"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi
17 iyun 2025
# 12:00

Kulis.az Şərif Ağayarın təzəcə çapdan çıxmış “Rəng mühəndisi” romanı haqqında Rəşad Səfərin qeydlərini təqdim edir.

Samuel Conson ədəbi tənqid haqqında yazırdı ki, “Yaşayan yazıçılara qarşı mərhəmət hissi var. Amma bu mərhəmət ədəbiyyatın universal dünyası üçün gərəksizdir. Çünki yazan adam asidir, dünyaya hücum edir və buna görə hər kəsin də ona hücum etmək haqqı var”. Yaşayan yazıçılarımız haqqında danışarkən bu mərhəmət hissinə ölkənin mədəni vəziyyətini və ənənə problemini nəzərə almaq ehtiyacı da əlavə olunur. Bu da bizi ədəbiyyatətrafı söhbətlərə və ədəbi riyakarlığa gətirib çıxarır. Yazmaq üçün heç bir motivasiyanın olmadığı bir mühitdə hamıdan çox mənəvi dəstəyə ehtiyacı olan gənc və yeni başlayan müəlliflərlə bağlı bu mərhəmət duyğusunu qəbul etmək olar, hətta bəzən vacibdir. Amma artıq tanınmış, yaşlı, təcrübəli müəlliflər haqqında yazarkən yaş, təcrübə, dövr kimi ədalət naminə bəraətlərə ehtiyac olmur: bir halda ki, otuz ildir yazırsan, dünya ədəbiyyatının bir parçası olmağa iddialısan (deyilsənsə, niyə yazırsan?), o zaman gəl yaradıcılığına da elə dünya ədəbiyyatı pəncərəsindən baxaq.

Şərif Ağayarın təzəcə çapdan çıxmış iddialı “Rəng mühəndisi” romanı haqqında qeydlərimi bu prinsiplərdən çıxış edərək yazıram. Ədəbiyyatətrafı söhbətləri kənara qoysaq, qarşımızda sadəcə bir bölgü qalır: yaxşı roman, pis roman.

***

Bu yazının adı Mario Varqas Lyosanın Con Steynbekin “Cənnətdən Şərqə doğru” romanı haqqında yazdığı “Pis romanın tərənnümü” essesinin adına bənzər ola bilərdi. Ancaq Şərif Ağayarın sujetin inkişaf etdirilməsində, ümumilikdə hekayə quruculuğundakı peşəkarlığı ilk baxışdan oxucunu “pis” sözünü işlətməkdən çəkindirir. Situasiyaların - bəzən yersiz uzadılmasına, bəzən də lazım olandan artıq dərəcədə yaxın plana gətirilməsinə baxmayaraq - yaxşı təsviri, səhnələrarası keçid, üslubun oxucunu yormadan tez-tez dəyişə bilməsi, yeri gələndə güclü poetik effektin yaradılması “Rəng mühəndisi”nin məziyyətlərindəndir.

Bir romandan mükəməllik gözləmək naşılıqdır. Təbiəti etibarilə roman mükəmməl ola bilməz, olmamalıdır da. Mükəmməllik hissi verən roman peşəkar oxucunun zövqünə və duyğularına xitab edə bilmir. Dünyanı yamsılamağa çalışan bir sənət növü dünyanın özü kimi həmişə yarımçıq, qeyri-müəyyən, mütləq həqiqətdən məhrum olmağa məhkumdur. Əks halda, roman üçün vacib olan inandırıcılıq qabiliyyətini itirmiş olar. Yəni pis romanın problemi əvvəlindən sonuna qədər mükəmməl olmamağı deyil. Bəşəriliyi və qalıcılığı təmin etmək üçün lazım olan elementlərdən məhrum olmağıdır. Birtərəfliliyidir. Hər şeyi açıq göstərməyə çalışmağıdır. Hədəfə doğru yolunun hamar olmasıdır. İstifadə etdiyi texnikaların, yanaşmaların köhnəliyi, daha doğrusu, uğursuzluğudur. Necə ki “Rəng mühəndisi”ndə biz bunlarla hər səhifədə qarşılaşırıq.

***

Romanı oxuduqdan sonra müəllifin mətndə etdiyi cəhdləri və bu cəhdlərin nəticələrini özümçün ümumiləşdirdim:

Karnaval estetikasına cəhd rablevari obrazların, təsvirlərin beş əsrlik devalvasiyaya uğramış, lokal təəssüratlardan başqa heç nəyə yaramayan formaları ilə yekunlaşır. Nəticədə karnaval estetikası ənənəvi lağlağı estetikasına çevrilir.

Magik realizm cəhdi inandırıcılığı olmayan, çox şişirdilmiş, uğursuz qrotesk təsiri bağışlayır (qrotesk məsələsinə daha sonra qayıdacağam). Əsas qəhrəman Cıbının gül və rəng hoqqaları, xarakteri qeyri-müəyyən təhkiyəçinin ruh kimi ətrafda dolaşması, hadisələri izləməsi və sondakı zühuru. Yaxud Məhərrəmin hər yeri silkələyən, qapıları dağıdan, insanları yıxan asqırağı:

"...Topsaqqal alim ictimai yerdə olduğunu unudub bərkdən qaqqıldadı. Məhərrəm də başını qaldırıb havanı qoxulayaraq avam-avam güldü. Birdən haradansa çox sevdiyi daş tozunun qoxusunu aldı. Daha dərindən zövq almaq üçün burnunu siçan kimi oynada-oynada havanı iylədi. Qəfil bərkdən asqırdı. Asqıraq sağlamlıq mərkəzinin geniş dəhlizində partlayış effekti yaratdı: bina silkələndi, topsaqqal alim əlini sinəsinə aparıb divara söykəndi, yaxınlıqdan keçən yaşlı xadimə büdrəyib yıxıldı…

...Onu öskürək tutdu, ardınca bərkdən asqırdı, hamı diksinib əlini süfrədən çəkdi, körpünün uçmuş yerindən iri bir beton qırığı qopub veyillənə-veyillənə aşağı düşdü, bayraq bir dəfə silkinib təzədən öz ənənəvi ahənginə qayıtdı, su şappıldadı..."

Absurd cəhdi ciddi ilə bayağının yan-yana gətirilməsi fəndinin dəfələrlə işlənməsinə əsaslanır bu romanda. Yan-yana gətirmə (juxtaposition) texnikası sənətin bütün janrlarında geniş istifadə edilən texnikadır: iki fərqli şey yanaşı verilərək aralarındakı ziddiyyətdən məna (mənasızlıq, absurd) yaradılır. Bizim ikimininci illər nəslinin köməyinə çox gəlib bu texnika. Amma təəssüf ki, ən bəsit formada: yalnız ciddiyyətlə banallığın tez-tez yanaşı verilməsi şəklində. Seymur Baycanın hekayələrində çox rast gəlirik buna. Məsələn, tez-tez qarşımıza belə səhnələr, dialoqlar çıxır: kimsə ciddi-ciddi danışır, qarşısındakı ona cavab verir ki, düşükləmə, dur çay gətir. Yaxud ən ciddi, ən kədərli, faciəvi bir məqamda həyatın bayağı tərəfi önə çəkilir, ciddiyyət bayağılığa məğlub etdirilir. Beləcə, boşluq, mənasızlıq, absurd effekti yaratmağa çalışır müəllif. Şərif Ağayar da bu texnikadan tez-tez istifadə edir romanda. Məsələn, əsas obrazlardan biri Məhərrəm qayınatasının ölüm xəbərini eşidəndə yadına pivə ilə yemək üçün hinduşka boğazı düşür və sifariş edir. Yaxud uzun cəhdlərdən sonra arvadı ilə ilk dəfə sevişərkən “Aaa-zaaad-lııq” deyib qışqırır. Kimsə ciddi söhbət edir, Məhərrəm möhkəm asqırır, adam yıxılır, qab-qaşıqlar yerə düşüb sınır. Cıbı öz duyğuları, daxilindəki təlatümlər haqqında danışarkən atası, yaxud anası tərəfindən bayağı cavablarla qarşılaşır. Anası oğlu ilə ərinin onu ölkədə qoyub getmələrini eşidəndə deyir öləcəm, gedib yataqda uzanır və ölür.

Ümumilikdə alleqoriya və qrotesk cəhdi - Hər şeydən əvvəl, Şərif Ağayar bu qədər açıq alleqoriya cəhdi ilə üçüncü dünya yazıçılarının alleqoriyadan (açıq şəkildə olmasa da) başqa şey yaza bilmədiklərinə dair məşhur yarlığı bir daha haqlı çıxarır. Digər tərəfdən, “Rəng mühəndisi” həm də uğursuz qrotesk-alleqoriya cəhdidir. Baxtinin təbirincə desək, qrotesk əxlaqi tərəf gücləndirildikdə, sırf əxlaqi mesaja yönələndə axsayır. Qroteskə xas olan həyatın pozitiv və neqativ qütblərini göstərmək əvəzinə, nəticə çıxarmağı oxucuya həvalə etmək əvəzinə diktə etmək, sadəcə neqativin şişirdilməsi sonda qroteski karikaturaya çevirir.

Karikatura isə heç bir fenomenin təbiətini açmağa qadir deyil. Ancaq qıcıqlandırma, ilkin oyandırma funksiyasını yerinə yetirir. Ona görə də, “Rəng mühəndisi” iddia edildiyi kimi totalitarizmin, sənətçi-hakimiyyət qarşıdurmasının təbiətini aça bilmir. Sadəcə, yerli oxucuya yaxşı tanış olan otuz-qırx illik siyasi-ictimai proseslərin genişləndirilmiş karikaturasını göstərir.

***

Romanda hər şey o qədər aydındır ki, düşünməyə ehtiyac qalmır. Təhkiyəçi hamının əvəzinə hər şeyi izah edir. Guya mürəkkəb oyun qurulmağa çalışılır, amma üzə çıxarılmalı bir şey yoxdur. Simvolik xüsusi adlar hər şeyi bağıra-bağıra göstərir.

Gəlin, romanda ölkəyə, küçələrə, meydanlara verilən adlara baxaq: “Olmaz-Olmaz Respublikası”, “Zərrə-Zərrə Qram-Qram Meydanı”, “Saçın Ucun Hörməzlər” küçəsi, “Şanlı Diyar” prospekti, “İgid Ölər, Adı Qalar” xiyabanı, “Ayrılarmı Könül Candan” küçəsi, “Dünya Heç Kimindir” qəbiristanlığı, “Durna Gözlü Bulaqlar” parkı və sair və ilaxır. Xeyrəddin Qocanın felyetonlarındakı, ən yaxşı halda, Anarın yaradıcılığındakı “fəndlər”i xatırlatdı mənə bu adlar.

Yaxud, qiyama qalxmış fəhlələrin əvvəl işğalçı “pepellər”, sonra da müstəqil respublikanın dövləti tərəfindən zurnada ifa edilən “Heyvagülü” rəqsi ilə sakitləşdirilməsi. Romanın əvvəlində beyni zədələnmiş Məhərrəmin xəyalında rəngbərəng oğlan uşağı görməsi, uşağın ayaqlarının arasında gül tumurcuğu olması və “göyqurşağı”na tərəf qaçması, sonrakı hissələrdə isə oğlu Cıbının qasığına əl atan qadının orda heç nə tapmaması, sevgilisinin yuxusunda soyunanda Cıbının qasığında gül qönçəsi görünməsi və s. Bütün bunlar oxucunu düşündürməyə, mürəkkəb əqli fəaliyyətə cəlb etməyə deyil, sadəcə əyləndirməyə yarayır.

***

Uğursuz bədii təsvirlər sanki yaxşı tapıntı imiş kimi dəfələrlə istifadə olunur. Məsələn, Cıbının həyəcandan, qorxudan yaranan ürək döyüntüsü “Natiq” ritm qrupunun konserti ilə müqayisə olunur. Və bu müqayisə roman boyunca ən azı dörd dəfə təkrarlanır.

***

Əvvəlindən sonuna qədər təhkiyəçinin xarakteri qeyri-müəyyəndir. Gah həm öz dilindən, həm obrazların dilindən ən “ədəbsiz” sözlər işlədir, obrazların intim dünyasını açıb onları biabır edir. Gah da onları biabır etməmək üçün işlətdikləri “ədəbsiz” sözləri söyləmədiyinə görə obrazlara və oxucuya minnət qoyur. Gah hadisələrin təfərrüatlarını bilmədiyini deyir, gah da obrazların beynindən keçən ən gizli düşüncələri söyləyir. Gah hər şeyi bilən tanrı-təhkiyəçi rolundadır, gah da məhdud üçüncü şəxs təhkiyəçisinə çevrilir. Amma məhdud üçüncü şəxs təhkiyəsində bir az davam edəndən sonra obrazın baxış bucağı ilə məhdudlaşmaq əvəzinə, onun görmədiyi, hiss etmədiyi şeyləri də nəql edir.

***

Əvvəldə söylədiyim bəşərilik və qalıcılıq məsələsinə də toxunaq. Bir sənət əsəri fokus nöqtəsinə ötəri və lokal olanı qoyursa, bəşəriliyi və qalıcılığı müşkül məsələdir. Çünki ötəri (məsələn, siyasi-sosial məsələlər) və lokal olan elementlər yaxşı əsərdə yalnız bəşəri və qalıcı duyğuları, insan ağrılarını, əbədi həll olunmaz ziddiyyətləri vermək üçün fon rolunu oynayanda dəyərli olur. “Rəng mühəndisi” romanında isə hər şey yerlidir, ötəridir, səthidir. İnsan ağrıları yoxdur. Halbuki Şərif Ağayar həm yazıçı kimi (başqa roman və hekayələrində şahidi olmuşuq), həm də fərd kimi (şəxsi söhbətlərdən və müsahibələrindən bilirəm) insan iztirablarını duyan müəllifdir. Mən “niyə öz mövzularını yazmırsan” kimi yersiz arqument tərəfdarı deyiləm. Bir müəllifə mövzu diktə etmək, ən yaxşı halda, ayıbdır. Amma bir oxucu kimi müəllifdən gözlədiyim də mövzusundan asılı olmayaraq məni inandırması və bəşəri olanı verə bilməsidir.

***

Romanı maraqla oxumadımmı? Yalan olar. Bəzən xeyli əyləndim. Amma yazının əvvəlində adını çəkdiyim essedə Lyosanın qeyd etdiyi kimi: pis romanların yaxşı romanlardan çox vaxt daha əyləncəli, daha maraqlı olduğu faktı peşəkar oxuculara artıq yüz ildir məlumdur. Yaxşı mətn haqqında, səhv xatırlamıramsa, tənqidçi Harold Blumun fikirləri yerinə düşür burada: “Yaxşı mətnin məziyyəti oxucunu əyləndirmək, həzz vermək deyil, özündən daha aşağı səviyyəli mətnlərin verə bilmədiyi yüksək səviyyəli və çətin əldə edilən məmnunluq hissi verə bilməsidir”.

Sonda yenə ədəbi mühitimizə qayıdaq. Şərif Ağayar həm öz nəslindən, həm də özündən sonrakılardan daha məhsuldardır. Yazmaqdan və ədəbiyyatı təbliğ etməkdən usanmır. Romanında olduğu kimi, ümid edir ki, bəlkə, bir gün, Məhərrəmin boz beynindəki qırmızı qapaq - beynimizin bir qapağı - aralandı və altından al-əlvan rənglər çıxdı.

Məhərrəmin beyni kimi başdan ayağa bozluğa və toz dumanına bürünmüş mühitimizdə 328 səhifəlik roman yazmış bir müəllifi təqdir etmək lazımdır. Oxunmalı, haqqında yazılmalı, müzakirə edilməlidir. Mənim yazdıqlarım obyektiv ədəbi tənqid deyil, müəyyən zövqü formalaşmış oxucu fikirləridir. Hər bir oxucu öz zövqünə və dünya görüşünə görə nəticə çıxara bilər.

/thebakureview/

# 889 dəfə oxunub

Oxşar xəbərlər

...Tanrıdan yazılantək

...Tanrıdan yazılantək

15:42 17 iyun 2025
Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

11:12 16 iyun 2025
Allahı öldürən filosof - Fəxri Uğurlu

Allahı öldürən filosof - Fəxri Uğurlu

09:00 13 iyun 2025
"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

11:00 11 iyun 2025
Yazıçılara nifrət edənlər kimlərdir?

Yazıçılara nifrət edənlər kimlərdir?

13:27 10 iyun 2025
Gürcü - Furqanın yeni hekayəsi

Gürcü - Furqanın yeni hekayəsi

09:00 10 iyun 2025
#
#
# # #