"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri
4 aprel 2026
# 15:00

Kulis.az İlham Qəhrəmanın şeirlərini təqdim edir.

AYRILIQ

Səni xatırladım yenə bu axşam,
Əynində göy pencək, ağ yaxalığın.
Yanına gəlməyə nə çarə qılım?!
Görüm ağzı yansın bu ayrılığın!

O sevgi gözümdə təzə biçilmiş,
Uzaqdan ağaran kövşən yeridi.
Haçan xatırlasam, ürək yazığın
Tağından qırılıb düşən yeridi.

Giley dilimdədi, indi bilmişəm
Ürəyim heç sənlə kin saxlamazmış.
Sevgilər adamı ağlada bilər,
Sevgilər adama gün ağlamazmış.

Ürəyim boşalsın – nəyə lazımdı
Sözdən borc yığıla, ya cirə qala.
Şəhərin meri də ləj düşüb mənnən,
Qoymadı bir yerdə xatirəm qala.

Daha o deyiləm – yoluna çıxam,
Daha o deyiləm – yolda dayanam.
Məni düşünəndə kefini pozma,
Mən ki, ayrılığa öyrənmiş canam.

Bir gün görüşsəydik soruşacaqdım
Sinəmin çəkdiyi bu ahı – nədir?!
Səni yad edəndə elə vururam,
Bilmirəm dizimin günahı nədir?!

Bu sevgi bir az da yaz günü kimi –
Bir yandan gün çıxdı, bir yandan yağdı.
Sevgi yaşayırmı? – deyə bilmərəm,
Onu bilirəm ki, ayrılıq sağdı!

08.01.2026

KÖNÜL

Səni özümə çatdırdım, –
Üzüqoylu yatan könül.
Özündən özgə kimin var? –
Olmaz ayrı butan, könül.

Ağac odu cərgələnə,
Yoldan ötən kölgələnə.
Səni açdım hər gələnə
Əzdi çatan-çatan, könül.

Qəm yükün çəkili olsa,
Görk olar tökülü olsa...
Baxan deyər şəklin olsa, –
Qul günündə sultan könül.

03.01.2026


MƏKTUB
(silsilə)

Ömür yaşandı getdi,
Səndən xəbərsiz oldum.
Yəqin məni qınadın –
Niyə təpərsiz oldum?!

Gərək o sevgimizə
Xatirə qoyduraydım.
Biz ayrılan küçənin
“Ayrılıq” qoydum adın.

Bir gün görüşə bilsək,
Səni yoldan saxlaram...
Sən dayanıb gülərsən, –
Mən dayanıb ağlaram.

İnanmışdım ki, mənə
Ağ gün toxuyar bəxtim.
Çox gözlədim gəlmədi, –
Gedib yuxuya bəxtim.

Sən mənim ağladığım,
Hələ də kürrüyümsən.
Qanunsuz silah kimi
Gizlətdiyim sirrimsən.

Bir ürəkdən gülməyə
Heç vermədi qəm imkan.
Xəbər tutsan ölmüşəm,
Dərd eləmə, qəmin kəm.

20.09.2025

AĞLAYIR

Deməz kimsəyə dərdini,
Bu adam necə ağlayır?!
Muştuluqdu gözdən axan,
Çoxunu içə ağlayır.

Bəlkə taledən qarğanır...
Kəsilir, içdən doğranır,
Atır başına yorğanı
Gizlicə gecə ağlayır.

Quşdu yuvasından perik,
Kədər oddu, fikir körük.
Onun bu halına şərik
Daş-divar, küçə ağlayır.

23.01.2026


SÖZƏ LAY-LAY

Bazarda alıcın yoxdu,
Sözüm lay-lay, sözüm lay-lay.
Bir çarən, əlacın yoxdu,
Sözüm lay-lay, sözüm lay-lay.

Güllə atılır tətikdən,
Ağac kəsilir kötükdən,
Misrası səkkiz qəpikdən,
Sözüm lay-lay, sözüm lay-lay.

Kim olmadı üz bozardan,
Boyun görünməz hasardan.
Şapalaqla üz qızardan,
Sözüm lay-lay, sözüm lay-lay.

Çəkdim su kimi quyudan,
Basdım bağrıma uyudam...
Gedib üstümə qayıdan,
Sözüm lay-lay, sözüm lay-lay.

Qar yağar, möhkəm ələr də,
Səngiyər, həm kəm ələr də...
Tək qaldın məhkəmələrdə,
Sözüm lay-lay, sözüm lay-lay.

Yalan-böhtana ası mən,
Şeirə çox vasvası mən.
Üzərliyi, duası mən,
Sözüm lay-lay, sözüm lay-lay.

İlham zahid, sən də dinsən,
Güdükdə durublar – dinsən.
İçimdəki şəhidimsən,
Sözüm lay-lay, sözüm lay-lay.

17.01.2026

PRİTÇA

Min çeşniylə, butayla
bəzənmiş gəbə könlüm.
İki yüklü dəvədən biri ölsə,
yükü sağ qalana vurular, –
sağ qalan dəvə könlüm.

20.03.2026


ARAYIŞ

Ey tənqidçi, haqqımda
İki əlaməti qeyd et:
Canı şeirə qəlib.
İkinci də belə olsun –
Məğlub doğulmuş qalib!

07.02.2026

HAL

Təzə işə keçən xanım,
Görüm taxt-tacın mübarək!
Durum ziyarətə gəlim,
Desinlər “hacın” mübarək!

Dedilər sevgidən qorun –
Məndə götürüm nə gəzir?!
Sevgi yağış kimi tutdu,
Mənim çətirim nə gəzir.

Haçansa yanına gəlsəm,
Demə məni yol gətirib,
Məndə elə ürəkmi var? –
Bil ki, məni hal gətirib.

Mürgü döyən barmaqları
Saçına çəksəm ayılar.
Ağzıgöyçəklərdən iraq,
Eşqinə düşən bayılar!

Sevgidən yaxa çəkməzlər –
Gəlsə, Allahdan əmrdi...
Mənim ürəyimdə sevgi
Armud kökündə dəmirdi.

21.08.2025

GÖZƏL

Yenə can almağa xuruşu tutub,
Çalması göz üstə yan duran gözəl.
Aşiqə sözü var – dilə nə minnət,
Mətləbi nazıyla qandıran gözəl.

Həm xoş baxışlıdı, həm xoş simalı,
Gözəllik üzündə hələ dəm alı...
Şuxluğu tutanda gecə camalı –
Göstərib ayı da yandıran gözəl.

O ki gözəllikdə ad eyləyibdir,
Yol gəlib yolları şad eyləyibdir,
Nə əcəb İlhamı yad eyləyibdir,
Şeytanın qıçını sındıran gözəl.

22.06.2025

SƏNİ SEVMƏK

Sənin gözəlliyin
Balığı aldatmaq üçün
yem taxılmış qarmaqdı,
Üstəlik, səni sevmək
Biriylə dalaşanda
başqa birinə sillə vurmaqdı.

12.06.2025

XƏSTƏLİK

Üstünə sağlıq, xəstəyəm…
Giley kimi çıxmasın –
Sən getdin darıxmağa yoluxdum.
Kömək eləmir – çölə çıxdım,
Nəfəs aldım, hava uddum.

Əlaməti belədi ki,
Bir yerdə dura bilmirsən,
Hara getsən, darıxırsan.
Canını qoymağa yer olmur,
İçindəcə vurnuxursan.

Kim nə dərman deyə bilər
Belə xəstə biçarəyə?!
Nə həkimə getməli deyil,
Zalım, nə türkəçarəyə…

18.02.2025

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər