"Biz hamımız Üzeyir məktəbindən çıxmışıq..." - Fikrət Əmirov dahi bəstəkar haqqında nə yazırdı?

"Biz hamımız Üzeyir məktəbindən çıxmışıq..." - Fikrət Əmirov dahi bəstəkar haqqında nə yazırdı?
18 sentyabr 2026
# 10:00

Bu gün dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin doğum günüdür.

Kulis.az görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovun "Üzeyir məktəbi" yazısını təqdim edir.


Xalqımızın böyük bəstəkarı Üzeyir Hacıbəyovun həyat və yaradıcılıq yoluna bir daha nəzər salır, dediklərini və yazdıqlarını təkrar-təkrar xatırlayırıq. Belə əlamətdar hadisələrin layiqincə qeyd olunmasının əsl əhəmiyyəti məhz bu gün üçün nə dərəcədə müasir olmasında, gərəkli olmasındadır.

Üzeyir Hacıbəyov irsinə bu baxımdan qiymət verməli olsaq, onda böyük bəstəkarın musiqi əsərlərinin, sənət haqqında fikirlərinin, şəxsiyyətinin Azərbaycan musiqisinin və Azərbaycan bəstəkarlarının inkişafındakı misilsiz təsiri bütün əzəməti ilə açıq-aşkar görünər.

Mən əvvəlcə Üzeyir Hacıbəyovun şəxsiyyəti haqqında bir-iki söz demək istərdim. Bu məsələdən başlamağı ona görə vacib bilirəm ki, əvvələn, mən bəstəkarı ilk dəfə görərkən hələ uşaq idim və onun sənəti haqqında lazımi məlumatım yox idi.

İkincisi də, güman edirəm ki, sənətkarın şəxsiyyəti ön planda durmalıdır. Əsər müəllifin bütün mənəvi aləmindən süzülüb gəlir; şəxsiyyətin böyüklüyü, paklığı, alicənablığı, ümumiyyətlə, ləyaqəti və sənət qüdrəti yaradıcılığında hökmən əks olunur. Sənətlə şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu iki mühüm keyfiyyət vəhdət halında olmalıdır. Yalnız bu halda əsl mənada böyüklükdən, dahilikdən söhbət gedə bilər.

Dahi Üzeyirə belə bir səadət nəsib olmuşdu. O mənim fikrimdə elə ilk görüşümüzdən mehriban, qayğıkeş, təvazökar bir insan kimi qalmışdır. Bu unudulmaz görüşün səbəbkarı böyük müğənnimiz Bülbül oldu. 1938-ci ildə Bülbül məni konservatoriyaya, bəstəkarın iş otağına aparıb təqdim etdi: "Üzeyir bəy, Məşədi Cəmilin yadigarıdır, kompozitor olmaq istəyir”.

Üzeyir məni özünəxas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı. O gündən başlayaraq ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum. İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım. Ancaq bu bağlılıq bir bəstəkar kimi, mənim heç də əl-qolumu bağlamadı, əksinə, qanadlarımı bərkitdi və mənə cəsarət verdi, sərbəstlik verdi. Qartal cinsindən olan berkut adlı bir quş var. Deyirlər, bu berkutlar balalarına uçmağı öyrədərkən onları caynaqlarına alıb yuxarı, lap yuxarı qaldırır və oradan üzüaşağı buraxırlar, hansının qanadı möhkəmsə, cəsarəti çatırsa, qanad açır, uçur və yerə düşüb həlak olmur. Berkutlar balalarına cəsarəti, hünəri irsən verir və ona görə də belə sınaqdan uğurla çıxacaqlarına, görünür, şübhə etmirlər.

Üzeyir Hacıbəyovun gənclərə münasibətində mən belə təmkinli bir qətiyyət, belə doğma bir tələbkarlıq duymuşam. Yeri gəlmişkən deyim ki, məni Üzeyir musiqisinin yetirməsi adlandıranlar var. Bu adla yalnız fəxr edirəm. Mən Üzeyir müəllimimdən xalq musiqisinin paklığını mənimsəmişəm. Üzeyir musiqisini nə qədər dinləsəm, mənə elə gəlir ki, ilk dəfədir eşidirəm. Hər dəfə o mənə təzə görünür. Yaşa dolduqca dərk etmişəm ki, nə yaxşı bu böyük sənətkarla durub-oturmaq səadəti mənə də nəsib olub, onun unudulmaz məsləhətlərini eşitmişəm. Şübhə etmirəm ki, başqa sənət yoldaşlarım da bu sözləri məmnuniyyətlə təkrar edərlər.

Belə hallarda mən çox zaman Qoqol nəsrinin təsir qüdrəti ilə əlaqədar vaxtilə rus tənqidinin dediyi bir fikri: "Biz hamımız Qoqolun "Şinel”indən çıxmışıq" sözlərini xatırlayıram. Üzeyir Hacıbəyov sənətinin Azərbaycan bəstəkarlarına nə verdiyini tam ifadə etmək üçün mən yalnız belə deyə bilərəm: “Biz hamımız Üzeyir məktəbindən çıxmışıq".

Bu məktəbdə biz nə öyrənmişik? Bu çox ciddi, həm də çox əhatəli cavab tələb edən bir sualdır. Burada mən ancaq müəyyən cəhətləri qeyd etməklə kifayətlənməli olacağam. Məlumdur ki, Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin banisidir. İlk operamızın, operettamızın, xalq çalğı alətləri orkestrimizin, mahnı və rəqs ansamblımızın və s. yaranışı onun adı ilə bağlıdır.

"Leyli və Məcnun"dan "Koroğlu"ya qədər keçilən böyük sənət yolu gərgin yaradıcılıq axtarışları və qiymətli sənət kəşfləri ilə çox zəngindir. Burada qeyd edək ki, Azərbaycan operasının məhz Füzulinin "Leyli və Məcnun" poeması əsasında yazılması da mənalı faktdır. Üzeyir yaradıcılığında Füzuli poeziyasına çox dərin bir məhəbbət hökm sürməkdədir. Bəstəkarın başqa əsərlərində də Füzuli şeirinə sədaqəti aydın hiss olunur. Bədii dilimizin banisi Füzulinin ədəbiyyatımızda gördüyü vəzifəni, mənə elə gəlir ki, musiqimizdə böyük Üzeyir həyata keçirmişdir. Səməd Vurğun çox doğru olaraq Üzeyirə "Ey Füzuli şeirinin bir bəstəkar qardaşı!" - deyə müraciət edir.

Poeziya ilə musiqinin bu qardaşlıq ənənələrini biz həmişə diqqətlə qoruyub saxlamalıyıq. Uzun illər apardığı axtarışların nəticəsi olaraq meydana çıxan "Azərbaycan xalq musiqisinin əsasları" əsəri Üzeyir Hacıbəyovu həmçinin qüdrətli musiqi nəzəriyyəçisi, tədqiqatçısı kimi də tanıtdı. Bəstəkarın musiqimizin müxtəlif məsələlərinə həsr olunmuş ayrı-ayrı məqalələri, çıxışları bu gün də ən dəyərli mənbə kimi bizim üçün qiymətlidir. Onun musiqisi sözünü, sözü də musiqisini tamamlayır.

Üzeyir sənətində diqqəti ən çox cəlb edən cəhət xalq musiqisinə münasibət məsələsidir. Bəstəkarın, demək olar ki, elə bir yazısı, çıxışı yoxdur ki, həmin nöqtəyə toxunmamış olsun. Onun bu məsələyə yetirdiyi çox böyük diqqət təsadüfi deyildi. Ü.Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabının 1945-ci ildəki ilk nəşrinə yazdığı ön sözdə həmin mövzunu necə işlədiyindən danışarkən qeyd edirdi ki, "...mən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə başlamışam. Seçdiyim bu mövzuya dair nə bir ədəbiyyat, nə xüsusi elmi əsərlər, nə də başqa bir vəsait olmadığına görə, mən ancaq öz şəxsi müşahidələrimin, apardığım diqqətli tədqiqatın nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum".

Beləliklə, bu sətirlər də aydın təsdiq edir ki, ölməz sənətkar xalq musiqimizin elmi əsaslarını işləmək, ona layiq olduğu yüksək qiyməti vermək və lazımınca tanıtdıq sevdirmək üçün necə də gərgin tədqiqat işi aparmış, necə də əsl vətəndaşlıq qeyrəti göstərmişdir! Üzeyir Hacıbəyov musiqi folklorumuzu toplamağın, xalq musiqisini bütün incəliyi ilə araşdırmağın vacib olduğunu təkrar-təkrar xatırladarkən bu zəngin xəzinədən heç də passiv istifadəni, yerli-yersiz sitatlar gətirməklə istifadəni nəzərdə tutmurdu. Bəstəkarın qəti qənaəti belə idi ki, musiqi folklorundan xalqın arzu və düşüncələrini, həyata, dünyaya baxışını, sənətkarlıq sirlərini öyrənmək və bundan yaradıcılıqla faydalanmaq lazımdır.

Əks təqdirdə bəstəkar xalq musiqisinə təzə heç bir əlavə edə bilməz, onu daha da zənginləşdirmək əvəzinə, ancaq təkrar etməli olar ki, bunun da əsl sənətkarlıqla, əlbəttə, əlaqəsi yoxdur. Xoşbəxtlikdən böyük Üzeyir bu məsələdə də Azərbaycan musiqisində nümunə göstərdi. Onun dühasının parlaq məhsulu olan “Koroğlu” yarandı. Mən belə hesab edirəm ki, "Koroğlu" klassik rus operalarından Qlinkanın "Ruslan və Lüdmila"sı, Borodinin “Knyaz İqor" operaları ilə yanaşı dura bilən böyük sənət əsəridir.

Həmin əsərin necə meydana gəldiyindən bəhs edən müəllif yazırdı: "Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin bir bəstəkar olaraq mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən "Koroğlu" operasını yazdım". Bu çox qiymətli etirafdır. Həqiqətən, “Koroğlu” bizim üçün böyük sənət proqramı əhəmiyyətində olan bir məxəzdir. Bu opera bizdə hələ lazımi dərinliklə araşdırılıb tədqiq olunmamışdır.

Halbuki Üzeyirin bədii irsi ilə nəzəri irsi arasındakı əlaqəni geniş, ətraflı öyrənmək baxımından "Koroğlu”nun dərin, mövzuya yaxından bələdliklə təhlili çox zəruridir. Mühüm yaradıcılıq məsələlərinə dair qiymətli mülahizələr vardır. Həmişə öyrənməyə can atan və bizi də həmişə öyrənməyə çağıran böyük sənətkarın özünün elmi, ədəbi və bədii irsi xüsusilə Yaxın Şərq və ərəb ölkələri musiqisinin inkişafı üçün çox əhəmiyyətlidir. Bəstəkarın əsərlərinin, o cümlədən daha çox “Arşın mal alan"ın, ümumiyyətlə, xaricdəki, eləcə də Yaxın Şərqdəki geniş şöhrətini məhz bununla izah etmək lazımdır.

Məşhur bir əfsanədə Anteyin qeyri-adi qüdrətini onun ayaqlarının torpağa dayanmasında, torpaqla bağlılığında görürlər. Üzeyir Hacıbəyov özü də bu müqayisəni sevirdi və bəstəkarın gücünü, qüvvətini onun xalq həyatına, xalq sənətinə bağlılığında görürdü. Biz böyük Üzeyir yaradıcılığından bu Antey qüdrətinin sirlərini hələ çox öyrənməliyik.

1975

# 108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər