Boşluqdan sonra - Şahin Səmədovun hekayəsi

Boşluqdan sonra - Şahin Səmədovun hekayəsi
12 sentyabr 2026
# 13:14

Kulis.az Şahin Səmədovun "Boşluqdan sonra" hekayəsini təqdim edir.

Tərk edilmiş ev və bu böyük boşluğun içində bərkdən qışqıran köhnə, xoşbəxt günlər...

Ehtiyatla qapını açıb içəri daxil oldum və elə ilk andan ruhumu kədər bürüdü.

Ev elə sapsarı, elə ruhsuz görünürdü ki, sanki bura əsrlərdir tərk edilib.

Qonaq otağına doğru addımladım. Addım atdıqca sızıldayan taxta döşəmə, sanki yatmış xatirələri oyatmaqdan qorxan kövrək səslər çıxarmağa başladı. Döşəmənin künclərində yığılıb qalmış toz dənəcikləri, burada yaşanmış xoşbəxt günlərin külə dönmüş qalıqları kimi parıldayırdı. Otaqda hər şey olduğu kimi idi: köhnə mebellər heç bir şey olmamış kimi yenə də öz əvvəlki yerlərindən boylanırdılar. Mebellər yerində dursa da, içləri ruhsuz bədən kimi boş idi. Küncdəki divan öz örtüyündən, döşəmə isə illərin tapdanmış xalçasından məhrum edilmişdi: otaq sanki soyundurulmuşdu. Bu mənzərəni çox adi, belə olmalıymış kimi qarşıladım. Yemək masası üzərində unudularaq tək qalmış fincan, içindəki çay ləkəsilə birlikdə keçmişin bütün şirinliyini də çoxdan itirmişdi.

Öz-özümə pıçıldadım:

- Bir evi qəbiristanlığa çevirmək üçün cəmi üç ay bəs edirmiş... Bu vəziyyətin səbəbkarını taleyin ən ağır cəzasına məhkum edib içimdə ona qarşı lənətlər püsgürdüm.

Addımlarım məni pəncərənin önünə apardı. Bir zamanlar bayırdakı mənzərəni seyr etmək üçün təmizlənən pəncərə şüşələri indi sadəcə sükutun şəffaf divarına çevrilmişdi. Oğlum gözlərim önünə gəldi. Bu bomboş evin ən sadiq, ən vazkeçilməz sakini məhz mənim on beş yaşlı kiçik oğlum olmuşdu. Biz üçümüz növbə ilə həyatın axarına qoşulub harasa gedər, geri dönərdik: amma o bu divarların qoruyucu mələyi kimi hər zaman burada qalmağa məhkum idi. Autizm sindromunun gətirdiyi qapalı dünya və artıq böyüyən, ağırlaşan fiziki bədəni onu addım - addım cəmiyyətdən qoparmışdı. Onu evdən çıxarmaq, harasa aparmaq artıq bizim üçün aşılmaz bir səddə, müşkül bir işə çevrilmişdi. Bax, elə buna görə də otaqlardakı bu dəhşətli boşluq əslində onun daxili dünyasının güzgüsünə çevrilmişdi. Ev o qədər səssiz idi ki, sanki oğlumun danışa bilmədiyi, içində boğduğu bütün o kəlmələr, duyğular bu divarlara hopmuşdu. O hər zaman xarici aləmin səs küyündən bu evin sükutuna sığınmışdı. Bu boşluğa baxanda, əslində onun pəncərələrdən bayıra baxan o lal, gizli darıxmalarını görürəm. İndi bu boş ev deyil: bu ev oğlumun buraya sığışdırdığı, amma heç kimin tam anlaya bilmədiyi nəhəng dünyasının əks sədası ilə doludur. O indi məndən yüz kilometrlərlə uzaqdadır, artıq mənə yad olan anasının və digər yaxın qohumlarının yanındadır.

Yəqin ki, o da mənim kimi darıxır deyə düşündüm.

Divanın üzərinə çökdüm. Divarlar elə bil üzərimə gəlirdi, əşyalar isə mənim halıma səssizcə tamaşa edirdi. Gözlərimi yumdum və özümü zamanın axarına buraxdım. Zaman donsa da zehnimdə keçmişin canlı, rəngarəng lent yazısı sürətlə fırlanmağa başladı. Sonra bir səs eşitdim, kimsə yavaşca dedi: "Gəldin? "... Bu çox tanış, aylar əvvəl itən bir səs idi. Diksinib ayağa qalxdım, nəfəsimi dərib dayandım. Evin boş divarları bu səsi elə böyütdü ki, ürəyimin döyüntüsü qulağımda uğuldamağa başladı. Döşəmənin üzərində məndən başqa kiminsə kölgəsi varmış kimi hiss etdim. Səsin dəhlizdən gəldiyini düşündüm. Yavaş-yavaş, hər addımımda döşəməni cırıldatmamağa çalışaraq o tərəfə doğru getdim. Əlbəttə orada heç kim yox idi. Bu səs ruhumda elə bir dalğa yaratmış oldu ki, içimdəki darıxmaq hissi birdən birə vulkan kimi püskürdü. Evə daxil olduğum vaxtdan bəlkə heç on dəqiqə də keçməmişdi. Artıq bu divarlar arasında qalmaq, bu ağır sükutu nəfəs-nəfəs udmaq mümkün deyildi. Keçmişin xatirələri məni boğmağa başladı. Buraya gələndə bəlkə də bir təsəlli tapacağımı düşünmüşdüm. Tələsik addımlarla qapıya tərəf yönəldim. Sanki bir saniyə də ləngisəm, bu ev məni təmamilə udacaqdı. Qapının dəstəyindən tutub son dəfə arxaya boylandım.

Və birdən qapının zəngi çalındı. Qapını açdım və böyük oğlum içəri daxil oldu.

- Məni bura niyə çağırmısan? , - deyə gülümsəyərək soruşdu və böyük boşluğa tərəf addımladı.

- İstəyirəm mənə kömək edəsən, buraları təmizləyək, - dedim. Böyük oğlumun gəlişi daxilimdə qəribə bir yüngüllük yaratmış oldu. Ancaq onu nə vaxt yanıma çağırdığımı xatırlaya bilmədim.

# 189 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər