Əlifba bayramında “Ğ” hərfi olmağım – Vüqar yazır...

Vüqar Van, yazar

Vüqar Van, yazar

24 may 2023
# 17:00

Kulis.az Vüqar Vanın “”Ğ” hərfinin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Ləmana

Ayaqlarımı “tormoz” kimi istifadə etdiyim illərdəyəm. 16 “razmer” “Desna” velosipedimin sepi hər gün atır. Üzüaşağı yolda o qədər ayaqlarımla “tormoz” verirəm ki, ayaqqabımın dabanları yeyilir. Ayaqqabı çatdırmaq olmur. Üzüyuxarı o məni minir, üzüaşağı mən.

Anam “5+1” lotereyasını oynayır. Lotonun qarışıq rəqəmlərinə baxsam da, üstündə balaca hərflərə yazılmış “oyunun qaydaları” yazısını dəfələrlə oxusam da, heç nə başa düşmürəm. Arabir ana başı göy, özü sarı diyircəkli qələmlə televizordan eşitdiyi rəqəmlərin üstünə “X” qoyur. Bilirəm ki, “X”lər nə qədər çox olsa, bizim cek-potu aparmaq ehtimalımız o qədər çox olacaq. Ekrandan isə lotomuzun rəqəmlərindən gah böyüklər səslənir, gah da balacalar. Heç nə udmadığımız lotoları atmırıq. Ana paltar yeşiyinin içində onları rezinlə bağlayıb saxlayır.

Məhəlləmizdə molla yanına getdiyimi hamı bilir. Üstündə xəttatlıqla “Bismillahirrəhmanirrəhim” yazılmış lövhələri gətirib mənə oxudurlar. Biləndə ki, eləcə “Bismillahirrəhmanirrəhim” yazılıb, pərt olurlar. Dini mallar mağazasından bilmədən aldıqları suvenirlərdə istəyirlər ki, heç olmasa, “Ruzi duası” yazılsın.

“Dilmanc” proqramı təzə-təzə məşhur olub. Kompüterdə ağzımıza gələn sözü yazırıq, “Dilmanc” onu ingilis dilinə tərcümə edir. İnanmırıq. Açıb “İngiliscə-Azərbaycanca” lüğətdən həmin sözü tapırıq. Təəccüblənirik. “Dilmanc”ın tərcümə etdiyi sözü səsləndirmə funksiyası da var. Sözləri ingilis dilində bir qadın tələffüz edir. Tərbiyəsiz sözlər, söyüşlər yazıb, üzünü görmədiyimiz o qadına söyüşləri oxutdururuq. Gülürük. Bir qadına söyüş söydürdüyümüz üçün həzz alırıq. Sinif yoldaşım Nicat “Dilmanc”da dostlarımızı söydürməyin yolunu tapıb. “Tərcümə edin” hissəsinə yazır ki, “Rüstəm pox”. “Dilmanc” da bunu olduğu kimi tərcümə edir. Daha doğrusu, tərcümə edə bilmir. Nəticədə qadın “Rüstəm pox” ifadəsini səsləndirməli olur.

***

Əlifba bayramı yaxınlaşırdı. Şənlik olacaqdı. Sinifdəki hər uşaq bir hərf kimi tədbirdə çıxış edəcəkdi. İki sinfi birləşdirmişdilər, cəmi 32 şagird. Adama bir hərf.

Saçlarını qısa kəsdirmiş, bəstə boy, uzun yubka, evlənib boşanmış, 40-lı yaşlarda olan sinif rəhbərimiz oturduğum partanın yanına gəlib dedi:

– Sən “Ğ” hərfi olacaqsan.

Mən “Ğ” hərfi oldum.

Evə gələndə anam məndən soruşdu:

– Hansı hərf oldun?

– Ğ.

– Kül sənin başına.

Onda balaca cins şalvarım vardı. Əllərimi cins şalvarımın cibinə saldım.

***

Hər hərfə uyğun tapmaca, şeir-meir verirdilər, əzbərləyib deyəcəkdik. Məsələn, “N” hərfinə aid şeir:

Nəsiminin oduyam,
Nəbinin də oğluyam,
“N” hərfiyəm, ay dostlar,
Nizaminin yurduyam.

Yaxud “K” hərfinə aid tapmaca:

Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünər,
Divardan bərk yapışar.

Açması: Kərtənkələ

Belə-belə şeylər. Hər hərfə uyğun şeir, tapmaca tapılırdı. Bircə, məndən başqa. Axı dilimizdə “Ğ” hərfiylə başlayan söz yoxdur.

Üstəlik, hərfləri yekə-yekə kartonlarda kəsib, üstümüzə taxacaqdıq. “Ğ”nın başındakı o xətti heç cür saxlamaq olmurdu. “Ğ” ilə başlayan şeir tapa bilməmək faciəsinin miqyası, onsuz da, böyük idi. Bir də bu zəhrimara qalmış “Ğ”nın üstündəki xətt lap dilxor elədi bizi. Məni, anamı.

Çarəsiz idik. Anam hədsiz məyus olmuşdu. Hər kəsin uşağı öz hərfini boynuna taxıb, şeir-zad deyəcəkdi, mən isə kor-peşman oturub sinif yoldaşlarımın uğurlarına baxacaqdım. Özünə sığışdırmırdı. Götürdü qələmi-dəftəri əlinə əvvəl istədi “Ğ” hərfi üçün bir şeir yazsın. Qurbağalı, tısbağalı nəsə. Alınmadı. Sonra “Ğ”nın başındakı xətti nəcəsə birləşdirmək istədi. O da alınmadı. Alınmayanda alınmır. Anamın bütün səyləri boşa çıxırdı, “Ğ” hərfi elə bil bəla olub, göydən düşmüşdü mənim canıma.

Həmin müddətdə özümü günahkar hiss edirdim. İndi o günləri xatırladıqca əzab çəkirəm. Varlığımla anama əziyyət verirmişəm. Axı mən “vunderkind” deyildim. Adi, balaca, cins şalvar geyinib, ayaqları ilə velosipedini dayandıran bir uşaq idim. Nəyə lazım idi bu qədər əziyyət? Nə ehtiyac vardı belə zəhmətə?

Tədbirdən iştirak etməsək də, olmazdı. Nə olur, olsun, orda mən də olmalı idim.

Bayram günü gəldi çatdı. Hərfimə uyğun şeirim yox idi. Müəllimim mənə özünün tapdığı, təsadüfi bir şeir vermişdi, onu deyəcəkdim. Şeir indiki kimi yadımdadır. Belə idi:

Həyat bir uşaqdır
Bizsə oyuncaq.
Ölüncə o bizi
Atıb-tutacaq.

Nə üçün dörddə oxuyan bir uşağa həyat haqqında belə bədbin şeir vermişdilər, başa düşmürəm. Anam da bəyənmişdi. Bəlkə də, müəllimin öz şeiri idi, bilmirəm.

Növbə mənə çatanda səhnəyə çıxdım. “Ğ”nın üstündəki xətti əlimdə tutmuşdum, yapışdıra bilməmişdik. Üzdən baxanda “G” idim. Şeirimi deməyə başlamışdım ki, anam səhnəyə çıxıb “Ğ”nın üstündəki xətti əlimdən aldı, arxamda dayanıb, özü məni “Ğ” elədi. Dəhşət utandım. Bir tərəfdən şeir nataraz, bir tərəfdən “Ğ”nın xəttini anam arxadan tutub. Şeirimi dedim, şənlik öz formatında davam etdi. Sinif yoldaşlarım da bir-bir çıxıb, şeirlərini dedilər. “Kim tez oturdu” oyunu oynadıq, rəqs elədik, tort yedik və beləcə ibtidaiyə əlvida deyib, mətin addımlarla həyata atıldıq.

# 3170 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #