"Qadın doğulmursan, qadın olursan..." - O, hansı əsərində məşhur yazıçı ilə seksual münasibətini yazmışdı?

"Qadın doğulmursan, qadın olursan..." - O, hansı əsərində məşhur yazıçı ilə  seksual münasibətini yazmışdı?
9 yanvar 2026
# 15:00

Bu gün tanınmış fransız yazıçı, ekzistensialist filosof, siyasi fəal Simona de Bovuarın doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və fəaliyyəti ilə bağlı materialı təqdim edir.

Simona de Bovuar XX əsr Avropa intellektual tarixinin ən mürəkkəb və təsirli fiqurlarından biridir.

O, özünü heç vaxt rəsmi mənada “filosof” adlandırmasa da, həm ekzistensializmə, həm də feminizmə verdiyi töhfələr onu bu sahələrin əsas sütunlarından birinə çevirmişdir.

Yazıçı, esseist, ictimai xadim və siyasi fəal kimi Bovuarın həyatı ilə ideyaları bir-birindən ayrılmaz idi; o, yazdıqlarını yaşadı, yaşadıqlarını isə düşüncə obyektinə çevirdi.

Simona 1908-ci ildə Parisdə, zahirən burjua dəyərlərinə bağlı, lakin Birinci Dünya müharibəsindən sonra maddi baxımdan zəifləyən bir ailədə dünyaya gəldi.

Atası Corc de Bovuar intellektual ambisiyaları olan, lakin həyata keçməmiş arzularını qızına yönəldən bir hüquqşünas idi.

Anası Fransuaz isə dərin katolik inancına malik idi və qızlarının dini ruhda tərbiyə olunmasında israrlı idi.

Simona uşaqlığında son dərəcə dindar olmuş, hətta rahibə olmağı belə arzulamışdı.

Lakin yeniyetmə yaşlarında yaşadığı intellektual böhran onun inancını sarsıtdı və bu dönüş nöqtəsindən sonra Bovuar həyatının sonuna qədər özünü ateist hesab etdi.

Gənc yaşlarından onun qeyri-adi intellektual qabiliyyəti diqqət çəkirdi. Atasının “Simona kişi kimi düşünür” sözləri həm dövrün cinsiyyətçi yanaşmasını, həm də qızının zehni potensialına duyduğu qüruru əks etdirirdi.

O, riyaziyyat və fəlsəfə üzrə bakalavr imtahanlarını verdikdən sonra Sorbonnada fəlsəfə təhsili aldı və klassik alman idealizmi ilə dərin şəkildə tanış oldu. Məhz bu dövrdə onun düşüncə dünyası formalaşdı və sonradan feminizmlə ekzistensializmi birləşdirən orijinal baxışı yaranmağa başladı.

Bovuarın həyatında həlledici dönəmlərdən biri Jan-Pol Sartrla tanışlığı oldu. Onların münasibəti nə klassik sevgi hekayəsinə, nə də ənənəvi ailə modelinə uyğun gəlirdi. Evliliyi şüurlu şəkildə rədd edən Bovuar azadlığı həm şəxsi həyatının, həm də fəlsəfi mövqeyinin mərkəzinə qoymuşdu.

Onların münasibəti “azad, lakin məsuliyyətli” bir birlik idi: qarşılıqlı intellektual təsir, daimi dialoq və eyni zamanda şəxsi sərhədlərin qorunması. Sartrla birlikdə keçirdiyi illər Bovuarın həm yazıçı, həm də filosof kimi yetkinləşməsində mühüm rol oynadı.

Onun erkən dövr yaradıcılığı, xüsusilə ilk romanı “O qalmağa gəldi”, şəxsi həyat təcrübələrinin bədii təhlili idi. Bu əsərdə sevgi, qısqanclıq, azadlıq və məsuliyyət kimi mövzular ekzistensialist prizma ilə təqdim olunur. Bovuar üçün ədəbiyyat sadəcə estetik fəaliyyət deyildi; bu, insan münasibətlərini və mənəvi seçimləri anlamağın bir yolu idi.

Fəlsəfi düşüncə sahəsində isə Bovuarın ən mühüm əsərlərindən biri “Pirr və Sinea”, daha sonra isə “İkili etika” oldu. Bu yazılarda o, insan azadlığının paradoksunu – həm tam azad olmağı, həm də tarixi və sosial şəraitlə məhdudlaşmağı – açıq şəkildə müzakirə edirdi. Onun üslubu Sartrın mürəkkəb ontoloji dilindən fərqli olaraq daha aydın və oxunaqlı idi, bu da ekzistensializmi geniş oxucu kütləsinə yaxınlaşdırdı.

Lakin Simona de Bovuarın adını tarixə qızıl hərflərlə yazan əsər “İkinci cins” oldu. Bu kitab qadının tarix boyu “Başqa” kimi konstruasiya edilməsinin sistemli və çoxşaxəli təhlilidir. Bovuar burada biologiyadan psixologiyaya, mifologiyadan iqtisadiyyata qədər müxtəlif sahələri bir araya gətirərək qadın əsarətinin sosial mexanizmlərini ifşa etdi.

Onun məşhur tezisi – “Qadın doğulmursan, qadın olursan” feminizm tarixində dönüş nöqtəsinə çevrildi. Bovuar göstərirdi ki, qadınlıq təbii taledən çox, cəmiyyət tərəfindən formalaşdırılan bir roldur.

“İkinci cins” əsəri yalnız akademik dairələrdə deyil, cəmiyyətin özündə də dərin rezonans doğurdu. Kitabın ilk ingilis tərcüməsi uzun illər təhrif olunmuş şəkildə yayılsa da, sonradan bərpa edilən tam tərcümə Bovuarın düşüncə dərinliyini daha aydın üzə çıxardı. Bu əsər feminizmi mənəvi və intellektual inqilab kimi təqdim edir, qadınları passivlikdən çıxaraq məsuliyyət və azadlıqla üzləşməyə çağırırdı.

1954-cü ildə nəşr olunan "Mandarinlər" əsəri Birinci Dünya müharibəsi bitdikdən sonrakı dövrə aiddi və bu əsər Bovuara ən yüksək ədəbiyyat mükafatı olan Pri Konkur mükafatını qazandırdı.

Bu əsər kitabını həsr etdiyi amerikalı yazıçı Nelson Alqrenlə əlaqələri də daxil olmaqla, Sartr və Bovuarın yaxın ətrafındakı dostlarının və filosofların şəxsi həyatına aid idi.

Həm "Mandarinlər" əsərində, həm də avtobioqrafiyalarında yazıçının onların cinsi həyatını təsvir etməsi Alqreni biabır etmişdi. Bovuarın əsərinin amerikan tərcüməsinin tənqidi zamanı Alqren bu biabırçılığa kəskin cavab vermişdi.

Bovuarın Alqrenə yazdığı sevgi məktubları da daxil olmaqla onun həyatında baş verənlər haqqda bir çox material ölümündən sonra ictimaiyyətə çatdırıldı.

Bovuar həmçinin də "Çalışqan qızın memuarı", "Həyatın əsası", "Çətin zamanlar", "Hamısı deyilib və edilib" adlı yazılarından ibarət olan dörd cildlik avtobioqrafiya yazmışdır.

1970-ci illərdə Bovuar Fransa qadınlarının azadlıq hərəkatında böyük aktivlik göstərdi. O, Fransada qeyri-qanuni hesab olunan qadınların abort etməsi barədə qanuna qarşı çıxan qadınların imzaladığı 1971-ci ildəki 343-cü Manifestinə imza atdı.

Bəziləri razılaşmırdi ki, Bovuar da daxil olmaqla qadınların çoxu abort etdirməyib, ancaq bu məsələ məxfi olduğundan heç kəsin bundan xəbəri ola bilməzdi. İmza atanlar arasında Katrin Denöv, Delfin Seyriq və Bovuarın bacısı Papeta da var idi. 1974-cü ildə abort Fransada qanuniləşdirildi.

1970-ci ildə yazdığı "Qocalığın gəlişi" adlı uzun essesi, 60 yaşına qədər dünyadan getməyən insanların tənəzzül və tənhalığı barədə nadir intellektual meditasiya nümunəsədir.

Bovuarın ictimai fəaliyyəti də onun yazıları qədər prinsipial idi. O, qadın hüquqları uğrunda mübarizədə ön sırada dayanır, abortun qanuniləşdirilməsi üçün açıq şəkildə mövqe tuturdu. 1970-ci illərdə Fransa qadın azadlıq hərəkatının simvollarından birinə çevrilmişdi.

Simona de Bovuar 1986-cı ildə Parisdə vəfat etdi və Monparnas qəbiristanlığında Sartrın yanında dəfn olundu. Ölümündən sonra onun nüfuzu daha da artdı. Bu gün Bovuar təkcə feminizmin “analarından biri” kimi deyil, həm də insan azadlığını bütün çətinlikləri ilə düşünməyə cəsarət edən böyük bir mütəfəkkir kimi xatırlanır. Onun həyatı və ideyaları göstərir ki, azadlıq yalnız hüquq deyil, həm də ağır, lakin qaçılmaz bir məsuliyyətdir.

# 407 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər