Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu
21 oktyabr 2026
# 16:47

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda görkəmli bəstəkar, musiqi və ictimai xadim, Xalq artisti, professor Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynovanın aparıcılığı ilə təşkil olunan tədbirdə professorlar Həcər Babayeva və Zemfira Qafarova bəstəkarın zəngin həyat və yaradıcılıq irsindən söz açıblar.

Həcər Babayeva “Bəstəkar Ramiz Mustafayevin yaradıcılığına bir nəzər” mövzusunda məruzə ilə çıxış edib, Zemfira Qafarova isə sənətkarla bağlı xatirələrini bölüşüb.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş televiziya filmi haqqında məlumat verib. Daha sonra “Yaddaşın simləri titrəyərkən... Ramiz Mustafayev” sənədli filmi nümayiş etdirilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, Ramiz Mustafayevin yaradıcılıq irsi opera, simfonik və xor musiqisi, oratoriya, kantata, vokal-simfonik poema, mahnı və romanslar da daxil olmaqla rəngarəng musiqi janrlarını əhatə edir. Bəstəkarın yaradıcılığında Səməd Vurğunun eyniadlı dramı əsasında qələmə aldığı “Vaqif” operası xüsusi yer tutur. 1962-ci ildə bu əsərə görə bəstəkar Ümumittifaq gənc bəstəkarlar müsabiqəsinin laureatı adına layiq görülüb. Onun irsinin mühüm hissəsini tariximizə, milli mədəniyyətimizə və Vətənə məhəbbət ruhuna köklənmiş əsərlər təşkil edir. Ramiz Mustafayev, həmçinin xor sənətinin inkişafına və yeni nəsil azərbaycanlı musiqiçilərin yetişdirilməsinə dəyərli töhfələr verib.

Tədbirin bədii hissəsində Əməkdar artist Ramil Qasımov (tenor) və beynəlxalq müsabiqələr laureatı Fatimə Cəfərzadənin (soprano) ifasında bəstəkarın unudulmaz əsərləri səsləndirilib.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər