"Mənə güc verən konslagerdəki bir insana olan sevgim idi…" - Gestapo istintaqında səsini itirən Nobel mükafatçısı

"Mənə güc verən konslagerdəki bir insana olan sevgim idi…" - Gestapo istintaqında səsini itirən Nobel mükafatçısı
10 dekabr 2025
# 15:00

10 dekabr alman şair, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Nelli Zaksın doğum günüdür.

Kulis.az bu münasibətlə Инна Фрадковаnın "Nelli Zaks: «Mən yaşamaq üçün yazırdım…» yazısını təqdim edir.


Şairə Nelli Zaks gestapo tərəfindən dindirildiyi zaman səsini itirmişdi. Lakin sonralar onun poetik səsi bütün dünyada eşidildi.

10 may 1933-cü ildə Berlində yəhudilər tərəfindən yazılmış “zərərli” kitabların kütləvi şəkildə yandırılması baş tutdu.

Məhv edilən kitablar arasında G. Heyne, Z. Freyd, S. Sveyq, A. Eynşteyn kimi müəlliflərin kitabları da vardı.

Hələ XIX əsrin ortalarında böyük şair Henrix Heyne peyğəmbərcəsinə yazırdı: «Kitabların yandırıldığı yerdə bir gün insanları da yandıracaqlar».

İkinci Dünya müharibəsi illərində nasistlər Almaniya və işğal edilmiş Avropa ölkələri ərazisində 6 milyon yəhudini məhv etdilər.

Bu, yəhudi xalqının bütün tarix boyu ən faciəli dövrü idi.

Nasist Almaniyası yəhudilərə qarşı “yəhudi məsələsinin qəti həlli” (“Endlösung”) adlanan total məhvetmə siyasəti həyata keçirirdi.

Bu siyasətə görə, istisnasız olaraq bütün yəhudilər — kişilər və qadınlar, uşaqlar və qocalar məhv edilməyə məhkum idilər.

Burada,
bu ulduzun qırışlarında,
gecənin parça-parça qaranlığına bürünmüş
onlar dayanıb Tanrını gözləyirlər.
Paslı tikanlar onların ağızlarını bağlamışdır.
Dilləri lal olub. Yalnız gözləri danışır —
o gözlərdə boğulmuş ölümün quyusu var.
Ey öz yandırılmış övladlarını yeganə əmlakları kimi
gözlərində gəzdirən qocalar…

“Qocalar” şeirini yəhudi mənşəli alman şairəsi Nelli Zaks yazmışdır. Faşizm dövründə o, Almaniyada qalsa da, hələ həmin illərdə danışmaq gücü tapa bilmişdi.

Çünki susmaq onun xalqına xəyanət olardı — o xalqa ki, sağ qalanların dünya qarşısında Osvensim adlanan kosmik miqyaslı cəhənnəmi danışıb çatdırması üçün özünü qurban vermişdi.

O, 15 yaşında böyük heyranlıq duyduğu Selma Laqerlöfə bir əsərini oxuyub məktub yazmış və bu yolla onunla qiyabi tanış olmuşdu.

Zaks nasist Almaniyasında üzləşdiyi təqiblərdən və birbaşa ölüm təhlükəsindən məhz Selma Laqerlöfün köməyi sayəsində qurtula bilmişdi.

Dəhşətli 40-cı illərdə, Nelli Zaks 48 yaşında ikən anası ilə birlikdə faşist Almaniyasından qaçan son yəhudi qruplarından biri ilə İsveçə mühacirət etdi.

İki qadın balaca bir otaqda — keçmiş musiqi studiyasına sığınıb yaşamalı oldular; Nelli Zaks ömrünün sonuna qədər həmin otaqda qaldı.

Bir neçə il şairə əvvəlcə aşpaz, sonra tərcüməçi işləyirdi. O, həmin illər haqqında yazırdı:

"Ölümün təqibindən qaçaraq bura gəldik. Anam hər gecə dəhşətli iztirablar çəkirdi. Səfalət, xəstəlik, sonda isə ümidsizlik! İndi belə təsəvvür edə bilmirəm ki, o vaxt necə sağ qala bildim.

Mənə güc verən yeganə şey konslagerdəki bir insana olan sevgim idi…"

Sevdiyi insanın, qohumlarının, dostlarının ölümünü eşidəndə onun poeziyasının üslubu kəskin dəyişdi. Qaz kameraları, krematoriyalar, qeyri-insani əzablar — hamısı onun şeirlərində öz əksini tapdı: "Biz artıq köhnə üslubda yaza bilmərik. Bu, ümumilikdə bütün sənətə aiddir. Hər şey alt-üst olub…"

Poeziya Nelli Zaksı yaşatdı: «Mən yaşamaq üçün yazırdım. Mən orada olanlarla birlikdə alovda yanırdım… Amma yaşamalı idim - baş verənləri başqaları bilsin deyə…»

Zaks hiss edirdi ki, onun şəxsi həyatı daha əhəmiyyət daşımır; onun şəxsi həyatına dair detalları açıqlamaqdan xoşu gəlmirdi: "Bu sətirləri mən yazmışam, ya başqa biri - bunun heç bir əhəmiyyəti yoxdur!"

Sonralar isə: "Mənim şəxsiyyətim, ümumiyyətlə, önəmli deyil!"

Bunun çox səbəbi ola bilərdi, bəlkə də o, öz ağrısını naməlum oxucu ilə bölüşmək istəmirdi, yaxud bir qadının öz bioqrafiyasını danışmasını yersiz sayırdı.

Şairə dəfələrlə təkrar edirdi ki, onin missiyası Tanrını öymək deyil, yəhudi xalqının çəkdiyi iztirablardır: "Bizim məqsədimiz yəhudi xalqına xidmət etməkdir, gözəl şeirlər uydurmaq deyil!"

“Qocalar” şeirində qafiyə yoxdur. O, “burada” nida sözü ilə başlayır və oxucunu dərhal şeirin içinə çəkir, diqqəti kəskin şəkildə oyadır — görəsən kimdən söhbət gedir?!

Oxucunun diqqəti “qoca insanlar” üzərində cəmlənir; şeirin böyük hissəsində onlar “onlar” şəklində əvəzliklə adlandırılır.

“Qocalar” demək olar ki, görünmürlər, çünki onlar “ulduzun qırışlarında” dayanırlar — sanki pərdənin qırışlarında gizlənmiş kimi. Onların görünməzliyi daha da güclənir, çünki “gecənin parça-parça qaranlığına bürünüblər”.

Gecə onları sanki bir yorğan kimi örtür… Bu insanlar kasıbdır və gecənin lopa-lopa qaranlığı — onların yeganə paltarıdır…

Tam ümidsizlik və çıxılmazlıq hissi ilə onlar sadəcə dayanırlar. Və elə bil sanki ümumiyyətlə mövcud deyillər. Holokostdan sağ çıxanlar da eyni hissi yaşamırdılarmı? “Bəli, mən sağam, amma bunun heç bir əhəmiyyəti yoxdur".

Və ya daha dəhşətli şəkildə: “Mən yaşamıram. Mən Auşvitsdə öldüm, sadəcə bunu heç kim görmədi!”

Bu şeir, yalnız ümidlərini deyil, dillərini də itirmiş insanlar haqqındadır: “Paslı tikanlar onların ağızlarını bağlamışdır” - Osvensim onları lal etmişdi!

Tikan obrazı Nelli Zaksın poeziyasında bir neçə dəfə təkrarlanır və həmişə ağrı ilə bağlıdır. Xristian ənənəsində bu obraz İsa Məsihin edamdan əvvəl “Yəhudilərin Kralı” kimi alçaldılaraq başına qoyulmuş tikan tacını xatırladır.

Bu kontekstdə tac həm hakimiyyəti, həm də ağrı və ümidsizliyi simvolizə edir. Dilin itirilməsi iki mənada başa düşülə bilər. Birincisi: “qocalar” danışmaq qabiliyyətlərini itirmiş ola bilərlər — elə şairənin özü kimi, gestapo tərəfindən dindirildikdən sonra səsini itirmişdi.

Müharibədən sonra yazdığı yeganə nəsr əsəri “Fəlakətdən sonra həyat”da Zaks yazırdı: “…Və səs “qaçıb balıqlara sığındı”. Qaçdı - bədənin digər hissələrini qoruyub saxlaya bilməyərək...”

Qocalar ilk dəfə burada adları ilə çağırılır. Onlara “qocalar” deyilir, amma bu, onların bioloji mənada qoca olduğu anlamına gəlmir. Onlar sadəcə yaşadıqları dəhşət nəticəsində qocalmışlar.

Onlar hər şeylərini itiriblər: evlərini, dillərini, ümidlərini, ailələrini. Ola bilsin ki, onlar artıq ağrını hiss etməyəcək qədər donublar və gözlərindən yaş belə axmır. Onlarda qalan yeganə şey - “yandırılmış övladlarıdır”, onları öz gözlərində gəzdirirlər.

Təbiətin nizamı pozulmuşdur: nəsillərin davamlılığı qırılıb - uşaqlar valideynlərdən sonra yaşamalı idi, amma onlar qaz kameralarında və sobalarda məhv edildilər. Qalan yalnız qocalar oldu…

Bu qocalar - Holokostdan sağ çıxan insanlardır, baxmayaraq ki, Zaks bunu açıq şəkildə demir. Şairənin yəhudi xalqından bəhs edən bir çox şeirlərində məhz bu cür məcazilik var ki, bu da həyatında ağır faciə yaşamış hər hansı bir insanın o şeirlərdə özünə yaxın bir şey tapmasına imkan verir.

Nelli Zaks gördüyünü yazırdı: Holokostdan sağ çıxanların demək olar şəffaf, əzab çəkmiş bədənlərini; hər şeyini - hətta nitqini və Tanrıya olan inamını belə itirmiş insanları...

Zaksın “qocalar”ı laldır, lakin şairə öz yaşadıqlarını bölüşərək onları görünən və tam real edir. Tanrı isə müdaxilə etmir və onlara kömək etmir, amma onlar yenə də Onu gözləyir və inanırlar ki, O, haradasa yaxınlıqda mövcuddur.

Burada Tanrı obrazının nə işi var? Bir tərəfdən, o, bu insanların vəziyyətinin tam ümidsizliyini göstərir. Heç bir şeyi gözləmədən gözləmək - həm həyat, həm də ölüm vəziyyətidir.

Amma çıxılmazlıq eyni zamanda Tanrı obrazı ilə qoşalaşır; Çünki ənənə Onun adından həmişə çoxlu ümid gözləyib (istər Tanrının mövcudluğu, istərsə də Onun gəlişi nəzərdə tutulsun).

Zaks qocaların iztirablarını və Tanrını bir düyün halına gətirir. Və oxucuda şeirdə deyilənlərin əksinə, elə bir hiss yaranır ki, Tanrı əslində var, sadəcə indi yoxdur. Var - çünki Onun adı çəkilir; yoxdur - çünki insanlar Onu gözləyirlər.

Zaksın poeziyasında tez-tez ölənlərin təsvirləri ilə Tanrı obrazının yanaşı verilməsi motivi təkrarlanır. Bəlkə də bu, onların iztirablarının sonuna işarədir?

Nasizmin məhv etdiyi insanlar kimi yox, bu qocalar öz təbii ölümlərini yaşamaq imkanı qazanacaqlar — şairənin fikrincə bu, yerdəki ən böyük nemətlərdən biridir: öldürülmədən, öz ölümüylə ölmək. Deməli, Tanrı ilə qoşalaşmış ölüm əzablı deyil, yüngülləşdirici bir ölümdür.

Tövrata görə, Tanrı tam ümidsizlik dövrlərində belə guya gücsüz görünə bilər, amma yenə də Məsihin gəlişi gözlənilir.

İsveç və alman dillərində çap olunan əsərləri ona hər iki ölkədə müxtəlif ədəbi mükafatlar qazandırmışdı. Müharibənin insan taleyinə vurduğu zərbələrdən bəhs edən yazıları ilə tanınan şairə 1966-cı ildə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülərək onu israilli yazıçı Şmuel Yosef Aqnonla bölüşmüşdür.

Bu nüfuzlu mükafat Zaksın yəhudi xalqının taleyini poetik və dramatik çalarda araşdıran əsərlərinə görə təqdim olunmuşdu.

Nobel nitqində Zaks mükafatı almağı özünə nağıl kimi gələn bir xoş arzuya bənzətmişdi.

Təqdimat mərasimində İsveç Akademiyasının üzvü Anders Esterlinq Nelli Zaksın yaradıcılığında “yəhudi xalqının fəryadlarının misilsiz güclə səsləndiyini” qeyd etmiş və onun revanş, nifrət və intiqam hisslərinə qapılmadan humanist mövqeyini daim qoruduğunu vurğulamışdır.

Öz Nobel nitqində Zaks belə demişdi: "Aqnon İsrail dövlətini, mən isə yəhudi xalqının faciəsini təmsil edirəm..."

Tərcümə etdi: Sevinc Mürvətqızı

# 188 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər