Budda heykəli - Vaqif Sultanlının hekayəsi

Budda heykəli - Vaqif Sultanlının hekayəsi
21 mart 2023
# 10:00

Kulis.az “Hekayə müzakirəsi”ndə Vaqif Sultanlının “Budda heykəli” adlı hekayəsini təqdim edir.

On illik ayrılıqdan sonra vətənə dönərkən ən böyük istəyi keçmiş iş yerinə – universitetə gedərək bir zamanlar eyni kafedrada çalışdığı müəllim yoldaşları ilə görüş­mək, dərdləşmək, xatirələrin işığında ötən günləri yad etmək idi.

Ölkəni tərk edəndə hər kəsdən çox dərs dediyi tələbələrin taleyinə ağrı­mışdı; ona eh­tiyacı olduqlarını bilirdi. Ancaq bəlli səbəblərdən getməyə məc­bur idi, da­ha dö­züb gözləyə, həyatını bundan artıq təhlükəyə ata bilməzdi. Bu­nunla belə, indi də hərdən yollar ayrıcında vurnuxduğu o dönəmlər bəlkə tərəddüdlərini yenib vətəni tərk etməməyinin mümkünlüyünü zehnindən keçirir, atdığı addı­mın doğru­mu, yanlışmı olduğunu kəsdirə bilmirdi.

Əslində qürbət ona ürək ağrısından savayı bir şey verməmişdi. Bütün dərd­lərini, əzablarını özü ilə aparmış, bir gün olsun belə qoyub getdiyi doğma­larının, yaxınlarının surəti gözlərinin önündən çəkilməmişdi. İndi neçə illik ayrı­lıqdan son­ra vətənə dönərkən ötüb keçən illərin həzin, kədərli səhifələrini xəyalın­dan keçirir, həyəcanı daha da böyüyürdü.

Nə zamandan bəri həsrətlə gözlədiyi görüşün kafedrada çay süfrəsi arxasında, səmimi ovqatda keç­məsini düşündüyündən bir gün öncə xüsusi tort sifariş vermiş, ancaq sürpriz olsun de­yə gələcəyini kimsəyə bildirməmişdi.

Taksidən enəndə əvvəlcə yanlış ünvana gəldiyini düşündü; hər şey tanınmaz şəkildə dəyişmiş, uni­versitetin girəcəyində tağlı qapı, qarşı tərəfdə şüşəli kitab­xana binası ucaldılmış, metro xət­tinin yeni girişi açılmışdı. Ancaq yol kənarında, tanıyıb biləndən bəri ya­nın­dan eti­nasız keçmədiyi, həmişə əlləri dizlərinin üstündə bardaş­qurma otur­muş, məğrur duruşu ilə Budda heykəlini xatır­la­dan kor dilənçi gözlərinə sataşınca bu illər ərzində çox şeyin dəyişmədiyini anladı, geri dönərkən mütləq ona baş çəkə­cəyini, yardım edəcəyini ağlından keçirdi.

Tağlı qapıdan adlayaraq şam ağaclarının çevrəsində yüz il öncə univer­sitetin əsasını qoymuş şəxsin heykəlinin ucal­dıla­cağını bildirən, kiril əlifbasında yazılmış, üstünü mamır örtdüyündən oxunmaz hala gəl­miş boz mərmər lövhənin önündə ayaq saxladı. Çalpaşıq duyğular içərisində əli süpürgəli yaşlı bir qadının mərmər lövhənin qarşısındakı tər çiçəkləri süpürüb zibil qutusuna yığmasını izlədi.

Universitetin binasına girərkən alışmadığı kəsif yemək iyi onu vurunca bir zamanlar kitab dükanı olan böyük salonun kafeyə çevrildiyini gördü. Kafenin qar­şısından liftə qədər uzanan hay-küylü izdihamın arasın­dan keçərək mərmər pil­lələrlə üçüncü mərtə­bəyə qal­xan zaman tanış bir çöhrə ilə qar­şılaşa bilə­cəyinin ya­ratdığı həyə­can­danmı, ya hansısa sə­bəb­dən başını qaldırıb kimsə­nin üzünə bax­mağa ürək elə­mirdi.

Kafedranın qapısını açanda gözünə ilk dəyən otağın sağ küncündə bilgisa­ya­rın arxasında oturan tanımadığı gənc qız oldu. Salam verincə qız təəccüblə onu süzərək:

– Kim lazımdı sizə? – soruşdu.

– Məni tanımadınız, deyəsən?

Qız baxışlarını bilgisayardan ayırmadan:

– Yox, tanımadım, - dedi.

Pərtlyini gizləməyə çalışaraq adını söylədi, sonra da:

– Mən bu kafedrada düz iyirmi il müəllim işləmişəm, - dedi, - siz təzə gəlmisiniz, deyə­sən?

Qız başı ilə təsdiq etdi.

– Nə işləyirsiniz burda?

– Baş laborantam.

– Bəs müəllimlər hardadı?

– Müdir iclasdadı, müəllimlərin bəziləri dərsdə, bəziləri də repetitorluqla məş­ğuldular.

– Zəngə çox qalıb?

Laborant qız öncə otağın yuxarı başındakı yatmış divar saatına, sonra isə tele­fonuna baxaraq:

– Yox, bir azdan zəng vurulacaq.

Dəvət gözləmədən əlindəki tort qutusunu masanın üstünə qoyaraq kafedra müdirinin kreslosu ilə yanaşı nimdaş meşin stulda oturdu.

Bir azdan qapı açıldı, deyinə-deyinə içəri girən kafedra müdiri yorğun, əsəbi, ya fikirli olduğundanmı, yaxud hansı səbəbdənsə ona məhəl qoymadan keçib kreslosunda əyləşdi. Müasir ədəbiyyatdan mühazirələr oxuyan, bir zamanlar həyat eşqi ilə co­şub çağlayan, indi isə həvəsi, ehtirası büsbütün sönmüş kafedra müdiri tələbəlik illərində müəllimi olmuş, universiteti biti­rəndən sonra onun dok­torantu­ra­da sax­lanıl­masına səy gös­tər­mişdi.

– Deyəsən, məni tanımadınız? - dedi.

Kafedra müdiri ani baxışla onu süzərək ayağa qalxıb:

– Sən allah bağışla, hamısı qocalıqdandı, - dedi və əl uzadıb görüşəndən son­ra çantasını eşələyə-eşə­lə­yə laboranta səsləndi: - Qızım, mənə bir stəkan ilıq su ver, dər­ma­nımın vaxtı keçir.

Laborant həvəssiz yerindən qalxaraq küncdə dəmir seyfin üstündəki gümüşü rəngli çaydandan bir stəkan su dol­du­raraq müdirin qabağına qoydu.

– Səhərdən dilimə bir şey dəyməyib. Allah kəssin belə günü, belə güzəranı...

Zəng vurulunca kafedranın müəllimlərindən biri, o zamanlar barışmaz müxa­lif mövqeyi ilə seçilən xanım professor yorğun, üzgün halda içəri girdi və onu gö­rüncə sevincini gizləyə bilmədi.

– Elə biryolluq gedən oldun...

– Nə bilim vallah...

– Hansı ölkədəsən?

– Almaniyada.

– Yəqin dərs deyirsən universitetdə?

– Yox, özəl bir şirkətdə çalışıram.

Otaq bürkü idi – qapı-pəncərə açıq olsa da, boğucu havasızlıq sezilirdi. Üzü qapıya sarı oturduğundan dəhlizdən keçib gedən insanları soyuq bir etinasızlıqla seyr edir­di.

Tənəffüs olunca kafedraya dönən, əksəriyyəti qadın olan müəllimlərin bəziləri onu tanımadı, bəziləri isə tanışlıq verəndən sonra güclə xatırladı, xatırlayanlar da ağızucu hal-əhval tutmaqla kifayətləndi.

Hərdən tələbələr içəri girərək hansısa müəllimə yaxınlaşır, çeşidli səbəblərdən növbəti dərsə girə bilməyəcəyini söyləyərək icazə istəyirdi. Kafedra müdiri müəl­limlərə müraciətlə:

– Heç kəsə icazə verməyin, - dedi, - bunların fikri dərs oxumaq deyil.

Tələbələrdən biri:

– Mənə icazə verməsəniz də dərsə girməyəcəyəm, - deyərək əsəbi addım­larla otaqdan çıxdı.

– Tələbə küçədə gəzib dolaşsa, daha çox bilik qazanar, nəinki bu divarların əsarətində...

– Sən vaxtında canını qurtardın burdan... Heç olmasa, özünə, övladlarına gün ağladın, - bunu kimin söylədiyini bilmədiyindən cavab vermədi.

Müəllim­lərin çöh­rəsində aşırı yorğunluq, həvəs­sizlik duyulurdu, san­ki istə­mədikləri bir işlə məşğul imişlər kimi, özləri də sez­mə­dən eləcə vaxtın axışını iz­ləyir, hər şeyin tez-tələsik bitməsini göz­ləyirdilər. Sözarası keçmiş iş yoldaşlarının bəzilərinin dünya­sını də­yiş­­di­yini eşi­dəndə isə çox üzül­dü.

Zəng içəri vurulunca müəllimlər ayağa qalxıb dərsə tələsdiklərini bildirərək kafedranı tərk etdilər. Laborant qız ona bir fincan çay süzdü, içərisində iki-üç sorma konfet olan köh­nə qənddanı çəkib qarşısına qoydu. Bu arada telefon zəng çaldı, dəstəyi qaldı­ran qız kafedra müdirinə dönərək:

– Sizi istəyirlər, - dedi.

Kafedra müdiri önündəki paralel dəstəyi götürüb telefonda sorulan hansısa suala ca­vab verdi və dərhal ayağa qalxaraq:

– Mən evə getməliyəm, - dedi, - tamam yadımdan çıxmışdı, bu axşam qonaq gələcək, yolüstü bəzi şey­lər almalıyam. Sonra asılqandan əzik boz şapkasını gö­türüb başına qoyaraq: – Hələ buralardasan yəqin, vaxtın olanda gəl bir az dərdləşək, - əlavə etdi və ağır-ağır otaqdan çıxdı.

İndi kafedrada laborant qızla ikisi qalmışdı. Qız bilgisayarın arxasında, ba­yaq­kı yerində oturub gözlərini monitora zilləmişdi, əl hərəkətlərindən və üzü­nün sayrışan cizgilərindən hansısa əyləncəli oyunu izlədiyi sezilirdi.

Otağı başdan-ayağa gözdən ke­çir­di – zahirən heç nə də­yişməmişdi. Köhnə kitab dolabında bir zamanlar universitet tələbələri üçün yazılmış, müəllifi olduğu dərsliyin solğun cildi gözlərinə dəydi. Uzun illər işlədiyi, həyatının ən gər­gin, mürəkkəb, həyəcanlı çağ­larının keçdiyi bu otaq­da hər şey ona yad gö­rü­nürdü. Kafedranı gözdən keçirdikcə onun olmadığı illər ərzində burda yaşa­nılan­ları xəya­lında canlan­dırmaq istəyirdi.

Gözlərini yumdu, bir anlığa işdən çıxmadığını, öl­kəni tərk etmədiyini, növbəti zəngdən sonra o da başqa müəllimlər kimi mühazirə oxumaq üçün hansısa audi­toriyaya yol­lana­cağı­nı zehnindən keçirdi və ruhunun çalxandığını duydu. Ancaq bu bircə an­lıq çəkdi və təkrar zamanın axarı sərt dönüşlə gerçək məcrasına yönəlincə özünə gəl­di... və qəfildən darıxdığını hiss etdi.

Bu arada laborantın cib telefonu zəng çaldı. Qız telefonu qulağına tutaraq:

– İndi gəlirəm, - dedi və tələsik masanın üstündəki əşyalarını yığışdırmağa başladı.

Bilgisayarın söndürüldüyünü və elektrik xəttindən çıxarıldığını duydu. La­borant qız:

– Müəllim, bağışlayın, yoldaşım aşağıda məni gözləyir, getməliyəm, - yad bir ahənglə bildirdi.

Ayağa qalxdı, qapıya yaxınlaşanda qız:

– Bir az yaxşı alınmır, ancaq inciməyin, tortu götürün özünüzlə. Sabah iş gü­nü deyil, burda qalsa xarab olacaq.

Özünü itirən kimi oldu, ancaq toparlanaraq:

– Aparın, sizin qismətinizmiş, - dedi.

– Yox, yox, biz belə şeylər yemirik, mən də, yoldaşım da pəhriz saxlayırıq, - de­yərək tort qutusunu masanın üstündən çəkib ona verdi, otağın qa­pısını bağla­yaraq sağollaşmadan cəld addımlarla uzaqlaşdı.

Nə edəcəyini bilmədiyindən əlində tort qutusu böyür-başından ötüb keçən­lərin təəccüblü baxışlarını duymadan bir sürə dəhlizdə, kafed­ranın qapısı önündə daya­nıb dur­du. Beyni gizildəyir, vətənə ayaq basandan bəri səngimiş həsrət duy­ğusu oyanaraq yenidən onu acımasızcasına içinin qürbətinə sürükləyirdi.

Qəfildən nə fikirləşdisə, qəti addımlarla pillələri enərək uni­versitetin hündür tağlı qapı­sından keçib əcnəbi dillərdəki yazıların yadlaşdırdığı küçəyə çıxdı. Sağa-sola boylandı, kitab dükanı ilə üzbəüz mət­buat köşkünün böyründə daş səkinin üstündə oturmuş Budda heykəlinə bənzə­yən kor dilənçini görüncə ürəyi üstünə gəl­di. Yaxınlaşıb həmişəki kimi salam ver­di, çöhrəsinə yayılan hə­lim ifadədən aradan bunca zaman keçməsinə baxmayaraq unudulmadığını duyunca onu qu­caq­layıb bağ­rına basdı, sonra keçib yanında oturdu.

– Müəllim, nə vaxtdı ki, gəlmirdiniz...

– Burda deyildim...

– Ayaq səsləriniz kəsiləndən düz on il keçir, – dedi və dərindən köks ötürərək əlavə etdi: – Sizdən sonra çox sular axdı, çox yellər əsdi...

Dilənçinin kövrəldiyini hiss etdiyindən sözünü kəsərək:

– Sənə kiçik bir hədiyyəm var, - dedi və tort qutusunu ehmalca onun daş kimi soyuq əllə­rinə tapşırdı.

Qutunun içərisindəkini barmaqlarının sığalı ilə öyrənməyə çalışan dilənçi nə isə de­mək istədi, ancaq səsi titrədiyindən deyəcəklərini uddu, kor gözlərinin çuxu­runda iki damla yaş gilələndi.

Metronun girişinə yaxınlaşanda ixtiyarsız olaraq ayaq saxladı, geriyə çevrilib uzaq tələbəlik çağlarının həyəcanlarını yaşadığı, iyirmi ildən artıq müəllim kimi ömrü­nü əritdiyi, bir daha dönməyəcəyi ünvanı kədərlə süzdü və bu illər ərzində onu qara kölgə kimi izləyən, özü ilə qürbətə daşıdığı keçmişindən bir an er­kən ayrılmaq inadı ilə ad­dım­larını yeyinlətdi.

02-14 fevral 2023,

Qahirə-İskəndəriyyə-Bakı

# 4821 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
# # #