Vinil dəbdən düşmədi, CD-lər geri qayıdır – Dinləyicilər niyə striminqdən uzaqlaşır?

Vinil dəbdən düşmədi, CD-lər geri qayıdır – Dinləyicilər niyə striminqdən uzaqlaşır?
30 oktyabr 2026
# 11:20

Musiqi sənayesində gözlənilməz tendensiya müşahidə olunur: CD disklərə maraq yenidən artır.

Kulis.az xəbər verir ki, Britaniyanın “John Lewis” mağazalar şəbəkəsində iyul ayından etibarən CD pleyerlərlə bağlı axtarışlar 96 faiz yüksəlib.

Digər araşdırmaya əsasən, CD satışları da 16 faiz artıb.

Son illərdə musiqi dinləmək vərdişləri əsasən "Spotify", "Apple Music" və digər striminq platformalarının təsiri ilə dəyişib. İndi isə bəzi dinləyicilər fiziki daşıyıcılara qayıtmağın daha rahat və mənalı olduğunu düşünürlər. Onların fikrincə, sonsuz musiqi kataloqları və alqoritmlərin təklif etdiyi pleylistlər bəzən musiqi dinləməyi mexaniki prosesə çevirir.

CD həvəskarlarının arqumentləri müxtəlifdir. Bəziləri musiqini həmişəlik öz kolleksiyasında saxlamaq istəyir. Çünki striminq platformasında mahnı və albomlar lisenziya dəyişikliklərinə görə kataloqdan çıxarıla bilər. Digərləri isə sevdikləri müstəqil musiqiçilərin albomlarını birbaşa CD şəklində almaqla onlara daha çox maddi dəstək göstərdiklərini bildirirlər.

Vinillə müqayisədə CD-lərin daha ucuz və daşınmasının rahat olması da bu tendensiyaya təsir edir. Üstəlik, fiziki albom seçmək, diski pleyerə yerləşdirmək və mahnıları ardıcıllıqla dinləmək bəzi insanlar üçün xüsusi bir rituala çevrilib.

Görünür, musiqi dünyasında texnologiyanın inkişafı ilə yanaşı, köhnə dinləmə vərdişlərinə nostalji də güclənir.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər