Fransa hökumətinin 2027-ci il büdcə planlaması çərçivəsində ödənişli televiziya xidmətləri üçün əlavə dəyər vergisini (ƏDV) 10%-dən 20%-ə qaldırmaq niyyəti "Canal+" media qurumunun kəskin etirazına səbəb olub.
Kulis.az xəbər verir ki, şirkətin icraçı direktoru Maksim Saada bu addımı "siyasi və cəfəng" adlandıraraq xəbərdarlıq edib ki, vergi artımı quruma illik 200 milyon avro əlavə yük gətirəcək.
Maliyyə yükünü kompensasiya etmək üçün "Canal+" Fransa və Avropa kinosuna ayırdığı sərmayələri və dəstəklədiyi film layihələrinin sayını dörddə üç nisbətində azalda biləcəyini bəyan edib.
Təkcə 2025-ci ildə 148 yerli kino layihəsinə 155,6 milyon avro ayıran plartformanın bu qərarı fransız kino sənayesinin əsas maliyyə sütununu sarsıtmaq təhlükəsi yaradır.