28 oktyabr tanınmış ingilis şair, tərcüməçi və uşaq yazıçısı Ted Hyuzun anım günüdür.
Kulis.az bu münasibətlə ədibin həyatı, yaradıcılığı haqqında materialı təqdim edir.
Tənqidçilər Ted Hyuzu tez-tez öz nəslinin ən görkəmli şairlərindən və XX əsrin ən böyük yazarlarından biri kimi qiymətləndirirlər. O, 1984-cü ildə Böyük Britaniyada “Poet Laureate” – yəni "rəsmi dövlət şairi" adını alıb. 2008-ci ildə “The Times” qəzeti Hyuzu “1945-ci ildən bəri ən böyük 50 ingilis yazarı” siyahısında dördüncü yerə layiq görüb.
Ted Hyuz 1930-cu ildə İngiltərənin Yorkşir bölgəsində Vilhelm Henri və Edit Hyuzun ailəsində dünyaya gəlib. Atası İrlandiya mənşəli idi və Birinci Dünya müharibəsində iştirak edib Çanaqqala döyüşündən sağ çıxan azsaylı əsgərlərdən biri olub. Uşaqlıq illərində Hyuz atasının Flandriya tarlaları və döyüş səhnələri barədə danışdığı hekayələrlə böyüyürdü. Sonralar “Çıxış” adlı şeirində bu xatirələrə müraciət edib. Hyuz deyirdi: “İlk altı ilim hər şeyi formalaşdırdı".
Ailəsi ilə təbiət qoynunda – ovda, balıq tutmaqda, pikniklərdə vaxt keçirməyi sevirdi. Uşaqlıq illərində quşları, heyvanları müşahidə etmək, onların şəkillərini çəkmək onun təsəvvür dünyasının bir hissəsinə çevrilib. Atasının ovçuluqla məşğul olması səbəbilə o, təbiətin və kənd həyatının sərt reallıqları ilə erkən tanış olub. Bu mühit onun gələcək yaradıcılığında “Vəhşi düşüncə” (“The Thought-Fox”) və “Yağış atı” (“The rain horse”) kimi ilk əsərlərinin ruhunu müəyyənləşdirib.

Ted Hyuz Mexborough Qrammatika Məktəbində oxuyarkən müəllimlərinin və bacısı Olvinin dəstəyi ilə şeirə maraq göstərməyə başladı. Cerard Hopkins və Tomas Eliot kimi şairlərin yaradıcılığının təsiri altına düşdü. 1946-cı ildə onun “Vəhşi Qərb” adlı ilk şeiri məktəb jurnalında çap olundu. 16 yaşına çatanda artıq yalnız şair olmaq istəyirdi.
1948-ci ildə o, Kembric Universitetinin Pembroke Kollecində təhsil almaq üçün təqaüd qazandı, lakin əvvəlcə iki illik hərbi xidməti yerinə yetirdi. 1949–1951-ci illərdə Hyuz Britaniya Hərbi Hava Qüvvələrində radio texniki kimi çalışırdı. Boş vaxtlarını Şekspir oxumağa sərf edirdi. Daha sonra Kembricdə ingilis ədəbiyyatı üzrə təhsilini davam etdirdi, lakin akademik mühitdən boğulduğunu hiss edərək antropologiya və arxeologiyaya keçdi. Bu sahələr onun şeirinin mifoloji və simvolik qatlarını formalaşdırdı.
Universitet illərində yazdığı ilk şeirlər “Granta” jurnalında “Daniel Hearing” təxəllüsü ilə çap olundu. Universitetdən sonra Londonda müxtəlif işlərdə – bağban, gecə mühafizəçisi, film şirkətində oxucu və London Zooparkında poçtalyon kimi çalışdı. Bu işlər ona heyvanları yaxından müşahidə etmək imkanı verirdi.
Ted Hyuz 1956-1963-cü illərdə 30 yaşında intihar edən amerikalı şair Silviya Plat ilə evli olub.
1956-cı ilin fevralında Kembricdə təşkil olunan bir ədəbi tədbirdə Hyuz amerikalı şair Silviya Platla tanış olmuşdu. Aralarındakı cazibə o qədər güclü idi ki, bir neçə ay sonra - 16 iyun 1956-cı ildə evləndilər. Toy tarixi qəsdən Ceyms Coysun “Uliss” romanına işarə edən “Bloomsday” günü seçilmişdi. Bal ayını İspaniyanın Benidorm sahillərində keçirdilər.

Hyuz və Plat evliliklərinin ilk illərində bir-birlərinə həm yaradıcı, həm də mənəvi dəstək idilər. Hər ikisi şeirlər yazır, jurnallarda çap olunur, BBC üçün proqramlarda işləyirdilər. 1957-ci ildə Hyuzun ilk şeirlər kitabı “Yağışdakı qartal” (“The Hawk in the rain”) nəşr olundu və ona Somerset Moem mükafatını qazandırdı. Onun poetik dili sərt, enerjili və təbiətin gücünü ifadə edən bir ritmə malik idi.
1960-cı ildə “Lupercal” adlı ikinci kitabı nəşr olundu və böyük uğur qazandı. Bu illərdə o, şamanizm, buddizm kimi mistik sistemləri ciddi şəkildə öyrənməyə başladı. Hyuz inanırdı ki, şeir insan ruhundakı parçalanmaları sağalda bilər.
Cütlüyün iki övladı dünyaya gəlmişdi: Frida Rebeka və Nikolas Farrar.

1961-ci ildə Devon bölgəsində bir malikanə aldılar. Lakin 1962-ci ildə Hyuz Assia Vevil adlı qadınla münasibətə başladı və bu, onların evliliyinə son qoydu. Plat depressiyadan əziyyət çəkirdi və 1963-cü il fevralın 11-də intihar etdi.
Bu hadisə Hyuzun həyatını və imicini dərin izlərlə dəyişdirdi. Bəzi feminist tənqidçilər onu Platın ölümündə günahlandırırdılar. Hətta Platın məzarı bir neçə dəfə vandalizmə məruz qaldı, çünki başdaşında ərinin də soyadı - “Silviya Plat Hyuz” yazılmışdı.
Hyuz Platın ölümündən sonra üç il şeir yazmadı. O, Platın ədəbi irsinin rəsmi idarəedicisi idi və “Ariel” (1965) adlı məşhur kitabın nəşrinə nəzarət etdi.
Bəziləri onu Platın gündəliklərinin bir hissəsini məhv etdiyinə görə tənqid etsələr də, o bunu uşaqlarını qorumaq məqsədilə etdiyini bildirdi.

1969-cu ildə Assia Vevil də eyni şəkildə intihar etdi və dörd yaşlı qızları Şuranı da özü ilə birlikdə öldürdü. Bu hadisə Hyuzun həyatında ikinci böyük faciə idi. O, bu ağrılardan sonra “Crow” (1970) və “Cave Birds” (1975) kimi ağır, mifoloji əsərlər yazdı.
1970–1980-ci illərdə Hyuzun yaradıcılığı həm poetik, həm də fəlsəfi baxımdan dərinləşdi. “Gaudete” (1977) və “Remains of Elmet” (1979) kitablarında vətəninin təbiətini və insanla kainat arasındakı münasibətləri araşdırırdı.
Ömrünün sonunda yazdığı “Doğum günü məktubları” isə onun Silviya Plat ilə münasibətinin səmimi, ağrılı və bağışlanma dolu poetik etirafı idi. Bu kitab böyük uğur qazandı.

Ted Hyuz 28 oktyabr 1998-ci ildə xərçəng xəstəliyindən vəfat edib. O, ömrünün sonuna qədər Böyük Britaniyanın rəsmi dövlət şairi hesab olunub.
2009-cu ildə onun xatirəsinə Ted Hyuz Mükafatı təsis edilib. Bu mükafat hər il Birləşmiş Krallıqda ən yenilikçi poetik əsərə verilir. 2010-cu ildə isə Ted Hyuz Cəmiyyəti yaradıldı, onun irsini tədqiq edən elmi jurnal və konfranslar təşkil edilməyə başlandı.

Ted Hyuzun əsərləri əsasında bir çox musiqi və teatr adaptasiyaları hazırlanıb.
Hyuzun poeziyası təbiətin, heyvanların, həyat və ölüm qüvvələrinin dərin simvolları ilə doludur. O, həm qədim miflərin, həm də müasir insanın daxili aləminin şairidir. Təbiətin səsini dinləmək, onun dilini ədəbiyyata çevirmək Hyuzun yaradıcılığının əsas məqsədi idi.
Özünün dediyi kimi: “Heyvanın içindəki ruh – insanın içindəki vəhşiliyin təmiz halıdır.” Ted Hyuz bu ruhu sözə çevirməyi bacaran nadir şairlərdən biri idi.