Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi
5 fevral 2026
# 10:00

5 fevral Xalq yazıçısı, ssenarist və kinorejissor Rüstəm İbrahimbəyovun doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Qış gecəsi" hekayəsini təqdim edir.

Murad iki yerdən sınıq şüşə arxasından axşam toranlığında əriyən buruqlara baxırdı. Pəncərənin o üzündə xəzri əsirdi və adama elə gəlirdi ki, suya sıx-sıx sancılmış buruqlar dalğaların üstüylə çаpırlar.

Pəhriz yeməkxanasının yarımqaranlıq zalı isti idi və sağlam adamların çoxu yeməkxananın adını görüb gen qaçdıqlarından içəridə sakitlik hökm sürürdü. Şorba iyi təzə yuyulmuş döşəmə iyinə qarışmışdı. Bir stol o yana, mavi örtüklü söykənəcəkdən bir az aralı onun işlədiyi qazmaçılar briqadasının üzvləri domino oynayırdılar.

Tezliklə, olsun ki, bir neçə dəqiqədən sonra onlar yük maşınında silkələnə-silkələnə uzun estakadayla körpüyədək getməli, orda katerə minib, bir yarım saat da dənizlə öz quyularına üzməliydilər. Maşını və onu son dəqiqədə gəlib-yetirməyə adət eləmiş ikinci qazmaçı köməkçisi Vasifı gözləyirdilər.

Söykənəcəyin üstündən asılmış lampa hərdənbir qırpınıb sönürdü və qaranlıqda domino daşlarının taqqıltısı aram söhbətlə əvəz olunurdu. Havadan, plandan, puldan danışır, gəlib çıxmaq bilməyən Vasifin dalınca deyinir, Muradı fikirli görüb ona sataşırdılar. Söz gedirdi ki, aşpazlardan birinin, Rənanın Muraddan xoşu gəlir, Murad isə əfəlin biridir və briqadanin hamısı onu hərəkətə gəlməyə çağırırdı.

Dəstəbaşçısı əlli yaşlı qazmaçı Kitayev idi. İşıq sönən kimi ucadan Muradı haraylayır, onu mətbəxdə yox, pəncərənin qabağında görəndə, təəccübünü gizlədə bilmir və uşaqların zarafat dolu gülüşləri altında Muradın yerinə olsaydı neyləyəcəyini bəzəyə-bəzəyə danışırdı.

Hər gün təkrar olunan bu zarafatlar Muradın xətrinə dəyirdi, amma onları, şübhəsiz, ofisiant qadınlar, bəlkə də hətta Rəna da eşidirdi. Murad söhbətin mövzusunu dəyişməkçün yerinə düşdü, düşmədi araya bir söz qatırdı:

- Bura bax, Kitayev, mənə ağıl öyrədirsən, yaxşısı budu, öz arvadına öyrət.

- Nə olub mənim arvadıma? - Kitayev həyəcanla soruşurdu.

- Heç nə, bir gün evdəsən, bir gün dənizdə. Bilmək olmaz həyatın işini, öyrət onu.

Briqadada yeganə evli adam olan Kitayev keçən il dul qadına evlənmişdi və briqada üzvləri boş vaxtlarında yapışırdılar Kitayevin yaxasından ki, bəs, o, dənizdə olanda arvadı evdə neyləyir?

- Öz qaydınıza qalın, - Kitayev onları inandırırdı. - Arvadım görüb-götürmüşdü. Onu öyrətmək lazım deyil, çoxbilmişdi. Stilyaqa qızlara evlənən sizsiz.

Söhbət həmişəki axarına düşürdü. Kitayev Muradı rahat qoyub başlayırdı məişətdən, ailə həyatından, kişi və qadın münasibətindən uzun-uzadı danışmağa...

Körpüdə yenə eyni şey təkrar olundu - katerlərin kapitanları adamları qazma quyularına aparmaqdan boyun qaçırır, baş mühəndis Məmmədov isə ora-bura vurnuxaraq, onları dilə tuturdu. Hava yaxşı olanda da, kapitanlar fürsət düşən kimi neftçilərin nəzərinə çatdırırdılar ki, hər gün işdə cinayətə yol verirlər - normadan iki dəfə artıq adam götürürlər katerlərə.

- Bizim balalarımız yoxdu məgər? - kapitanlar soruşurdular. Özləri də cavab verirdilər. – Var. Bəs onda niyə axı sizdən ötrü həbsxanaya düşək. Səkkiz nəfər əvəzinə iyirmisi boğulsa, bunu kim bizə bağışlayar?

Əgər onlar adamları norma üzrə aparsaydılar, buna iş gününün yarısı gedərdi – qazma idarəsinin katerləri azlıq edir, çatışmırdı. Bunu başa düşən kapitanlar bilə-bilə riskə gedirdilər. Amma külək beş-altı baldan yuxarı olanda, "Azneft” dənizçilərə adamları daşımağa icazə vermirdi və riskin dərəcəsi o qədər yüksək olurdu ki, hətta ən cəsarətli kapitanlar belə borta adam götürüb, dənizə çıxmağa ürək eləmirdilər. Bu isə o demək idi ki, dənizdə olan briqadalar dəyişilmirdi. Amma hərdən kapitanları dilə tutmaq olurdu. Bunu hamıdan yaxşı Məmmədov bacarırdı...

Qazma quyusuna üzənədək dəniz onları atıb-tutdu, gəlib çatanda, dalğalar bir neçə dəfə kateri özülə çırpdı. Gecə xəzri bir az yatdı. İşləmək asanlaşdı. Bu gün gəlib çıхmаyan Vasifin əvəzinə işləməyə məcbur olan işıqçı Ağası da deyinməyinə ara verdi.

Murad yivi yağladı və içində yağ olan vedrəyə azacıq solyarka tökdü. Ağası yenə də "şamı" quyunun ağzına çatdırammadı. Əvvəlki də onları girinc eləmişdi, çünki Ağası bunu həddən artıq sürətlə endirmişdi. Şam rotorun üstündə xeyli yelləndi, Kitayev yəqin ki, onları söyürdü, amma bucurqadın səsindən bunu eşitmək olmurdu.

Səs-küy qanlarının arasına girirdi. Kitayev ara vermədən nəsə deyirdi. Söyüş də söyməsə, zarafat edir, zarafat eləməyəndə, nəsə danışır, uzaq başı oxuyurdu. Murad bilirdi Kitayev işdə olanda onun cavan arvadı neyləyir, sakitlikdən ləzzət alır.

Onlar nəhayət, boruların yivlərini birləşdirə bildilər. Kitayev ötürücünü qoşdu və rotor nərildəyərək yivləri burub birləşdirdi. "Verxovoy" Məmməd şamın ucunu qaldırıcı maşına keçirənəcən quyuda bir neçə saniyəliyə nisbətən sakitlik oldu və Kitayevin əlinə dillənməkçün fürsət düşdü.

-Sevgi kartof deyil ha, - o, Murada çığırdı və gülməkdən qəşş elədi. Bucurqad yenə işə düşdü. - Bunun bir neçə səbəbi var, – növbəti şamın üstünə iki tərəfdən yıxılıb güc verəndə Ağası Murada deyir. - Yoxsa başımı bu cəncələ salmazdım.

Muradın həmyaşıdı olan Ağası çox xeyirxah adamdı, amma bunu hamıdan gizlədir. O, hər şeyə bir səbəb tapır və bu səbəbləri bəzi gizli səbəblər üzündən gizlədib, açıb demir. Onun dediyindən bir şey anlamaq olmur, eləcə də özü çox vaxt başqalarını anlaya bilmir, çünki həmsöhbətinin sözlərində başqasının ağlına belə gəlməyəcək gizli məna axtarır. Ağası əyilib növbəti borunu dartır və onun üzgün bədəni gərginlikdən titrəyir.

-Eybi yox, - Murad onu sakitləşdirir. - Səhərin açılmağına az qalıb.

- Hə, az qalıb, - Ağası az qala ağlamsınaraq deyir. – Bu gün iyirmi ikisidi. İlin ən uzun gecəsidi.

Onlar uzun müddət dinib-danışmırlar.

-Bir iş var, baş tutsa, – onlar axırıncı boruya girişəndə Ağası deyir - mənə ev verilməsinə mane olan bəzi səbəblər olmasa, onda evlənəcəyəm və burdan gedəcəyəm, - Ağası davam edir. - Bir gün dənizdə, bir gün evdə, bu ailə həyatı olmaz.

"Niyə belə tez evlənmək istəyir, – Murad fikirləşir, – əl-qolu bağlanacaq".

- Bəs institut? - Ağasıdan soruşur.

- Birtəhər qurtararam. Qız da oxuyur. Nə gülürsən?

- Səni ər yerində təsəvvür edirəm.

- Nədi ki?

- Tez evlənirsən.

- Bundan sənin nə başın çıxır ey?

- Hər halda səndən az bilmirəm. Nişanlından başqa heç birisiylə görüşmüsənmi?

Ağası dodaqaltı uşaqlıqda dostluq elədiyi qonşu qızdan danışır.

- Belə də bilirdim. Ona görə də sənə elə gəlir ki, nişanlından yaxşı qız yoxdu ta bu dünyada.

- Bəs səni kimsə ürəkdən sevibmi? - Ağası onun sözünü kəsir.

- Nəyimə lazımdı bu? Bilmək istəyirsənsə Rənadan da yan qaçıram, çünki fürsət axtarır ki, mənə ürəyini açsın...

- Bəzi səbəblər var ki, məni tez evlənməyə məcbur edir, Ağası fikirli-fikirli deyir. - Amma bu elə ürəyimdə idi mənim.

-O nə səbəblərdi elə? - Murad istehzayla deyir.

- Sənin başın çıxan deyil. Hələlik deyə bilmərəm sənə.

İki saatdan sonra onlar qazma borularını ayırmaqla məşğul olurlar. Altı düyməli boruları qalaqla düzür, səkkiz düyməliləri isə özülün kənarına itələyirlər ki, kran gəmisinə yükləmək asan olsun. Qalaq böyüdüyündən təzə boruları yuxarı qaldırmaq get-gedə çətinləşir. Ona görə də səkkiz düyməli borulara üstünlük verirlər. Boruları yerlərindən dəbərdib, bir-birlərini həvəsləndirə-həvəsləndirə özülün üstüylə itələyirlər. Səsdən qulaq batır, di gəl, soyuğu daha duymurlar. Hətta tərləmişdilər də. Arabir Ağası dayanıb nəfəsini dərir.

- Mən montyoram, - o deyir, - ling işlətmək mənim işim deyil. Mənimki işıq çəkməkdi, mühərrikdi, mantarlardı... Danışanda sinəsi xışıldayır – soyuqdəyməsi var.

- Bir az dincini al, - Murad təklif edir və onlar ayaqlarını dənizə tərəf sallayaraq özülün kənarında otururlar.

Ətrafda göz-gözü görmür. Soyuqdu. Nə göy, nə də dəniz bilinir. Qonşu buruqların işıqları uzaq ulduzları xatırladır.

- Toy eləməkçün çoxlu pul lazımdı, - Ağası şikayətlənir. Hesab eləyəndə görürlər ki, doğrudan da çox eləyir. Köhnə pulla on min. Murad məsləhət görür ki, bir halda ki, belə baha başa gəlir, onda toy-zad lazım deyil, amma Ağası bunu eşitmək belə istəmir.

- Nə yaman belə evlənmək istəyirsən? - Murad təəccüblənir.

- Sevəndə bilərsən. Qız səni necə sevir еу?

Ağası fikrə gedir, amma inandırıcı bir dəlil tapmayıb çaşır.

- Qız mənə diqqətlə qulaq asır, - o bəyan edir. - Mənə dair olan hər şey onunçün maraqlıdı.

Murad qəhqəhə çəkir. Ağası tutulan kimi olur, sonra ona qoşulub gülür.

– Rəna barədə dediyin düzdürmü? - Ağası qəfil soruşur. Yalan dedim. - Murad deyir, amma sonra nədənsə hər şeyi olduğu kimi danışmağa başlayır.

Hər səhər elektrik qatarında Rənayla üzbəüz oturub, Bakıdan Suraxanıyadək qırx dəqiqəni gözlərini bərəldirdi. Rəna qızarır və gərginlikdən alacalanmış gözlərini çəkmədən ifadəsiz baxışlarını ona zilləyirdi. Sonra qeyri-təbii şəkildə gözlərini yayındırıb, gah yuxarı, gah pəncərəyə, gah da yerə baxırdı. Muradsa hərdən gözlərini qızdan ayırır və heç nə demirdi. Bunu ona Kitayev öyrətmişdi. "Bir on-on beş dəqiqə baxırsan, baxırsan, sonra bir-iki kəlmə deyirsən və bununla da məsələni həll eləmiş olursan".

Muradsa dillənməyə ürək eləmirdi. Eləcə baxırdı. İki, ya da üç ay baxdı... Hə, sonra 415-cidən olan kürən Nazim (o, vaxt Rənanın rəfiqəsiylə görüşürdü) gəlib deyir ki, Rəna bunu heç kimə deməsin və daha qıza baxıb-eləmir. Amma Nazim əclaf hamıya yayıb.

- Niyə baxırdın qıza? - Ağası soruşur.

Murad çiyinlərini çəkir. Qız onun xoşuna gəlirdi, amma bilsəydi ki, Rəna ona vurulub, heç vaxt belə baxmazdı. Keçən il o, beləcə gözlərini bir nöqtəyə zilləyib durardı. Onda Rəna ona demişdi:

-Qoyun kimi nə gözlərini döyürsən?

Hər şey yaxşı qurtarmışdı.

- Onunla evlənmək istəyirdin? - Ağası əl çəkmək bilmirdi.
- Yox, istəmirdim, - Murad deyir.

- Onda niyə baxırdın?..

Onlar yenə işə girişirlər. Yaxşı ki, yeməkxananın həyətində baş vermiş əhvalatı danışmadı, Murad fikirləşir. Rəna qısa ağ xələtini kəmərciklə tarım çəkib bağlayırdı və bu ona yaraşırdı. Ayaqları azacıq yoğundu, amma beləsi Muradın xoşuna gəlir. Həyətdə üzbəüz gəldilər, dayanıb durdu, nəsə demək lazım idi.

- Yəqin sizinçün ağırdı, hə, - o dodaqaltı dedi. - Qoyun sizə kömək edim.

Bunu deyib qurtarandan sonra gördü ki, qızın əlində heç nə yoxdu, hətta qaşıq belə tutmayıb. Qız ona minnətdarlıq elədi və o da dayanıb durdu. İkisi də susurdular. Sonra Rəna ağladı, o isə qızı qucaqladı, saçlarını tumarladı və hətta bir dəfə öpdü də... Onlar səkkiz düyməli boruları diyirləyib qurtardılar və yerdə qalan altı düyməliləri boru qalağının üstünə yığmağa başladılar. Cəmisi beş-altı dənə qalmışdı.

- Bəlkə durduğumuz yerdəncə ataq? - Murad təklif elədi. - Bu cür daha asandı.

Belə də elədilər. Murad Ağasının belə zəif olduğunu bilmirdi, şam bir neçə borunu keçib, sonra dala diyirləndi. Onlar linglərini boruya dayayıb onu saxladılar.

- Ayaqlarını gen tut, - Murad xəbərdarlıq elədi.

Lingləri dəstək kimi basa-basa boruları qalağa yaxınlaşdırmağa başladılar.

- Hə, bu cür asandı, - Ağası razılaşdı...

İki borunun qalağın üstündən yırğalanıb aşağı diyirləndiyini eyni vaxtda gördülər.

- Ayaqlarını gen tut, – Murad qışqırdı.

Borular onların linglə tutduqları borunun üstündən aşıb linglərə zərblə dəydi. Ağası az qala yıxılacaqdı.

-"Üç" deyəndə burax, - Murad əmr elədi; ayaqlarını araladı və – üç – deyib, kənara atıldı. Bu cəmi bir neçə saniyə davam elədi. Ağası yırğalana-yırğalana lingiylə iki borunu saxlamışdı, sonra ling əlindən çıxdı və uzunboğazına zərblə dəydi.

Borular gurultuyla diyirlənib ayağına düşdülər. Ağası yavaş-yavaş yerə çökdü. Onu mədəni budkaya aparanda astadan inildəyirdi. Uzunboğazında bir cızığın özü belə yox idi, o birisindən heç fərqlənmirdi, amma Ağasının huşu özündə deyildi. Kitayev katerlə həkim çağırdı.

- Bəlkə, uzunboğazlarını çıxaraq? - Murad dedi.

- Ayağı indi bir haldadı ki, - Kitayev dedi. – Başımıza cəncəl açıldı.

- "Üç" qışqırandan sonra lingi buraxdım, o isə neyçünsə buraxmadı lingini...

- Ağası, Ağası, – Kitayev onun çiyinlərini silkələdi. – Halın necədi? Çox ağrıdır? Ağası astadan inildəməyindəydi.

- Ayaqlarını gen tutsaydı... - İndi kater gələcək, - Kitayev Muradın sözünü kəsdi. – Protokol tərtib edəcəklər. Hamınız təsdiq eləməlisiz ki, bu işə özü könüllü girişmişdi. Mən onu məcbur eləməmişəm.

- Gərək gözləyəydim, əvvəl o buraxaydı lingini, sonra mən, - Murad dedi. - İndi bunun yeri deyil, – Kitayev yenə onun sözünü kəsdi.

- Nə dəxli var kimin birinci lingi buraxmağının. - Ağası, Ağası, - yenə də onun çiyinlərindən yapışıb silkələməyə başladı.

Ağası gözlərini açdı.

- Deyərsən ki, mən səni Vasifin əvəzinə işləməyə məcbur eləməmişəm.

- Tərpətmə onu, - Murad dedi, - ağrıdır.

- Ağrı elə ağrıdı də, - Kitayev donquldandı, amma daha onu tərpətmədi. – Başıma yaman cəncəl açıldı.

- Hardan biləydim ki, lingi buraxmayacaq... - Məmməd, sahilə zəng elə görək kater niyə gecikir, - Kitayev əmr elədi.

- Kömək eləyin, onun yerini rahatlayaq. Ağasının yerini dəyişəndə, o iki dəfə inildədi.

- Əgər desək ki, bu işi özü könüllü görüb, ona pensiya verməyəcəklər, - Məmməd dedi.

- Yalandı, - Kitayev etiraz elədi. - Pensiya verməlidirlər.
- Ya da ki, az verəcəklər. Özbaşına iş görənlərçün belə bir qanun var. O, təhlükəsizlik texnikasını keçməyib axı.
- Mən onu məcbur eləməmişəm, – Kitayev dedi. - Pensiya söhbəti boş şeydi. Pensiyanı ona hökmən verəcəklər. Sən nəsə çaş salırsan. Məişət xatası olanda vermirlər... Amma desə ki, mən onu məcbur eləmişəm, onda vay mənim halıma.

- Günah məndədi, gərək deməyəydim ki, durduğumuz yerdən ataq...

- Əşi, bəsdi zarıdın! - Kitayev qışqırdı. – Zəhləmizi apardın. Kater gələndə, həkim Ağasının uzunboğazını çıxarmağa ürək eləmədi. - Sahilə aparmaq lazımdı, - o dedi. Protokol tərtib elədilər. Həkim soruşdu:

- Hadisə necə olub?

- Şamları ayırırdıq, uzun borulardı, - Murad danışmağa başladı. - Linglə yerlərindən oynadırdıq...

- Aydındı, - həkim onun sözünü kəsdi. – Ling əlindən çıxdı, hə, hər şey aydındı.

Kater özüldən aralandı və qaranlıqda itdi. Kitayev rotoru qoşdu, Murad və "Verxovoy" Məmməd məhlulu qarışdırmağa başladılar. Muradı titrəmə tutmuşdu. Gecə qurtarmaq bilmirdi, hələ indi saat beş idi. Murad Məmmədə hadisəni olduğu kimi danışmaq istəyirdi, amma o, qulaq asmaqdan imtina elədi.

-Xahiş eləyirəm, lazım deyil, - o dedi. - Onsuz da hər şey yuxuma girəcək.

Qalan üç saatı onlar dinməz-söyləməz bellə kematit qarışdırır, soda tökürdülər. Evə qayıdanda hətta Kitayevin də səsi çıxmırdı, susmuşdu.

... Atası qəzet səpələnmiş divanda uzanmış, anası işə getməyə hazırlaşırdı və onlar tənbəl-tənbəl sözləşirdilər.

- Mənə "siz” demə, – atası deyirdi. – Min dəfə xahiş eləmişəm. Siz gicsiz, sizin bir qəpiklik qiymətiniz yoxdu, siz... - o, arvadının ağzını əyirdi, – elə bil başıma çəkiclə vururlar.

- Kəssənə, - anası üz-gözünü əyişdirirdi. - Evdə səliqə-sahman, qayda olmalıdı.

Murad yataq otağına keçdi. Qapını örtdü. Çarpayısına oturdu. Yuxusu gəlmirdi.

- Siz mənim həyatımı korlamısız, - anası qapının arxasında sözləri gülməli tərzdə uzada-uzada deyirdi. Yəqin ki, dodaqlarını boyayırdı.

- Sizin ucbatınızdan institutu atdım...

Nəhayət, anası çıxıb getdi... Murad soruşdu:

- Yenə nə olub?

Xışıltı eşidildi - atası qəzetləri döşəməyə atdı.

- Həmişəki söz-söhbətdi. Səndə nə var, nə yox? Çörək niyə yemirsən?

- Başımıza iş gəlib. - Nə olub?

- Yoldaşım ayağını sındırıb. Linglə.

- Нə-ə. Хoşagəlməz hadisədi. Oxumusan, De Qoll bizə gəlmək istəyir.

-Hər şey məndən oldu.

- Sənin nə günahın?

- Əgər mən lingi ondan əvvəl buraxmasaydım, belə olmazdı.

- A-a. Sən nədən danışırsan, mən nədən. Elə bildim De Qollu deyirsən, - atası güldü.

- Doğrudan da xoşagəlməz əhvalatdı.

Murad yerindən qalxdı. Yataq otağından çıxdı.

- Gedim bir az gəzişim.

- Ye, get. Anan yemək hazırlayıb qoyub.

- İştaham yoxdu. Darvazanın ağzında nərd oynayırdılar.

- Niyə belə qəmginsən? - Udmaqda olan soruşdu.

- Yoldaşımın ayağı sınıb. Ling dəyib.

- Bu nədi belə, çahar-pənc, dünən Balaxanı yolunda bir "Volqa" əzik-üzük olub. Ata və iki oğlu ölüblər.

Murad küçə aşağı getdi. Əvvəlcə yavaş-yavaş gedirdi, sonra get-gedə addımlarını sürətləndirdi, az qala qaçmağa başladı... Xəstəxanaya onu buraxmadılar.

- Üçdən sonra, - kök tibb bacısı dedi. - İndi onun sənlik halı yoxdu. İki gündən sonra gələrsən.

Küçədə ins-cins yox idi. Qabaqda böyürlərini basa-basa əyriqıç bir it küçəni keçirdi.

-Hara gedim, deyə, Murad fikirləşirdi. Şəhərə qayıtmaq istəmirdi. Məmmədin yanına getmək olardı, amma yəqin ki, yuxusuz gecədən sonra indi yatırdı. Suraxanıda Muradın özgə tanışı yoxdu. İt pivə dükanına yaxınlaşdı, əsnəyə-əsnəyə Murada baxdı. O da dayandı. Pivə istədi.

-Tələsən yerin yoxdu ki? - satıcı soruşdu.

- Dostumsan, bir dəqiqəliyə dur burda, qoy əl dəyən olmasın. Tez qayıdıram.

Satıcı qonşu həyətin darvazasına girdi. İt onun dalınca qaçdı. Murad yenə fikirləşdi ki, itin yerişi əyriayaq adamın yerişinə oxşayır. Bir də onu fikirləşdi ki, əgər Ağası lingi ondan tez buraxsaydı, o, boruların ikisini də saxlaya bilərdi. Amma Ağası lingi gec buraxdı. İndi ayağını sındırıb, xəstəxanaya düşüb. Murad isə pivə içir və hara gedəcəyini bilmir. Yaxşı ki, pivə dükanına keşik çəkir, fikirləşməyə vaxtı var. Evə getməyəcәk, hardasa başqa bir yerə baş alacaq. Kinoya, ya tirə, ya stadiona, ya hamama, ya da yeməkxanaya.

Bəlkə doğrudan da yeməkxanalardan birinə getsin, deyə, Murad fikirləşdi, bir şey yesin. Tərəvəz kotleti, ya da kök kababı. Pəhriz yeməkxanasında yeməyə nə verirlər? Bir ildi pəhriz yeməkxanasına gedib-gəlir, orda yeməyə nə verildiyini bilmir. Rənayla da heç vaxt kəlmə kəsməyib.

Bir ildi ki, onu tanıyır, di gəl danışmayıb qızla. Bir ildi lal kimi susur. Bircə dəfə üzündən öpüb. Soruş niyə, - bilmir. Ağası barədə də heç nə bilmir. Niyə Ağası evlənmək istəyir? Bilmir. Niyə lingi vaxtında buraxmadı? Bilmir. Murad başqaları barədə çox az şey bilir. Məsələn, niyə kapitanlar hər şeyə tüpürüb, adamları qasırğa vaxtı aparırlar? Bunun səbəbini bilirmi? Yox, bilmir. Özü barədə nə bilir? Heç nə, heç bilmir ki, yaxşı adamdı, ya pis, ağıllıdı, ya axmaq, qorxaqdı, ya qorxaq deyil... Bircə bunu bilir ki, lingi vaxtından əvvəl buraxdı. Bir də Ağasının öz nişanlısını niyə sevdiyini bilir. Ağası bunu gizlədə bilməmişdi.

O, qızı ona görə sevir ki, qız ona diqqətlə qulaq asır, dəxli yoxdu, nədən danışır heç vaxt sözünü kəsmir, ona aid olan hər şeylə maraqlanır. Sənin sözünü kəsməmələri vacib şeydi. Sənə diqqətlə qulaq asan bir adamın olması hökmən lazımdı.

Çox sağ ol, - satıcı dedi.

- Qanımın arasına girdin. Səhərdən əziyyət çəkirəm, bir kimsə yox idi ki, dükanı tapışıram.

- Nə qədər verəcəyəm? - Murad soruşdu.

- Nə qədər içmisən?

- Çox, - Murad dedi. - Bəlkə də bir çəllək.
- Üç parç içmisən, – satıcı güldü, - sənə süzdüyüm üç parçdı, məndən sonra pivə süzməmisən. - Bu daha yaxşı, - Murad dedi. - Yoxsa pulum yoxdu.

- Eyibi yox, sabah verərsən. - Üç parçın pulunu verə bilərəm, - Murad dedi. - Çəlləyə pulum çatmazdı. Murad bunu deyib, pəhriz yeməkxanasına yollandı.

# 182 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər