Bakının dan ulduzu - Onu bu şəhərə nə gətirdi?

Bakının dan ulduzu - Onu bu şəhərə nə gətirdi?
24 noyabr 2023
# 13:00

Bu gün Azərbaycanın ilk peşəkar qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın doğum günüdür.

Kulis.az İradə Sarıyevanın "Azərbaycanın ilk peşəkar rəngkar qadını - Vəcihə Səmədova..." yazısını təqdim edir.

Həyatda 41 il yaşasa da, qiymətli əsərləri ilə özünə neçə 41 illər yaşamaq haqqı qazanıb Vəcihə Səmədova. Əksəriyyətimiz Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilən müxtəlif sərgilərdə olmuşuq. Nakam rəssam xanımın xatirəsinə hörmət əlaməti olaraq İttifaq bu salona onun adını verib. Bu da Vəcihə Səmədovanın adını daha da unudulmaz edir, demək olar ki, hər gün Vəcihə xanımın adı çəkilir.

Bundan yaxşı nə ola bilər ki. Rənglər aləmində özünü daha yaxşı ifadə edirdi. Çünki bu onun öz dünyasının boyası idi. Bu rənglərin arasında elə xoşbəxt görünürdü ki.

"Göygöl" - karton, yağlı boya, 1956

O, Azərbaycanın ilk peşəkar rəngkar qadını olub. Təsəvvür edin ki, ona qədər bu sahədə peşəkar səviyyədə özünü göstərən olmayıb. Bu barədə sənətşünasların qeydlərindən oxuyuruq.

Bakının dan ulduzu...

Bakı çox dahilər yetişdirib, çox istedadlı insanlara analıq edib, qoruyub. Vəcihə Əli qızı Səmədova 1924-cü ildə anadan olub, 1965-ci ildə isə dünyadan köçüb. Ömrünün yüksəliş çağında həyatını itirən xanım rəssam böyük bir mədəni irsə sahibdir. Sağlığında görkəmli Azərbaycan rəssamı Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Sənətşünaslar yazır ki, 1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alan Vəcihə xanım sonradan V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsinə -tanınmış rus rəssamı Pavel Korinin emalatxanasına daxil olur. O, 1951-ci ildə "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir. Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq, müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olur.

undefined

Leyla Bədirbəylinin portreti, 1953

Bir sinədə döyünən iki ürək...

V. Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir. Bunun bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Aktrisa Leyla Bədirbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərlər yaranır.

"Toya hazırlıq"

Vəcihə Səmədova eyni zamanda əvvəllər təhsil aldığı rəssamlıq texnikumunda da pedaqoji fəaliyyət göstərir. İstedadlı gənclərə sənətin sirlərini öyrədir.

1962-ci ildə rəssamın Bolqarıstana yaradıcılıq ezamiyyətinin nəticəsi kimi Bakıda onun fərdi sərgisi açılır. O, "Sofiyada bazar", "Türk qızı", "Tırnovo", "Bayram" və böyük ustalıqla işlənmiş digər tablolarla tamaşaçıların rəğbətini qazanır.

Qısa ömür yolu keçən, fitri istedada malik olan Vəcihə xanım Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakıda, Moskvada, Sofiyada uğurla nümayiş etdirilir. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.

Əbədiləşən ömür...

Sənətşünas Əsəd Quliyev Vəcihə Səmədova yaradıcılığını incələyərək qeyd edir ki, o, milli rəssamlıq sənətimizin kraliçasıdır: "Azərbaycan təsviri sənət tarixində öz layiqli dəst-xətti və yaradıcılıq manerası ilə seçilən qadın sənətkarlarımıza az-az təsadüf etmək olar. Özünün xüsusi yaradıcılıq istedadı ilə həmkarlarından fərqlənən və dövrünün qabaqcıl sənət adamlarının diqqətini cəlb edən belə rəssamlarımızdan biri Azərbaycanın Əməkdar incəsənət xadimi Vəcihə Səmədova olub. Onun keçdiyi qısa, lakin dolğun sənət yolu ilə tanış olanda tamaşaçı bir daha sadalananları özündə yəqin etmiş olur. Tanışlıq üçün qeyd edək ki, Vəcihə Əli qızı Səmədova Bakı şəhərində dünyaya göz açıb. Onun atası Türkiyənin Qars şəhərindən, anası isə Cənubi Azərbaycandan idi. Valideynlərinin sənətə olan maraqları balaca qızcığazın tale yolunda öz həlledici rolunu oynayıb desək, səhv etmərik. Vəcihə Səmədovanın sənətə gəlişi 1939-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbindən başlayır. Beləliklə, Vəcihə Səmədova 1944-cü ildə rəssamlıq məktəbini müvəffəqiyyətlə bitirir. Sənətə olan sonsuz məhəbbət gənc rəssamı ölkəmizdən uzaqlara-Moskva şəhərinə gətirir. V.Səmədova V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunur və sənətin mürəkkəb və özünəməxsus incəliklərini müəllimləri V.Yakovlevdən və P.Korindən böyük maraqla öyrənir. 1951-ci ildə tamamladığı diplom işinə ("Azərbaycan bəstəkarları") tamaşa edən müəllimləri təkidlə rəssamın təhsilini daha üç il aspiranturada davam etdirməsini məsləhət görürlər. Beləliklə, Vəcihə Səmədova mükəmməl şəkildə sənətin sirlərinə yiyələndikdən sonra artıq onun institutda qalıb tələbələrə dərs verməsi tövsiyə olunur. Lakin rəssamın ölkəsinə olan sevgisi onu öz doğma şəhəri Bakıya gətirir. Yüksək istedad və xüsusi səylə arayıb-axtarmaq həvəsi tezliklə rəssamın daxili potensialının təzahürünü üzə çıxarır. Hələ rəssamın tələbəlik illərində yaratmış olduğu diplom işi təsviri sənət aləminə ciddi və istedadlı rəssamın gəlişindən xəbər verirdi. "Azərbaycan bəstəkarları" əsəri mürəkkəb kompozisiya quruluşuna və dərin bədii-fəlsəfi sənət meyarlarına malikdir. Rəssam əsərdə təsviri sənətimizdə mövcud olan portret ənənələrindən yaradıcı şəkildə bəhrələnərək və özünün qazandığı biliklərə əsaslanaraq uğurlu bədii əsər yaradıb. İlk qrup portret əsərində rəssam müasir musiqi sənətimizin banisi Ü.Hacıbəyov və onun istedadlı tələbələri F.Əmirov, C.Cahangirov, S.Ələsgərov və Ə.Hüseynzadənin yaddaqalan obrazlarını və fərdi psixoloji cizgilərini təsvir edib".

"İmtahana hazırlıq"

Qadın dünyasının dilmancı...

Ə.Quliyevin qeydlərinə görə, V.Səmədovanın yaşadığı ömür payını zaman kriteriyasından müqayisə etmiş olsaq, heç də böyük olmayan bu zaman içərisində istedadlı rəssamımızın nələrə qadir olduğunu bir daha yəqin etmiş olarıq: "Qısa zaman içərisində rəssam portret, mənzərə süjetli tablo, natürmort və digər janrlarda bir-birindən maraqlı və yüksək sənət meyarlarına xidmət edən əsl sənət inciləri yaradıb. Rəssamın istər portret və mənzərə, istərsə də tematik tablo və natürmort janrında işləmiş olduğu əsərlərinə tamaşa etmiş olsaq, onun bir prinsipi əsas götürdüyünü asanlıqla müşahidə edə bilərik. Bu da rəssamın yaratdıqlarına məhəbbəti və yüksək sənətkarlıqla yaratmaq bacarığıdır. Rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi forma və məzmun dolğunluğunu, mövzuya sərbəst yanaşma ustalığı və professional kompozisiya qurma məharətini, zəngin kolorit həlli və sərbəst yaxı manerasını, ritmik rəng keçidləri, dinamik plastika və işıq-kölgə münasibətlərinin mahiranə əlaqələndirməsi bacarığını qeyd etmək olar.

V.Səmədova portret yaradıcılığında uğurlu nailiyyətlər əldə edib. Onun qısa zaman kəsiyində müxtəlif peşə adamlarının yaratdığı portret əsərləri bir daha qeyd olunanları təsdiq edir. Rəssam hansı peşənin sahibinin portretini yaratmasından asılı olmayaraq, ilk növbədə surətini yaradacağı şəxsin keçirdiyi daxili hisslərini, yaşadığı daxili duyğularını fırçasının gücü ilə kətana köçürməyə çalışırdı. Rəssamın yaradıcılıq aləminə nəzər yetirdikdə aydın şəkildə duymaq olur ki, Vəcihə Səmədova təəssürat rəssamı idi. Yəni sənət dili ilə ifadə etmiş olsaq, impressionist idi. Bunu rəssamın mövzuya yanaşmasında daha çox ani məqamlara üstünlük verməsi, nəqledici yox, əhvalyaradıcı süjetləri təsvir etməsi ilə, obrazları sadə biçimdə və səmimi hərəkətlərdə təsvir etməsi ilə, təbiət guşələrinin təsvirində daha çox ovqatyaradıcı görüntülərə üstünlük verməsi ilə, kompozisiya quruluşunda ani, keçici məqamları təsvir etməsi ilə, kolorit həllində təmiz günəş işığının, sanki yağış yağmasından sonra yaranmış təmiz hava təravətini kətanda təsvir etməsi və digər xüsusiyyətlərlə izah etmək olar. Vəcihə Səmədovanın portret əsərlərinə misal olaraq "Avtoportret", "Aktrisa Leyla Bədirbəylinin portreti", "Sürəyya Kərimovanın portreti", "Söhbət İbrahimovanın portreti", "Gənc skripkaçı", "Geoloq Minurə Məmmədbəylinin portreti" və digərlərini göstərmək olar.

"Aktrisa Leyla Bədirbəylinin portreti" əsərində rəssam ciddi, son dərəcə səlis rəng yaxıları ilə tam biçimdə qəhrəmanın surətini yaradıb. Yarım profildən masaya söykənmiş halda əllərini qoşalayaraq, başını bir qədər əymiş vəziyyətdə tamaşaçıya sarı baxan aktrisanın bir qədər kədərli çöhrəsi seyrçini həyəcanlandırır. Əsərə öndən verilmiş işıq həlli obrazın üz cizgilərinin bədii ifadəliliyini daha da qüvvətləndirir. Əsərin fonunun sağ tərəfinə düşən surətin kölgəsi tablonun həzin "melodiyasını" gücləndirir. "Geoloq Minurə Məmmədbəylinin portreti" olduqca bədii təsir qüvvəsinə malikdir. Rəssam son dərəcə uğurlu kompozisiya həllinə nail olub. Belə ki, xanım dəniz gəzintisi zamanı sanki çöhrəsini qəfil tamaşaçıya çevirdiyi anda təsvir edilib. Surətin ani pozası və səmimi hərəkəti - obrazın küləyin təsirindən saçlarının və köynəyinin yaxalığının ritmik yellənməsi dalğaların ləpələnməsi ilə vəhdət təşkil edir və dəniz dalğalarının şahanə görüntüsünü daha da rövnəqləndirir. Dənizin səmanın ənginlikləri ilə qovuşduğu nöqtədə günəşin qürub etdiyi məqam, dənizin dalğalanan ləpələri üzərində işaran günəş şüalarının əksi və bu cür fonda obrazın bədii həlli tamaşaçıya yüksək bədii estetik zövq verir. Əsərin kolorit həlli xüsusi qeyd edilməlidir. Rəssam mahiranə rəng yaxıları və qırmızı, çəhrayı, bənövşəyi, qızılı və gümüşü rəng keçidlərinin əlaqələndirilməsindən məharətlə istifadə edib. Rəssamın bu əsərini bədii işlənmə və süjet imkanlarının əhatəliliyi baxımından mənzərə janrında işlənmiş əsər kimi də xarakterizə etmək olar".

Kür sahilində - "Bir rəsmin dedikləri" rubrikası

"Kür sahilində"

Milli adətlərimizin fırçada təzahürü...

Sənətşünasın bildirdiyinə görə, rəssamın yüksək sənətkarlıq metodu ilə yaratdığı portret əsərlərinə xas bədii xüsusiyyətləri onun tematik tablolarına da şamil etmək olar.

V.Səmədovanın "Toy günü" əsərini təhlil edən sənətşünas qeyd edir ki, burada rəssam kənd yerində toya hazırlıq zamanı baş verən olayları görüntüyə gətirib: "Bir neçə qadının əhatəsində öz toyuna hazırlaşan gəlinin bəzəndiyi anda təsvir edilməsi cəlbedici görünür. Ətrafdakı qızların sevinc dolu həsədlə baxdıqları gəlinin güzgü qarşısında saçlarını daradığı səhnə dolğun bədii ifadə həlli və emosional təsir gücü ilə seyrçini valeh edir. Mövzunun etnoqrafik və folklor ənənələrinə söykəndiyini də nəzərdən qaçırmaq olmaz. Rəssamın bu səpkidə yaratdığı əsərinə "Nişan aparanlar" adlı əsərini də göstərmək olar. Rəssamın ən yaddaqalan əsərlərindən olan "Kür qırağında" tablosu mürəkkəb kompozisiya quruluşuna və dərin bədii ifadə həllinə malikdir. Oturmuş vəziyyətdə saçlarını sıxan məqamda təsvir edilən qadının ekspressiv hərəkəti və heyrətdoğurucu plastikası inanılmaz ustalıqla və əsl təkraredilməz sənət metodu ilə yaradılıb. Artıq bu tabloya tamaşa edəndə bir daha duymaq olar ki, rəssam ən ani anda yaranan vəziyyətə xüsusi diqqət yetirərək, çoxlarının belə əhəmiyyət vermədiyi incə nüansları kətana köçürməyi düşünür və əksər hallarda öz istəyinə nail olurdu. Vəcihə Səmədovanın "Xəbər gözləyənlər" adlı əsərinin əsas mahiyyətini intizar, nigarançılıq və kədər təşkil edir. Süjetdə balıqçıların həyatına həsr edilmiş əsəri eynilə rəssamın öz həyatı ilə də bağlamaq olar. Belə ki, rəssamın düçar olduğu xəstəlik artıq onun yaxınlarını və dostlarını nigaran qoymuşdu. Qeyd etmək lazımdır ki, belə dramatik mövzulu tablolara rəssamın yaradıcılığında təsadüfi hallarda rast gəlmək olar.

Rəssamın mənzərə əsərlərinə yüksək əhval doğuran lirik estetik bədii xüsusiyyətlər xasdır. Onun ayrıca işləmiş olduğu mənzərə əsərləri ilə yanaşı, portret və tematik tablolarında da təbiət görüntülərinə, dəniz mənzərələrinə və ovqatyaradıcı mənzərə əsərinin xüsusiyyətlərinə rast gəlmək olar. Rəssamın ilahinin qüdrətinin möcüzəsi olan Göy gölə həsr etdiyi tabloya tamaşa etmiş olanda, asanlıqla təbiətin gözəlliklərinin onun fırçasının xüsusi dili ilə daha təsirli şəkildə təqdim olunduğunu hiss edirsən. Əlvan yazı manerası və dolğun kolorit həlli ilə tablonun emosional təsir gücü tamaşaçını xoş duyğularla heyrətləndirir".

# 571 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur filmin ikinci hissəsi çəkilir

Məşhur filmin ikinci hissəsi çəkilir

18:20 1 mart 2024
Şahbuz mədəniyyət şöbəsinin müdiri vəzifəsindən çıxarıldı

Şahbuz mədəniyyət şöbəsinin müdiri vəzifəsindən çıxarıldı

18:00 1 mart 2024
Azərbaycanlı fotoqrafın sərgisi keçiriləcək

Azərbaycanlı fotoqrafın sərgisi keçiriləcək

17:50 1 mart 2024
Türkiyənin məşhur qrupu Bakıya gəlir

Türkiyənin məşhur qrupu Bakıya gəlir

17:30 1 mart 2024
Aydın Dadaşov yaddaşlarda - ANIM

Aydın Dadaşov yaddaşlarda - ANIM

17:25 1 mart 2024
Gəncə Dövlət Filarmoniyasında “Musiqi kimliyimiz”  layihəsi baş tutdu

Gəncə Dövlət Filarmoniyasında “Musiqi kimliyimiz” layihəsi baş tutdu

17:00 1 mart 2024
#
#
# # #