...Tanrıdan yazılantək

Vaqif Bayatlı Odər, şair

Vaqif Bayatlı Odər, şair

17 iyun 2025
# 15:42

Mən uşaq olanda elə bilirdim...

Mən uşaq olanda elə bilirdim ki, şair, yazıçılar bu dünyanın ən kinsiz-küdurətsiz, böyük düşünən, barələrində deyilib-yazılan heç nəyi vecinə almayan, var-dövlətin, şan-şöhrətin fərqində olmayan qövmüdür.

Uşaq idim, ədəbiyyat oxuduqca elə bilirdim ki, təkcə şairlər ölümünə sevməyi bacarır, təkcə şairlər saf doğulub, saf ölürlər...

Qismət belə oldu ki, tez böyüdüm. Gəncliyim mətbuatda başladı, televizordan gördüyüm, kitablardan oxuduğum adamlarla görüşüb, danışa bildim, bir az keçdi iş yoldaşı, səfər yoldaşı olduq, əməkdaşlıq etdik. Bir-birimizin xeyrində, şərində görüşdük.

Bu görüşlər, tanışlıqlar artdıqca, ədəbiyyat dəftərimdəki portretlər bir-bir çilikləndi. Mən nə zənglər aldım, nə yazılara şahidlik etdim, nə yazıların qarşısını aldım... Yekə-yekə kişilərin əl boyda uşaqlara qurduğu torları, tələləri gördüm. Mən bir müdrik kənd adamının rahatca bağışlaya biləcəyi nöqsanları kinə, küdurətə, qisasa və pisliyə çevirən “söz adamları” tanıdım.

Adi bir zərbədən çilik-çilik olub, balaca intriqaların oyunçusuna çevrilən söz, sənət adamlarının portretləri gözümdə yerlə bir oldu.

Amma bir portret həmişə böyüdü, böyüdü, böyüdü və... tək qaldı!

O portret haqq vermək istədiyim adamlar üçün arqumentimə çevrildi:

“Bəs o necə təmiz, saf qala bilib? Bu qədər təmənnasız, dedi-qodudan, kin-küdurətdən uzaq yaşaya bilib? Bu qədər ağır zamanda, kirli dünyada necə ADAM kimi qalıb, ŞAİR kimi dözüb? Özünü Yerdən, yerdəkilərdən ayırmağı necə bacarıb?”

Deməli, mümkündür. Kinini qisasa çevirməyə nə var ki? Pislik edənə zərbə vurmağa nə var ki? Pislik edəni, kin qusanı sevməkdir məharət. Bunu bacaranda sən, türklərin “ermişlik”, bizim “müqəddəslik”, "kamillik" (məncə, “müqəddəslik”, "kamillik" ifadəsi o deyil) dediyimiz mərhələyə çatırsan. Mənim şairim o mərtəbəyə çatıb. Ona görə belə rahatdır, belə təmannasızdır, belə böyükdür. Ona görə həyatı da, yazdığı da, sevgisi də belə safdır, hay-küysüz və pafossuzdur.

O, dünyanı, insanlığı, türklüyü, Vətəni də sakit sevir, qadınını da.

Mən səni, mən səni
Dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm

Çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.
Mən səni sakitcə, yavaşca
Sevmək istəyirəm

Səni sevmək istəyirəm Tanrıdan yazılantək
Bir balaca quş
Öz balaca yuvasının
Küncünə qısılantək.

***

Mən uşaq olanda elə bilirdim...

Mənim uşaqlıq inamıma, ədəbiyyat sevgimə xilaf çıxmayan tək söz adamı - Vaqif Bayatlı Odər!

Göyün Yerdəki adamı, hər günün mübarək olsun!

Böyük təşəkkürlər, şairimizi qoruyan, səssiz-sədasız bir ömrü ona həsr edən Tamam Bayatlı!

Vüsalə Mahirqızı

# 1086 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #