Əliyev adına Sarayda rep oxusa idi, bax onda tənqid eləmək olardı.

Xeyr, heç onda da olmaz.

Burda əsas məsələ öhdəsindən gəlib-gəlməməkdi. Alim muğamla repi qarışdırıb maraqlı bir iş ortaya qoysa, sən Alimə nəsə deyə bilməzsən.

Bəziləri xanəndələrə çox dərin fəlsəfi-irfani məna yükləyir, ona görə iş bu yerə çatır.

Alim səhnə, şou adamıdır. Burda pis heç nə yoxdur.

Pis olan Alimin həryerləşməsidir.

Harda bir festival, müsabiqə, xeyir-şər işi var, Alim ordadır.

Alim imkan vermir ki, ondan ötrü darıxaq.

Alim imkan vermir ki, ürəyimiz ona qulaq asmaq istəsin.

Alim imkan vermir ki, onu haradasa görəndə gözümüz-könlümüz açılsın.

Niyə?

Çünki özünə, sözünə inanmır.

Qorxur ki, səhnəyə çıxmaz, unudular. Darıxmarıq ondan ötrü.

Qorxur ki, səhnəyə çıxmaz, ürəyimiz ta ona qulaq asmaq istəməz.

Qorxur ki, səhnəyə çıxmaz, təsadüfən hansısa videosu rastımıza çıxanda gözümüz-könlümüz açılmaz.

Səd-əfsus ki, bu qorxu çox sənətçidə var.

Bu qorxu olmasaydı, onların açıb bir kitab oxumağa vaxtları olardı.

Öz sahələrindən beş sual veriləndə üçünə cavab verə bilərdilər.

Ən azından, oxuduqları qəzəlləri dərk eləyə bilərdilər.

Təəssüf ki, xanəndələr bir çox halda nə oxuduqlarını başa düşmürlər. Onların anlaqsız baxışlarından çox rahat duymaq olur bunu.

Alim də əlini qulağının dibinə qoyub “qərib bir aləmə səyahət etsə də” detallarda özünü ələ verir.

Halbuki əvvəllər Alim daha çox Alim idi. Onun əvvəlki ifalarına qulaq asanlar nə demək istədiyimi yaxşı bilirlər.

Qəfildən Alim çıxdı uçan xalçanın üstünə, getdi “qərib diyarlara”. Bir də qayıtmadı...

Alim ölkədəki bütlərdən birinə çevrildi.

Azərbaycanda istənilən xanəndəni tənqid eləyə bilərsən. Elə ki, Alim haqqında bir cümlə o yan-bu yan danışdın, vəssalam, işin bitdi.

Bütləşmək bir sənətçi üçün ən böyük faciədir. Bütləşmisənsə, deməli, hər şey bitib artıq.

Sənin nəsə eləməyinə, sənətini inkişaf etdirməyinə ehtiyac yoxdur. Çünki sən səhabələrinə görə hər şeyi öyrənib bitirmisən.

Ümid edirəm ki, Alim qorxularına qalib gələcək.

Ümid edirəm ki, Alim imtina eləməyi bacaracaq.

Ümid edirəm ki, həlim bir yay gecəsində ürəyimiz Alimə qulaq asmaq istəyəcək:

“Bilmirəm nə olacaq,
Olanı xatirədir...”


# 2571 dəfə oxunub

Oxşar xəbərlər

Prezident təqaüdü və fəxri ad alanların müavinəti artırıldı

Prezident təqaüdü və fəxri ad alanların müavinəti artırıldı

13:15 13 iyun 2025
Boşanmaların əsas səbəbi nədir? - Ulucay Akif

Boşanmaların əsas səbəbi nədir? - Ulucay Akif

12:54 13 iyun 2025
Rejissorumuzun yeni layihəsi “Torino Film Lab”da

Rejissorumuzun yeni layihəsi “Torino Film Lab”da

12:45 13 iyun 2025
Türkiyəli aktyor Moskvada zədələndi

Türkiyəli aktyor Moskvada zədələndi

12:35 13 iyun 2025
Rüstəm Behrudinin əsərləri türk və alman dillərində

Rüstəm Behrudinin əsərləri türk və alman dillərində

12:10 13 iyun 2025
"Şah Abbas Namə" tamaşasının premyerası olacaq

"Şah Abbas Namə" tamaşasının premyerası olacaq

11:50 13 iyun 2025
# # #