Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti

Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
15 yanvar 2021
# 14:07

Şuşa! Əvvəl bu ad bizi nə dərəcədə kədərləndirirdisə, indi həmin kədərdən qat-qat artıq xoşbəxt edir.

Şuşa sözünü eşidəndə üzlərdə ilıq bir təbəssüm yaranır, gözlərə işıq gəlir.

Elə bil, sudan kənara düşmüş balığı yenidən suya qaytarırsan.

Bu gün də Prezidentin Şuşaya səfər edəcəyini eşidəndə xoşbəxt olduq.

Səhərimiz bu gözəl xəbərlə süslənib-püsləndi.

Bəlkə də qəzəblə sevincin dərəcəsini bir-biri ilə müqayisə etmək doğru deyil, amma Paşinyanın “Cıdır düzü”ndə “Yallı” getməsinə nə qədər qəzəblənmişdiksə, bu gün ondan qat-qat artıq sevindik.

Ürəyimizdən tikan çıxdı!

Hamı kimi mən də sevincli xəbərlə yerimdən qalxıb əl-üzümü yudum, özümə pürrəngi çay süzdüm. Pəncərə yanına keçib şəhərə boylandım. Atam Akif Səmədin bəlkə də mənə müraciətlə yazdığı aşağıdakı misralar yadıma düşdü

Hər səhər evdən çıxanda
“Şuşa!” deyib bağır, bala.

Amma bağırmadım, sevgilinin qulağına “Səni sevirəm” deyirmiş kimi Bakının qulağına “Şuşa” pıçıldadım.

Elə bil Xəzər dənizində dalğalar gülüşdü, Nargin adası sevindi.

Pəncərəni açıb dərindən nəfəs aldım.

İçim mas-mavi bir səma kimi genişləndi.

Təşəkkür elədim.

Gözümə görünən və görünməyən hər şeyə təşəkkür elədim.

Şuşadakı səfərdən gələn fotoları görəndə isə sevincim üçqat artdı.

Üzeyir bəy, Natəvan və Bülbülün heykəlləri...

Prezident 1992-ci il işğalı zamanı erməni vandalları tərəfindən güllələnmiş heykəllərin açılışını etdi.

Yaralı heykəllər yaralı Şuşaya qayıtdı.

O vaxt Azərbaycan hökuməti güllələnmiş heykəlləri Gürcüstan vasitəsilə Bakıya gətirə bilmişdi. Heykəllər İncəsənət Muzeyinin həyətində saxlanılır, ziyarət olunurdu.

Bu gün Prezidentin Şuşaya məhz bu yaralı heykəllərlə getməsi həm bizim üçün, həm düşmən, həm də dünya üçün çox gözəl bir mesaj oldu.

Bu heykəllərdəki güllə izləri kimin mədəniyyət düşməni, kimin mədəniyyət sahibi olduğuna açıq-aydın sübutdur.

Biz Şuşanı yenidən mədəniyyət ocağına çevirəcəyik.

Əminəm ki, Üzeyir bəyin, Natəvanın, Bülbülün ruhları da indi çox şaddır.

Əgər mənə inanmırsınızsa, o heykəllərin şəkillərinə bir də baxın, diqqətlə baxın, görün hər yeri mərmi izləri ilə dolu o yaralı heykəllər necə xoşbəxt görünür!

İnanmıram ki, bu heykəllər Şuşa işğalda olan vaxt belə xoşbəxt görünə bilərdilər.

Bizim Cənab Prezidentə ikiqat təşəkkür borcumuz var.

Birincisi, Şuşanı bizə qaytardığına, ikincisi, ora məhz Üzeyir bəy, Bülbül və Natəvanla qayıtdığına görə!

# 5239 dəfə oxunub

Oxşar xəbərlər

"Çayxanalar mənim həyatımda xüsusi rol oynayıb" - Kamal Abdulla

"Çayxanalar mənim həyatımda xüsusi rol oynayıb" - Kamal Abdulla

15:58 7 iyul 2025
I Pyotra qarşı vuruşan ilk qadın qiyamçının hekayəsi - Qəbulə xanım kim idi?

I Pyotra qarşı vuruşan ilk qadın qiyamçının hekayəsi - Qəbulə xanım kim idi?

14:15 7 iyul 2025
“Jurassic World: Yenidən doğuluş” rekord  gəlir qazandı

“Jurassic World: Yenidən doğuluş” rekord gəlir qazandı

14:03 7 iyul 2025
"İndi daha çox kişilər ağ atlı şahzadə gözləyirlər" - Günel Novruz

"İndi daha çox kişilər ağ atlı şahzadə gözləyirlər" - Günel Novruz

12:59 7 iyul 2025
Direktor niyə maşınını işçilərə yudurdur? - Yalçın İslamzadə

Direktor niyə maşınını işçilərə yudurdur? - Yalçın İslamzadə

12:08 7 iyul 2025
"Tolstoy" festivalının builki mövzusu -  Ailə səadəti

"Tolstoy" festivalının builki mövzusu - Ailə səadəti

12:04 7 iyul 2025
#
#
# # #