O qızları böyük oğlanlar apardılar – Loğman yazır...

O qızları böyük oğlanlar apardılar – Loğman yazır...
4 may 2023
# 09:00

Kulis.az Loğmanın “Bənövşə ətirli sevgilər” adlı yeni yazısını təqdim edir.

Kənddə doğulduq, kənddə böyüdük – tozun-torpağın içində. Oyuncaq-filan görmədik, oyuncağımızı da elə tozdan torpaqdan düzəltdik. Oyuncağımız koğamız oldu, kitabımız oldu, oyundaşlarımız da – quzular.

Uşaqlığımız quzuların yanında keçdi. Kitabları da quzuların yanında oxuduq, dərslərimizi də quzuların yanında öyrəndik. Əslində, quzu otarmağa getmək elə dərs öyrənməyə getmək demək idi –valideynlərimiz belə düşünürdülər.

Kənd uşaqlarından ötrü dərs öyrənməyin quzu otarmaqdan ideal şəkli yox idi. Quzuların yanında o qədər vaxt keçirmişdik ki, özümüz də quzu kimi, quzutəbiətli olmuşduq. Quzuların yanında dünya daha təmiz, daha təbii, daha gözəl görünürdü. Üfüqlər daha geniş, göylər daha nəhayətsiz idi.

Göy otun üstünə uzanıb göylərə baxmaqdan doymazdıq. Göylər adamı çəkirdi. Bir də kənd uşağının nədən kasadlığı olsa da, xəyal sarıdan kəmgünlüyü olmazdı.

Amma o uşaqlıq illərinin quzu otarmaqdan savayı bir yaddaqalan cəhəti də vardı ki, bu da yaz gələndə bağ-bağatda çiçəklərin, güllərin açması idi. Bütün kəndarası yollardan, məhəllələrdən iydə və yasəmən ətri gəlirdi. Çöllərdənsə – bənövşə. Bu, unudulmaz bir səhnə idi. Sevincin, fərəhin həddi-hüdudu yox idi. O vaxt gül-çiçəkdən öz ətri gəlirdi – gül-çiçək ətri.

Məktəbə gül aparmaq isə ən sevimli məşğuliyyət sayılırdı. Axı onu qızlara verirdik... Qızların təbəssümü, minnətdarlığı baharın bizə bəxş etdiyi ən böyük nemət idi.

Yaz gələndə özüynən elə bil bir sevgi də gətirirdi. Qəribə də olsa, elə kimisə sevmək istəyirdin. Bir var kimisə görəsən, vurulasan, sonra da sevgi baş qaldıra.Bir də var ki, sevgi doğulub, sevgi var, amma bilmirsən kimindir, kimə verəsən. O sevginin hələ namizədi, yiyəsi olmasa da, onu kiminsə boyuna biçməyə çalışırdıq.

O sevgini kiməsə verməli idik. Bu, günəşin çıxmağı, yağışın yağmağı, yazın gəlişi kimi təbii bir hadisə idi. Olmalıydı. Hərdən mənə belə gəlirdi ki, biz göylərə baxa-baxa sevgilərimizdən çox qabağa getmişdik. Sonralar həyatda o göyə baxmağımızın ucbatından o qədər ayağımız daşa dəydi, büdrədik, yıxıldıq ki...

Yadımdadır ki, Novruz ərəfəsində oğlanların ürəkliləri qızlara sevgi məktubları yazırdılar. Ən gözəl qız ən yaxşı oxuyan qız idi – çirkin olsa da... Yaxşı oxumaq həm də gözəllik meyarı idi. Ona görə də o qıza yalnız yaxşı oxuyan oğlan eşq elan edə
bilərdi. Bu yazın gətirdiyi hissi, duyğunu, sevgini əslində bir təbəssümə, bir zarafata və ya bir oğrun baxışa hədiyyə edə, verə bilərdik – kollar əllərimizi cıza-cıza dərdiyimiz bənövşə dəstəsi kimi... Axı onun konkret sahibi yox idi.

Amma bu macəra, şirinlik, fərəh dolu günlər nadir hallarda əsl sevgi adlanan səltənətə qədər gedib çıxa bilirdi. Çünki qızlar çox vaxt bu sevgi məktublarına cavab vermirdilər.

Əslində, heç biz də o cavabı gözləmirdik. Yetərdi ki, qızlar onları sevdiyimizi bilsinlər. Cavab verməsələr də, bir bənzərsiz səadət boylanırdı bizə sarı – qızların gözlərinin dərinliyində elə zərif, elə incə, elə həyalı bir işartı vardı ki... O işartıdan dünyanın ən uzaq, ən əlçatmaz arzuları çiçəkləyirdi.

***

Tez-tez kitab almaq, dərsin yerini öyrənmək bəhanəsilə çəpər başında vaxta, qəlbə sığmayan, nağıldan şirin söhbətlər edərdik. Bu söhbətlərin başı-ayağı olmazdı.

Bilməzdik nədən danışırıq, həm də elə hər şeydən danışardıq: müəllimlərdən, uşaqlardan, dərsdən, kitablardan, çiçəklərdən... Amma sevgidən bir kəlmə də kəsməzdik. Aramızda çəpər vardı axı... Bu çəpər həm də çox böyük dəyərlərin sərhədi idi. Biz onu heç vaxt keçmədik. Onsuz da, nədən danışsaq, ondan sevginin ətri, tamı gəlirdi. O çəpər başında elə bil hər şey donmuşdu – bizdən, bizim söhbətlərdən savayı. Elə bil dünyanın hər şeyi – adamlar, ağaclar, çiçəklər susub durmuşdular ki, bu söhbət uzansın, uzandıqca-uzansın, əbədiləşsin. Heç kim bu söhbətlərə mane olmaq istəmirdi. Bəlkə də, istəyirdilər, amma etmirdilər, qıymırdılar.

Bu nağıl o qızı anası çağırana qədər davam edərdi. Yalnız bundan sonra ətrafda nəyinsə varlığını hiss edirdik. Yalnız bundan sonra donmuş kino lenti hərəkətə gəlirdi. Ayrılırdıq, amma sonra o söhbətləri gecələr təkrar-təkrar xəyalımızdan keçirib sehrli anları yenidən yaşayırdıq. Onda səhərin açılmasını intizarla gözləyirdik – yenidən görüşmək, yenidən xəyallara dalmaq üçün. Bu da bir xoşbəxtlik idi. Ümumiyyətlə, o adam bəxtiyardır ki, sabahı qəlbə çağrılandır, sabah ona tərəf gəlir. Bir də var ki, sən düşürsən sabahların dalınca, sabahlar bir-birini əvəz edir, amma sən deyən sabah gəlmir ki, gəlmir... Belə gecələrdə ulduzları dönə-dönə sayıb qurtarırdıq, amma gecələr qurtarmaq bilmirdi. Və bütün gələcəyimiz, arzularımız səməni buğdası kimi o gecələrdə taleyin sonrakı baharında cücərmək üçün içimizdə islağa qoyulardı...

***

O illərin baş tutmayan sevgilərini, nakam məhəbbətlərini xatırlayanda həmişə o çəpər başında heykəl kimi donub qalmış oğlanlar gəlir gözümün önünə. Elə bilirəm ki, o günün, o saatın oğlanı özünü o qızın yolunda qurban verdi. Daha bir də o oğlandan, o andakı oğlandan olmayacaq...

Elə bilirdim ki, o qızlar getsələr də, çəpərin o üzündə yerləri boş qalsa da, o oğlanlar hələ də o çəpər başında gözləyirlər...

Onlar o çəpər başında nakam bir sevdanın adına ucaldılan abidənin önündə fəxri qarovulda dayanmış əsgərlər idi...

***

Uşaqlığımızın o illərində dədə-baba yurdlarımıza, doğma yaylaqlarımıza gedərdik. Bu da çox xoşbəxt günlər idi.
Hər komanın yanında sacda çörək bişirmək üçün ocaq yeri düzəldirdilər. Üç çay daşını düzüb arasında ocaq qalayırdılar. Hər çörək bişirəndən sonra his vurub o daşları yandırır, qaraldırdı. Bəzən o daşlar bomba kimi partlayırdı. Dözə bilmirdilər o yanğıya. Mövsümün sonunda arana qayıdanda yaylaqda nə varsa hamısını yığıb götürürdülər – bircə o his bağlamış daşlardan savayı... Yurd yerindən aralandıqca üç-üç düzülmüş ocaq daşları getdikcə kiçilir, qara nöqtələrə çevrilirdilər. Elə bil yüz illərin ayrılığı başlayırdı və o qara daşlar da “əlvida” sözündən sonra qoyulan üç nöqtə idi. O qara daşlar ayrılıqdan yurd yerinin bağrına düşən xala bənzəyirdi. Gələn mövsümə kimi mən onların dərdini
çəkirdim. Elə bilirdim ki, onlar da canlıdır və kiminsə, nəyinsə sevgisi ilə yanıb-yanıb qaralıblar.

Çəpər başındakı oğlanlar yaylaqda qalan hisli, qərib ocaq daşlarına da oxşayırdılar... Şüuraltı da olsa, anlayırdım ki, çəpərlər, sərhədlər sevginin düşməni, qənimidir.

Yəqin dünyada ilk çəpəri quzulardan ötrü çəkiblər ki, o biri tərəfə keçməsinlər. Çox sonralar bir mətləbi də anladım ki, həyatda sakit, mülayim, sadəlövh, quzu kimi oğlanlar təkcə sevgi çəpərinin deyil, bir çox çəpərlərin çöl üzündə qalırlar – nə qədər təmiz, vicdanlı, ədalətli olsalar, nə qədər ürəkdən sevsələr də... Bu, həyatın nöqsanı, xəyanətidir.

Həyat sevgi tanımır. Həyatın sevgiyə ehtiyacı yoxdur. Həyat etibarsızdır. Nə qədər məktəb vardı, o sevgilər toxunulmaz idi, bizim sevgi dünyamız da öz ritmində, havasındaydı. Məktəb bizim üçün bir məhəbbət planetinə dönmüşdü. Müəllimlər dərsi ona görə keçir, uşaqlar dərsə ona görə gəlirdilər, qələm dəftər, yazı-pozu ona görə lazım idi ki, biz sevə bilək. Dünyanın bizdən savayı işi-gücü yox idi elə bil...

İllər keçdi. O qızları məktəbi bitirən kimi bizdən böyük oğlanlar apardılar. Bununla da sevə-sevə qoruduğumuz, əzizlədiyimiz, üstündə əsdiyimiz sevgilər baharda qızlara bağışladığımız, amma uzun illər sonra kitabların arasından çıxan qurumuş bənövşələrə döndülər. Onlar sola bilmədilər, ölə bilmədilər. Yalnız quruya bildilər.

Bizdən xəbərsiz o bənövşələr kitab səhifələri arasında məhkum olmuşdular – nəyisə qoruyub əbədi saxlamaq üçün...

***

Hələ də inanıram ki, o illərdə xoşbəxt olmaq üçün çox şeylər vardı...

Hələ də inanıram ki, o illərdə xoşbəxt olmaq üçün elə də çox şey lazım deyildi...

# 2008 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #