Kulis.az Aliyənin Mina Laamonun “Kədər tərbiyəçiləri” sənədli filmi haqqında yazdığı "Kədər həyata dair" məqaləsini təqdim edir.
Kədər, ayrılıq, sevgi, hüzn haqda yalnız şairlər danışa bilərmi ki? Şair olmayanlar bu hissləri necə yaşayır, haradan biləcəyik? Axı yaşadığımız rasional dünyada bunlardan danışmaq, bu hissləri göstərmək yaxşı qəbul olunmur, bunlar məhrəm sayılır və o zaman bunlar haqda danışmağa xüsusi dil gərək olur – Poeziya kimi...
Finlandiyalı rejissor Mina Laamonun “Kədər tərbiyəçiləri” sənədli filmi insanların kədərlə necə baş etməsindən bəhs edir və kino mütəxəssislərinin elə bu filmi də poetik kinoya aid etməsi üçün onda xeyli cəhət var: obrazlı təsvir, hissi yaşantını qəhrəmanın-müəllifin necə keçirməsi təcrübəsi, individuallığın önə keçməsi, fraqmentallıq...
“Kədər tərbiyəçiləri” filmi boyunca müəlliflər bizi kədərin obrazları ilə, normalda təzahür dediyimiz kabusları ya formaları ilə üz-üzə qoyur, onu tanımağımızı istəyir. Kədər nədir? Onunla necə baş etmək olur? Həyatı ikiyə bölən hər hansı hadisədən sonra kədərlə baş-başa yaşamaq necədir? Onun mahiyyətində nə gizlidir? – kimi suallara cavab axtarır.

Film, filmdəki insanlar bizə kədər haqda danışır, hərçənd biz bilirik: kədəri yalnız onunla toqquşduğumuz, baş-başa qaldığımız zaman, tək-tək tanıya bilərik. Sadəcə, “Kədər tərbiyəçiləri” istəyir ki, zahirən “normal” görünən, həm də rasional dünyadakı qaydalara görə normal görünənin arxasında nə olması haqda bir təsəvvürümüz olsun. Çünki o, bizim mahiyyətimizdədir, kədər bizimlə birgə doğulur, bizim bədənimizdə, ruhumuzda gizlidir və üzə çıxması, varlığımızı bürüməsi an məsələsidir. Kədər uzaq qonaq kimi gəlməyəcək ya da gəlmir və biz onunla Elüarın məşhur şeirindəki kimi – uzaq qonaq kimi yox, özümüzlə salamlaşar kimi salamlaşacağıq ya da salamlaşırıq.
Filmi izlədikcə, təsvir-obrazları yaddaşımıza hopdura-hopdura həm də film boyunca bölünüb səpələnmiş təhkiyələrdən ayrı-ayrı hadisələri seçirik: oğlunu itirmiş qadın, qardaşını itirmiş qadın, yeni ölkədə şübhə və nifrətlə üzləşən mühacir kişi, sevgilisini itirmiş qadın, yaşıdlarını, dostlarını itirmiş, ölüm qaçılmazlığı ilə üz-üzə yaşayan kişi, anasını itirmiş qadın, “atılmış” qadın, zorakılığa məruz qalmış qadın, ağır xəstəliklə üzləşmiş kişi...
Təhkiyələr qırıq-qırıqdır, lakin bütün əhvalatları bir səs danışır (kişi və qadın səsi) və bu, filmə poetik bütövlük (bir müəllifin mətni kimi) gətirir. Biz kədər adlı məfhumun müxtəlif insanlardakı təzahürünü izləyirik; ətalətli-hərəkətli: ağ-qara təsvirdə torpaq qalağı sandığımız tısbağa qəfil hərəkətə gəlib ağır-ağır irəliləyir.
Səyahət etməyi sevən, indisə ağır xəstəliklə baş edən cütlük: nə zamansa təyinatı üzrə fəaliyyətdə olan böyük bir tikilinin xarabalığı. Atılmış məkanda daha çox görünə bilən dərin boşluqlar.
Finlərdə rastladığı nifrətdən bəhs edən şərqli mühacir: ekranda zərif tüklü, amma iri gövdəli kəllər göstərilir...
Ərindən ayrılmış, sonra onu itirmiş qadın: dağınıq interyerdə sükunət.
Güman etməyin ki, film kədərə seçilən xarabalıq, dağınıq ev kimi klişe görünə biləcək obrazlardan ibarətdir. Yox. Təsvir-obrazlar, simvol fiqurlar çoxdur və onlar filmin narrativində olduqca önəmlidirlər.
Məsələn, motivə, məzmuna uyğun olaraq göstərilən su təsvirləri.
Əvvəlcə o, sevgilisini itirmiş qadının üzdüyü hovuzdadır. Sonrakı epizodda oğlu boğulan qadının sahilində gəzdiyi göldür, sonrakında qadının ayağının altındakı qardır, daha sonra zorakılığa məruz qalmış qadının içində dayandığı sudur.

Filmdə göz yaşları yoxdur, dərdlərini danışan, yaşadıqlarını təsvir edən qadınlar, kişilər kamera qarşısında ağlamırlar. Su təbiətdəki, məişətdəki halındadır. Amma su burada həm də həyat başlanğıcı kimi yozulur, qadının özüylə işarələnir (su ünsürünün işarəsi tasdır: tas – qadın – qəbul edən tərəf), hovuzla bağlı epizodda su nə qədər çox olsa da, qadının acısını çıxara bilmir. Və ən əsası, su ayrı-ayrı formalarda olsa da, eyni sudur, kədərdə olduğu kimi, o, başqa formalarda zühur edir. Hətta susuz hovuz təsvirində də obraz kimi ortaya çıxır: gözlərinin ətrafı boyanmış qızlar susuz hovuzda divara söykəniblər. Bura sanki dünyanın emosional qütbüdür, bu hovuz boşalmış deyil, suyla dolacaq hovuzdur. Su – həyat, gələcəkdədir. Su-həyat kədər də ola bilər. Bu arada, kədərin həyatdan sayılmaması insanın barışmazlığıdır. Niyəsə kədərlilər həyatsevər sayılmır. Hərçənd, bəlkə, kədərlilər həyatı daha çox sevirlər, ya da daha dərindən duyurlar. Hətta sözügedən filmdə sevdiyinin yerinə gələn həmin kədərlə doğmalaşan, onun getməsini istəməyən qadını da tanıdır bizə müəlliflər. Şairin söylədiyi kimi, “ayrılıq da sevgiyə daxildir”, deməli, kədər də həyata. Odur ki, filmin qəhrəmanlarından biri yaşadığımız istehlak dünyasının aşıladığı xoşbəxtlik illüziyasına işarə vurur: “Dünya insanlara qəribə bir istiqamət göstərir: «Həyat həmişə xoşbəxt və gözəl olmalıdır». Amma axı biz bilirik ki, bəzən o, zibil olur”...
Kədəri gözardı etmək onun əsas əlaqələrini tanımamaqdandır. Filmsə bizə bu əlaqələri göstərir. O təkcə “kədər necə aşılır?” sualına cavab gəzmir, onun necəliyini, mahiyyətini axtarır.
“Bəzən Nifrət Kədər və Qorxunu gizləyir”; “Kədər Qəzəbimin davamıdır” – deyə ayrı-ayrı adamlar kədərin mənbəyini göstərirlər.
Ekranda ara-sıra cəngavər geyimli ayaqyalın bir fiqur görünür.
Meşənin içində taxtadan qadın bədəni də görürük.
Başqa bir təsvirdə kimsənin fərq etmədiyi pələng cildli bir fiqur avtobusda oturub.
Hovuzdakı qızlar pələngtək nərildəyir.

Bütün bu obrazlaşdırılmış qoruma instinkti, zərbələri yumşaldan bədən hissiyyatımız, yaşama ehtirası – var olmanın şərtləri deyilmi? Və nəhayət, bunlar olmasa, kədər olardımı? Ya da əksinə, kədər olmasa, bunlar olardımı?
Bu suallar obrazlar selinin gətirdiyi dağıntıdan sonra durulma, kədərdən aydınlığa çıxma, ideya aydınlığına çatmaq kimidir. Və filmin daha bir üslubi özəlliyi ortaya çıxır: final deyəndə hansısa vurucu, yekunlaşdırıcı, təsirli son dəqiqələrdən söhbət getmir. Təhkiyə səpəli olduğu kimi, final da filmin şərti olaraq üçüncü hissəsinə səpələnib.
Bəllidir, kədərdən bəhs edən film “happy end”lə qurtarmayacaq. Bilmək yüngülləşdirməyəcək. Həmin aydınlıq təsəlli etməyəcək. Kədər özü istəməyincə, heç hara getməyəcək. Amma biz həyatı ikiyə bölünənlərin simasında kədərə əl uzadacaq, salam verəcəyik. Bir filmin, bir sənətin gücü bunda deyilmi, sizcə: Əl uzatmaq. Duymaq. Toxunmaq. Anlamaq. Salamlaşmaq.