"Adamın atası belə havada ölər də" - Bəxtiyar Qaraca

"Adamın atası belə havada ölər də" - Bəxtiyar Qaraca
7 mart 2025
# 18:35

Kulis.az Bəxtiyar Qaracanın yeni yazısını təqdim edir.

O gün səhər-səhər Mir Şahinin paylaşımından xəbər tutub Fərid Hüseynlə Elbrus Ərudun atasının dəfninə gedəndə hava cox soyuq idi. Qar yağırdı.

Qəbiristanlıqda külək daha da gücləndi, qar bir az da artdı. Arada günəş üzünü göstərməyə çalışsa da, qar ona imkan vermədi. Sanki günəşi qovurmuş kimi külək də qardan geri qalmadı. Hamıya soyuq idi. Fikir verdim, içi mən qarışıq Arktikadakı pinqvinlər sayaq bir-birimizə elə yaxın dayanmışdıq ki, bəlkə, bu soyuqdan, az da olsa, qoruna bilək.

Amma o gün aramızda ən cox üşüyən, məncə, bir Elbrus idi, bir də atası. Elbrusun müəllim atası sanki son dəfə bizi bir yerə yığmışdı ki, ağrı-acı da, eləcə də qarda, şaxtada bir-birimizin yanında necə dayanmalı olduğumuzla bağlı son dərsini deyib getsin...

Qəbir üstə gələnləri bir-bir qucaqlayıb görüşən Elbrus kiminsə söz xatirinə “belə gündə belə bir hava”dan şikayətinə də: - Ə, adamın atası da belə havada ölər də - deyə bərkdən cavab verdi.

25 il o yanda bir noyabr günü Beyləqanda Haramı düzündəki qaçqınlıqda, köçkünlükdə ailəmizin sığındığı köhnə bir evdən atamı son mənzilə necə yola salmağımızı xatırladım. Onda atamın da yaşı Elbrusun atasının yaşı qədərdi. Atalar üçün ən kritik yaş dövrü elə, deyəsən, budur – 75-76.

Onda da dəhşətli bir soyuq vardı. O düzənlikdə ətrafda bir daldalanacaq, bi ev belə olmadığından şaxta bütün bədənimi əsdirirdi. İndi biz orda olmasaq da, o gün yaddan çıxıb ipdə qalan, buza dönən paltarlar, mənə elə gəlir hələ də orda yel vurduqca yellənməkdə, əsməkdə, titrəməkdədir...

Onda üşüyə-üşüyə atamı qardaşımdan uzaqda o soyuq məzara necə qoyacağımızı düşünürdüm. Onda həm torpaq, həm oğul dərdi olduğundan atamın məzarı üstə qara bir parça çəkdilər. Nədənsə, ondan sonra mənim üşütməm kəsdi. Sanki o parçanın bir ucu da, bir tərəfi də mənim üstümdəydi...

Tezliklə mərasim başa catdi. Fəhlələr əllərində bel işlərini görüb qurtardılar və məzarın üstünə sonda yaşıl bir parça da sərdilər. Həmin an beynimdən keçdi ki, yəqin, bu, həm də soyuğa görədir. Sonra yadıma düsdü ki, belə vaxtlarda müxtəlif parçalardan –yaşıl, qara, qırmızı parcalardan da istifadə olunur. Yəqin yaşa baxıb bu parçaları seçirlər. İşğaldan qabaq Qarabağda dəfn eləyib gəldiyimiz balaca qardaşımızı otuz üç il sonra həm də o qırmızı parçayla axtarıb tapa bildik...

Bu parçalar, yəqin, həm də o dünyayla bu dünya arasında bir pərdədir – gedənləri bu dünyanın ağrı-acısından, söz-söhbətindən, həm də istisindən, soyuğundan, bir növ bizi o dünyadan, o dünyanı bizdən qoruyur. Həm də qara və soyuq torpağın altına girməkdənsə, o yaşıl parçanın arxasına keçib uzanmaq daha yaxşı, daha rahat, daha asan deyilmi? Həm gedən üçün, həm qalan üçün. Ordan burdakıları görmək də, eşitmək də asan olar məncə...

Vaxtilə Hüseyn Arif yazırdı:

Torpaqmı anasız qalmasın deyə
Torpağın qoynuna köçür analar?..

Bəlkə, elə ona görə torpağın qoynuna atalar da köçür...

Fikirləşirəm ki, indiyə kimi Elbrusun yazdıqlarından, danışdıqlarından atasının xəbəri olurdu, razılığını da bildirirdi, narazılığını da. Bundan sonra necə olacaq – yazdıqları, dedikləri, istədikləri o yaşıl parçadan, o yaşıl pərdədən o yana keçəcəkmi? Torpaqdan yox, parçadan keçər yəqin...

Dönüb aramızda həm dərdə, həm soyuğa əyni ən nazik olan Elbrusa baxıram. Bu saat ən azından üşüyən dostumuzun çiyninə nəsə salmaq lazımıydı. Onu da biz etməliydik. Biz də etmədik nədənsə...

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri və mistisizmi sənətə çevirən rəssam - Uilyam Bleyk kim idi?

Şeiri və mistisizmi sənətə çevirən rəssam - Uilyam Bleyk kim idi?

16:20 12 avqust 2026
Vəfat edən tanınmış müğənninin  sirri üzə çıxdı

Vəfat edən tanınmış müğənninin sirri üzə çıxdı

15:20 12 avqust 2026
Türkiyədəki kitabxana dünya birincisi seçildi

Türkiyədəki kitabxana dünya birincisi seçildi

13:30 12 avqust 2026
“Oskara”a namizəd aktyorun yeni layihəsi açıqlandı

“Oskara”a namizəd aktyorun yeni layihəsi açıqlandı

13:00 12 avqust 2026
Dünyanı fəth edən "Agent 007"nin müəllifi - Ceyms Bond obrazı necə yarandı?

Dünyanı fəth edən "Agent 007"nin müəllifi - Ceyms Bond obrazı necə yarandı?

12:00 12 avqust 2026
Nazim Şahinin "13-cü Dua"  adlı fərdi sərgisi açılacaq

Nazim Şahinin "13-cü Dua" adlı fərdi sərgisi açılacaq

11:30 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər