Kitab sərgisi

Cabir İmanova kin qusanların məqsədi nədir?

Cabir İmanova kin qusanların məqsədi nədir?
30 sentyabr 2025
# 14:43

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Ölüm həmişə insanı çılpaq həqiqətlə üz-üzə qoyur. İstər sadə vətəndaş, istərsə tanınmış sənət adamı olsun, ölüm o şəxsin bütün həyatını, fəaliyyətini, işini, münasibətlərini yenidən gündəmə gətirir.

Cabir İmanovun vəfatı da belə oldu.

Onun qəfil ölümü sosial şəbəkələrə səs saldı.

Cabir “Şən və Hazırcavablar”ın güldürən simalarından biri idi.

Onun “KVN”dəki obrazlarının dilindən dedikləri indi də zarafat və atmacalarda istifadə olunur.

Cabir İmanovun ölümü sevənlərini sarsıtdı. Amma eyni zamanda kin püskürmək üçün hazır dayananları da tətiklədi. Alt şüurlarındakı “köhnə yaralar” yenidən üzə çıxdı. İçlərindən heç vaxt getməyəcək, heç vaxt azalmayacaq kin və nifrəti yenidən qusmaq üçün fürsət tapdılar.

Daha çox eyni iş yerində çalışanların başlatdığı bu kampaniyaya sonradan xaricdəkilər də qoşuldular. Dünyasını dəyişənlərlə “döyüşmək” köhnə adəti olanlar Cabirsayağı sarkazmı haqq edirlər.

Onun ölümündən dərhal sonra sosial şəbəkələrdə, mediada, insanların söhbətlərində həm rəhmət duaları, həm də ittiham dolu yazılar, xatırlatmalar dolaşmağa başladı.

Cabir İmanovun həyatının iki mərhələsi cəmiyyətin yaddaşının tam fərqli qatlarında yaşayır. Bir tərəfdə səhnədə gülüş, yumor, satira ilə tamaşaçıları düşündürən, məmurları tənqid etməkdən çəkinməyən, bir nəslin yaddaşında “KVN Cabir” kimi qalan sənətkar durur. Digər tərəfdə isə onun polis fəaliyyəti…

Buna görə də onun ölümündən sonra müəyyən qruplar “polis Cabir” obrazını qabartmağa başladılar. Sosial şəbəkələrdə “o, mitinqçilərə işgəncə verib”, “xalqın səsini boğub” kimi iddialar tirajlandı. Bu iddiaların nə qədər əsaslı, nə qədər subyektiv olması ayrıca müzakirə mövzusudur. Amma bir həqiqət var: həmin dövrü yaşamış insanlar üçün bu xatirələr hələ də canlıdır, diridir. Onlar üçün Cabir təkcə aktyor deyildi, həm də polis idi.

Sosial şəbəkələri nəzərdən keçirəndə gördüm ki, insanlar arasında bu mövzu ətrafında fikir ayrılığı var. Bəziləri deyir, insan ölüb, özünü müdafiə edə bilməz, dalınca danışmaq etik deyil, bəziləri isə deyir ki, yox, hər şey necə var, elə də danışılmalı, müzakirə olunmalıdır.

Bəs yaxşı, niyə məhz indi, Cabir vəfat edəndən sonra bu məsələlər ortaya atıldı? Axı bu adam illərdir səhnədə idi, tamaşalarda, şou-proqramlarda çıxış edirdi. Onun polis keçmişi çoxdan məlum idi.

Sosial şəbəkələrin olmadığı vaxtlarda bu tip məsələlər müəyyən çevrələrdə müzakirə olunurdu. İndi isə bir qığılcım bəs eləyir ki, hər yer od tutub yansın. Ancaq eyni zamanda sosial şəbəkənin “alov”u əvvəlki “alov”lardan daha qısa çəkir. Yəqin ki, bu “alov”u da eyni tale gözləyir. Ancaq o qruplar üçün “alov” tapmaq o qədər də çətin deyil.

Cabir İmanov səhnədə məmurları tənqid edəndə cəmiyyətin ona xüsusi simpatiyası var idi. Tamaşaçıların çoxu onun zarafatlarında gizlənmiş həqiqətləri alqışlayırdı. Onun etdiyi ironik tənqidləri hələm-hələm kimsə belə rahatlıqla yüksək səhnələrdə dilə gətirə bilmirdi. Bu da insanların yaddaşında “aktyor Cabir” obrazını gücləndirirdi.

Könül istərdi ki, sənət adamları yalnız sənətdə qalsınlar. Bu, onların imici üçün çox vacibdir. Çünki sən heç nə etməsən belə, məmur fəaliyyətin boyunca daim tənqid, hətta təhqir olunacaqsan. İnsanlar kinini, nifrətini sənin üstünə tökəcəklər. Başqalarının acığını da səni söyərək çıxacaqlar. Vaxt ötdükcə cəmiyyətdə sənin qeyri-adekvat obrazın yaranacaq. Nə eləsən də, o obrazı insanların yaddaşından silib ata bilməyəcəksən.

Kaş ki, Cabir İmanov lap əvvəldən ancaq aktyorluğu seçəydi. Yaddaşlarda sadəcə “KVN Cabir” kimi qalaydı.

İnsan seçimlərindən ibarətdir. Bilmirəm, o hansını seçmişdi: Polis Cabiri, yoxsa aktyor Cabiri? Bəlkə, hər ikisini?

Bütün hallarda o, insanların çoxunun yaddaşında “Məhəllə”nin Elişi kimi qalacaq.

Gələcək nəsillər onu məhz “KVN Cabir” kimi xatırlayacaq.

Yazını yaza-yaza qulağıma “Məhəllə”dən Məzinin səsi gəlir:

“Uzaq qohum yaxşıdır, yoxsa yaxın qonşu?”.

# 2302 dəfə oxunub

Oxşar xəbərlər

Mabel Matiz 3 il  həbs cəzası ala  bilər

Mabel Matiz 3 il həbs cəzası ala bilər

17:32 3 oktyabr 2025
Kitablarına ən çox qadağa qoyulan yazarlar

Kitablarına ən çox qadağa qoyulan yazarlar

15:50 3 oktyabr 2025
"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

15:18 3 oktyabr 2025
Paşinyanı parodiya edən Maşallahoğlu ilə müsahibə

Paşinyanı parodiya edən Maşallahoğlu ilə müsahibə

15:09 3 oktyabr 2025
Xəstənin boğazına tüpürən mollalar, pambığı tibbə gətirən alim, Xalq yazıçısı Anarın babası... - Reportaj

Xəstənin boğazına tüpürən mollalar, pambığı tibbə gətirən alim, Xalq yazıçısı Anarın babası... - Reportaj

15:00 3 oktyabr 2025
Məhkəmə Fatih Altaylını həbsdə saxladı

Məhkəmə Fatih Altaylını həbsdə saxladı

14:40 3 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər