Antik Troya şəhərində aparılan 2026-cı il arxeoloji qazıntıları zamanı qədim dövrə aid 2800 illik sümük fleyta və Erkən Tunc dövrünə aid 4500 illik insan formalı büt başı üzə çıxarılıb.
Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin "Gələcəyə miras" layihəsi çərçivəsində tapılan sümük fleyta Troyanın 160 ildən çox davam edən qazıntı tarixində aşkar edilən ilk və tək musiqi aləti kimi qeydə alınıb.
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial şəbəkə hesabında kəşfi elan edərək bildirib ki, e.ə. 750–480-ci illərə aid edilən bu fleyta Troyada musiqinin varlığına dair vasitəsiz və birbaşa arxeoloji sübutdur.
Təbii materiallardan hazırlanan musiqi alətlərinin minilliklər boyu saxlanması çox nadir hallarda mümkün olduğu üçün bu tapıntı xüsusi əhəmiyyət kəsb edir.
Qazıntılarda tapılan digər mühüm nümunə isə Troya şəhər darvazasının ətrafında üzə çıxarılan e.ə. 2500-ci illərə aid büt başıdır.
Bu tapıntının Erkən Tunc dövründə Troyada yaşamış toplumların simvolik dünyasına və Qərbi Anadolu ilə Egey dənizi hövzəsi arasındakı mədəni əlaqələrə işıq tutacağı gözlənilir.