"Əlil arabası sürürəm, anam da arabada..." - Şəhriyar del Gerani

Şəhriyar del Gerani, şair

Şəhriyar del Gerani, şair

26 fevral 2026
# 11:40

Anamın doğum günüydü 26 fevral. Xocalı soyqırımından sonra qeyd etməzdik. İndi düşünürəm, görəsən lap gənc, hətta uşaq vaxtlarında anam necə qeyd edirmiş doğum günlərini? Görəsən, ilk doğum günü hədiyyəsini ona kim verib? Reaksiyası necə olub?


90-ların qanlı-qadalı günlərini xatırlayıram. Bir gün evdə eşitdim ki, anamın ad günüdür. Fikirləşdim, anama nə hədiyyə edim? Gedib yükün altından özünə təzə aldığı tufliləri gətirdim, dayandım qarşısında, təbrik etdim, tufliləri ona uzadıb, - Geyin - dedim. Gözləri doldu, gülümsədi. İlk dəfəydi bir gözüylə ağlayıb o biri gözüylə gülən adam görürdüm. Boynumu qucaqladı, boğazımı dərindən qoxladı və alnımdan öpüb təşəkkür elədi. Tufliləri geyindi, addımladı, - Lap ayaqlarımın ölçüsünədi ki - dedi, yenə qayıdıb qucaqladı, qoxladı, öpdü. Özünü elə apardı, az qala inandım, tuflini mən almışam. Deyəsən, o tuflilər anama ilk və son hədiyyəm oldu. Daha doğrusu, ömürdə fürsət tapmadım ona hədiyyə almağa. Öz aramızdır, anamı harda gördüm ki? 11 il məktəb, 4 il universitet və…


bir də gördüm
Təbriz hospitallarının uzun-uzadı,
intəhasız dəhlizlərində
əlil arabası sürürəm;
anam da arabada
bu dünya xarabada.


Yaş ötdükcə büsbütün ilikləriməcən duydum bu məşum həqiqəti: Anan varsa, hamın, hər şeyin var, anan yoxdursa, heç kəsin, heç nəyin yoxdur.


Anamdan sonra sığındığım, inandığım yeganə yer ədəbiyyat oldu. Özümü ədəbiyyatla ovundura bildim ancaq. Niyəsə mənə elə gəlir, ona yazdığım şeirləri oxuyur anam. O vaxtlar oxuyur ki, mənim üçün darıxır. O vaxtlar darıxır ki, hardansa, necəsə yadıma qəflətən düşür və gün boyu onu xatırlayıram. Onda hiss edirəm, anam bərk darıxır mənimçün. Əlbəttə, mən onu görürəm…
Amma təngənəfəs ömrüm sənə yaxşı ki, çatdı.


Qaranın bu rəngini heç belə gözləmirdim.
Və günlərin bir günündə mənim Xocalım oldun;
mən səndə 70 qoca,
107 qadın,
63 uşaq öldüm...

# 773 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənninin Rusiyadakı konsertlərinə qadağa qoyuldu

Məşhur müğənninin Rusiyadakı konsertlərinə qadağa qoyuldu

17:37 3 iyun 2026
Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

16:00 3 iyun 2026
Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

15:34 3 iyun 2026
Gürcüstan estradasının ulduzu:  "Azərbaycan mahnıları qəlbimin səsidir" - Müsahibə

Gürcüstan estradasının ulduzu: "Azərbaycan mahnıları qəlbimin səsidir" - Müsahibə

15:05 3 iyun 2026
“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda

“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda

14:21 3 iyun 2026
İosif Kobzonun mənzili satışa çıxarıldı

İosif Kobzonun mənzili satışa çıxarıldı

14:00 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər