Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən məşhur dəniz qızı heykəlinin sökülməsi qərarı müzakirələrə səbəb olub.
Kulis.az xəbər verir ki, bəziləri heykəli "ibtidai və erotik" hesab edərək tənqid edib.
Yerli mətbuatın məlumatına görə, 14 tonluq qranitdən hazırlanmış "Den Store Havfrue" ("Böyük Dəniz Qızı") heykəli Kopenhagenin qədim dəniz istehkamlarından biri olan Draqor qalasından götürüləcək.
Heykəlin sifarişçisi və maliyyəçisi Peter Bek heykəlin bölgəyə turist cəlb etdiyini bildirib və tənqidlərin “tamamilə cəfəngiyat” olduğunu deyib.
Danimarka Saraylar və Mədəniyyət Agentliyinin yaydığı açıqlamada bildirilir ki, heykəl 1910-cu ildə inşa olunmuş simvolik memarlıq abidəsinin “mədəni-tarixi mühitinə uyğun gəlmir”.
Qeyd edək ki, heykəlin Tarnby Strandpark kimi alternativ əraziyə köçürülməsi təklif olunur.