Kitab sərgisi

Burjuaziyadan yazan homoseksual yazıçı - Saqan niyə tənqid olunurdu?

Burjuaziyadan yazan homoseksual yazıçı - Saqan niyə  tənqid olunurdu?
24 sentyabr 2025
# 13:20

24 sentyabr fransız yazıçı Fransuaza Saqanın anım günüdür.

Kulis.az bu münasibətlə Özlem Narin Yılmazın ədib haqqında yazısını təqdim edir.


Fransuaza Saqanın hələ on səkkiz yaşında ikən yazdığı “Salam, Kədər” kitabını oxuyanda heyrətləndim. Əsər boyu yazıçının orta yaşlı, artıq çox kitab nəşr etdirmiş biri kimi yazdığını düşündüm. Bu ilk əsər məncə, sonrakıların zəmanətçisi və xəbərçisi idi. Doqquz kitablıq Saqan oxumalarımın ən doğru kitabla başlamışdım.

On səkkiz yaşında bir gənc necə ola bilərdi ki, “Qəlbimiz parıldadı.” deyə bilirdi? Və ya “O gün günortanın isti vaxtında evlər elə bil daha dərinləşmiş, daha da səssizləşmiş, gözlərini içlərinə çəkib daralmışdılar.” deyəcək iti baxışa, ‘ədəbiyyat gözü’ adlanan o kəskin duyuma sahib ola bilirdi?

“Salam, kədər” kitabının girişində yazıçı ilə bir müsahibəyə yer verilib. Andre Bourin, Saqana “Nə üçün yazırsınız?” deyəndə yazarın cavabı belə olur: “Bilmirəm. Yazmağı çox sevirəm, hətta hər şeydən çox sevirəm. Bacara bildiyim, istədiyim yeganə şey budur. Yazmaq soyuqdəymə kimi, maşınlara olan sevgim kimi, həyatımın bir parçasına çevrilib; bir dəfə daxil olduqdan sonra buraxa bilmirəm.”

Saqan varlı bir burjua ailəsinin qızıdır və avtomobillərə “eşq bəsləyir”. 1957-ci ildə avtomobili ilə qəza keçirib uzun müddət komada qalıb.

“Ədəbiyyat sizin üçün nə deməkdir?” sualına isə: “Tanıdığım yeganə əxlaqi dəyər odur! Din başqaları üzərində necə təsir göstərirsə, ədəbiyyat da mənim üzərimdə elə bir təsir göstərir.” cavabını verir.

İki dəfə evlənib boşandıqdan sonra homoseksual münasibətlər yaşayıb, kokain səbəbindən bir neçə dəfə adı cinayət işinə qarışıb, vergidən yayınmaq iddiasıyla məhkəmələrə çağırılıb. Ömrünün sonuna qədər yazmaqdan imtina etməyib. Yaxşı da ki, imtina etməyib...

Saqan yazdığı dövrdə tənqidçilər tərəfindən daim eyni çevrəni - burjuaziyanı qələmə aldığı üçün tənqidlərə məruz qalıb.

Zəngin — kasıb münasibətləri Saqanın romanlarında tez tez rast gəlinir. Kişi ya da qadınlardan biri çox zaman zəngindir, digəri onun həyat yoldaşı və ya məşuqəsi mövqeyindədir.

Saqanın əsərlərindəki qadınlar kişi üzərində hökmranlıq etmək gücünə malikdir. Əgər ruhi cəhətdən zəifdirsə, kişidən daha varlıdır və bu yönü ilə partnyorunu öz təsiri altına alır. Saqanın “qadınları” çox zaman maşın sürürlər, yazıçı, özü kimi qəhrəmanlarını da avtomobilsiz təsəvvür edə bilmir. Saqan öz həyatını sətirlərə çox sızdırmış bir qadın yazardır, bunu da çox zaman şüurlu şəkildə edib. Hər qadın qəhrəmanında özündən bir iz buraxıb.

Saqanın romanlarındakı kişi qəhrəmanlar daha çox passivdir. Qadına ehtirasla bağlanırlar, bəziləri kobud, yoxsul və mədəniyyətsizdir. Romanlarda cütlüklərin bir birinə xəyanət etməsinə şahid oluruq. Xəyanət, münasibətlərin, insanın təbii bir instinkti kimi çatdırılır.

Sevgi, ehtiras, sədaqət, xəyanət - Saqanın romanlarına ruh verir.

Saqanın əsərlərindəki qadınlar çox vaxt işləmir, özbaşına və bohem həyat sürür, istehsaldan uzaqdırlar. Bu uzaqlıq onları davamlı boşluğa aparır. Bədbəxtliklərini başqa bir kişi ilə, başqa bir münasibətlə doldurmağa çalışırlar, amma bu onları xoşbəxt etməyə yetmir. Sanki “pis bir səbəb üzündən xoşbəxt olmaqdansa, yaxşı bir səbəb üzündən bədbəxt olmağı üstün tuturlar.”

Saqan əsərlərində daha çox evliliyin bədbəxtlik gətirəcəyini vurğulayır. Romanlarında ən xoşbəxt və aşiq cütlər evli olmayanlardan seçilmişdir, bu da təsadüfi olmamalıdır.

Evli kişilərin vəziyyəti də çox fərqli deyil. Onlar da xoşbəxtliyi başqa qadınlarda axtarırlar və xəyanət onlar üçün bəzən qarşısıalınmaz bir ehtiras halına gəlir.

Böyük yazıçıların həyatlarını araşdıranda görürük ki, çox vaxt şöhrət qazanmazdan əvvəl çətin həyatları olub. Bu çətinliklər onların yaradıcılıq prosesini də stimullaşdırır. Yazmaq bir çox yazıçılar üçün demək olar ki, məcburiyyətə çevrilib. Amma Saqan üçün vəziyyət fərqlidir. O, varlı bir ailənin qızı kimi dünyaya gəlir və həyatını da rahatlıq içində keçirir. Burjua sinifindən olduğunu inkar etmir və bahalı həzzlərindən imtina etmir.

Onun bohem həyatı, avtomobil eşqi, kokain sevgisi daim tənqid mövzusu olub. O isə tənqidləri çox da ciddiyə almadan, mətnin öz bildiyi yolla irəliləməsinə imkan verir. Bu intizam və israrla ədəbiyyata unudulmaz obrazlar qazandırır.
Yaxşı kitablar, bitirib bağlasanız da, oxucu üçün bitməyən kitablardır...

# 177 dəfə oxunub

Oxşar xəbərlər

Milli-tarixi yaddaş üçün önəmli "Açar"

Milli-tarixi yaddaş üçün önəmli "Açar"

14:05 24 sentyabr 2025
Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

13:50 24 sentyabr 2025
İlhamə Elşadqızına hökm oxundu

İlhamə Elşadqızına hökm oxundu

13:45 24 sentyabr 2025
"Bu həyatda narazı olan iki adam var, biri Qismət Rüstəmovdur, digəri..." - Şahbaz Xuduoğlu ittihamlara cavab verdi

"Bu həyatda narazı olan iki adam var, biri Qismət Rüstəmovdur, digəri..." - Şahbaz Xuduoğlu ittihamlara cavab verdi

12:40 24 sentyabr 2025
""Kitab çap olunmayıb" dedi, amma..." - Tərcüməçidən Şahbaz Xuduoğluna ittiham

""Kitab çap olunmayıb" dedi, amma..." - Tərcüməçidən Şahbaz Xuduoğluna ittiham

12:35 24 sentyabr 2025
Könül elə bildi nübar eylədi... - Günün şeiri

Könül elə bildi nübar eylədi... - Günün şeiri

12:30 24 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər