Tom Holland və Zendayanın baş rollarını paylaşdığı "Spider-Man: Brand New Day" (Hörümçək adam: Tamamilə yeni gün) filmi bütün zamanların ən çox gəlir gətirən ilk beş filmi arasında "Titanik"i geridə qoyub.
Kulis.az xəbər verir ki, hazırda reytinqdə dördüncü sırada qərarlaşan filmin yaxın zamanda "Avatar: Suyun yolu" (Avatar: The Way of Water) ekran əsərini də geridə qoyacağı proqnozlaşdırılır.
Son kassa məlumatlarına görə, 31 iyulda vizyona girən "Spider-Man: Brand New Day" o vaxtdan bəri dünya üzrə 2,332 milyard dollar gəlir əldə edərək Ceyms Kemeronun rejissorluğu ilə lentə alınan əfsanəvi "Titanik"i siyahıdan kənarlaşdırıb.
Qeyd edək ki, "Titanik" orijinal nümayişi və sonrakı illərdə yenidən vizyona girmələri boyunca dünya üzrə ümumilikdə təxminən 2,264 milyard dollar gəlir əldə etmişdi.
"Hörümçək adam" eyni zamanda 2025-ci ildə istehsal olunmuş "Ne Zha 2" animasiya fantastika filmini də geridə qoyaraq bütün zamanların ən çox gəlir gətirən dördüncü filmi ünvanına sahib çıxıb.
Tom Holland kimdir?
Tom Holland (Thomas Stanley Holland; 1 iyun 1996-cı ildə anadan olub) — ingilis aktyorudur. O, qlobal miqyasda ən çox "Marvel" Kinematokrafiya Kainatında (MCU) canlandırdığı Piter Parker (Hörümçək adam) rolu ilə tanınır. Karyerasına Londonda "Billi Elliot" (Billy Elliot the Musical) müziklində başlayan Holland, kinoda debütünü 2012-ci ildə "Qeyri-mümkün" (The Impossible) filmi ilə edib və bu rolu ona böyük rəğbət qazandırıb. "BAFTA"nın "Yüksələn ulduz" mükafatı laureatı olan gənc aktyor "Hörümçək adam" seriyaları ilə yanaşı, "Uncharted" və "The Devil All the Time" kimi uğurlu layihələrdə də baş rolları ifa edib. Hazırda öz nəslinin ən məşhur və gəlirli aktyorlarından biri hesab olunur.