"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?
9 oktyabr 2026
# 12:00

Kulis.az Erdinç Akkoyunlunun "Gecəyarısı uşaqları" niyə oxunmalıdır?" yazısını təqdim edir.

Bu romanı dərindən təhlil etmək roman sənəti baxımından mühüm bir öyrənmə təcrübəsidir; lakin "Gecəyarısı uşaqları" torpağa səpildikdə yeni cücərti verəcək bərəkətli toxuma bənzəmir.

Bəzi müəlliflər bunu xüsusi bir məqsəd güdmədən etdiklərinə, yəni təbii şəkildə ədəbiyyat dərsi verdiklərinə görə "böyük müəllim yazıçılar" sayılırlar. Bəzi romanlar isə məhz bu məqsədlə qələmə alınaraq dünya ədəbiyyatı kanonuna meydan oxumağa çalışır və çox nadir hallarda buna nail olur. Amma bu tipli əsərlərin müəlliflərinin heç də hamısına "böyük müəllim yazıçı" deyilmir. Düzdür, bu ifadənin müəllifi mən olduğum üçün, bəlkə də tam bu mənada Salman Rüşdiyə belə deyildiyini eşitməmişəm. Bununla belə, "Gecəyarısı uşaqları" romanının öyrədici olmadığını söyləmək açıq-aşkar yanılmaq və yanıltmaq olardı.

"Gecəyarısı uşaqları", Hindistanın İngiltərəyə qarşı müstəqillik qazandığı 15 avqust 1947-ci il gecəyarısı dünyaya gələn və fövqəltəbii güclərə malik 1001 uşağın hekayətinin ölkə tarixi ilə paralel şəkildə Səlim Sinanın gözündən nəql edilməsindən ibarətdir. 700 səhifəlik siyasi xaos romanını tək bir cümlə ilə xülasə edib ötüşmək, "Gecəyarısı uşaqları"nın mahiyyətindən yan keçməyin ən "bəzəkli" yolu olardı. Ardına baxaq...

Düşüncəli romançı

Rüşdi 1981-ci ildə romanını nəşr etdirərkən magik realizm cərəyanından da qidalanan bu əsərin "Yüz ilin tənhalığı" ilə müqayisə ediləcəyini bilməmiş deyildi. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mo Yanın "Qızıl darı zəmiləri" romanı haqqında, aralarında mənim də olduğum bəzi tənqidçi və yazıçılar "ciddi təsirlənmələr daşıyır" deyərək "Yüz ilin tənhalığı"nı nümunə göstərsələr də, "Gecəyarısı uşaqları" haqqında ədəbi hökm verərkən ağıla ilk gələn bu fikrə qapılmaq yaxanın ilk düyməsini səhv düymələməkdən başqa bir şey deyil. Markes "Yüz ilin tənhalığı"nda yuxu ilə reallığı bir-birindən ayırd edilməyəcək formaya salarkən bunu bir çoxuna şəxsən şahid olmadığı roman əhvalatlarını nənəsinin yerli Kolumbiya nəqletmə üslubunu yazı formasına köçürərək etmişdi. Başqa sözlə, Anadolu rəvayətlərinə çox bənzəyən bu yerli ifadə tərzini roman reallığına sığacaq yeni bir qəlibə tökmüşdü. Düzdür, yerbeyer "Gecəyarısı uşaqları"nda da Səlim Sinanın nəqli bəzi hissələrdə mətnlərarası əlaqələr, bəzilərində isə təsirlənmələr daşıyaraq "Yüz ilin tənhalığı" çalarına bürünsə də, əsərin forması əslində hind nəqletmə ənənəsinin Qərb roman formasına salınmasından başqa bir cəhd deyil.

Daha aydın desək, Markesin ədəbiyyat nəzəriyyələrini əzbər bildiyinə şübhə yoxdur, lakin "Yüz ilin tənhalığı" Qərb formasındakı roman anlayışına "Baxın, bunu mən də bacarıram" demək üçün yazılmış mətn deyil. Markes Avropasayağı həyat sürən yapon xalqının hekayələrini yenə də tamamilə Avropa tərzində qələmə alan bir Murakami iddiası güdmür. Onun etdiyi nənəsinin nağıletmə formasını aradakı dəyişikliklər, yayınmalar, əlavələr və yalnız o ailəyə mənsub şəxslərin anlayacağı bəzi şifrələr baxımından ələkdən keçirib sırf roman reallığı çərçivəsində dilə gətirmək idi. Salman Rüşdi isə hind həyatını bir hindli kimi nəql etməyə çalışarkən bunu məhz Qərb formasında etdiyini açıq-aşkar bəyan etməkdən çəkinmir, hətta bunu oxucunun gözünə soxur. Bu yolla o, həm İngiltərənin müstəmləkəsi olmuş vətəninin bu qərbliləşmədən nə dərəcədə təsirləndiyini ifadə edir, həm də öz hindli əcdadlarının ruhunu incitmir.

Bu nəticə o demək deyil ki, magik realizm Markes kimi yalnız müəyyən bir xüsusi ünsiyyət dilinin roman kimi beynəlxalq bir formaya tökülməsidir. Adından da göründüyü kimi, reallığı sehrlə qızıl nisbətdə yoğurmaq bu ada layiq görülmək üçün kifayətdir. Lakin Hindistandakı bəzi hadisələri təsvir etmək üçün Salman Rüşdinin magik realizmdən istifadə etməkdən başqa çarəsi də yox idi. Məhz bu səbəbdən "Gecəyarısı uşaqları"nı bütövlükdə magik realizm əsəri adlandırmaq və onu "Yüz ilin tənhalığı" ilə tərəziyə qoymaq xəta olardı.

Klassik bir əsər gördüm sanki

Ana dili ingiliscə olan hindli Rüşdinin ingilis kimi roman yazması və öz yerli nağıletmə formasını Qərb ədəbiyyatı kimi qəbul etdirməsi - burada Mo Yanın haqqını yeməyək, o, Çin nəqletmə formasından istifadə edir, bu, ona müəyyən üstünlüklər və toxunulmazlıq zirehi qazandırdı: "Gecəyarısı uşaqları"nın girişinin ingilis klassik ədəbiyyatının şah əsərlərindən sayılan Lorens Sternin "Centlmen Tristram Şendinin həyatı və mülahizələri" romanına olduqca bənzəməsi məhz bu səbəbdən ingilis ədəbiyyatında hər hansı "plagiat" mübahisəsinə yol açmadı. 1760-cı ildə nəşr olunmuş romanın baş qəhrəmanı Tristram da hələ "peyda olmadan" əvvəlki ailə həyatını romanın tən ortasına çatana qədər oxucunu canından bezdirəcək dərəcədə uzun təfərrüatlara və mövzudan yayınmalara sadiq qalaraq nəql edir.

Salman, yoxsa Səlim?

O vaxta qədər yazılmış romanları təhlil edərək özünə bir roman dünyası quran, yəni roman mühəndisliyi ilə məşğul olan, yaxud Orxan Pamukun təbiri ilə desək, "düşüncəli bir romançı" olan Rüşdi məhz Tristramın izini özünə yol seçir. Onun romanında da təxminən ortalara çatana qədər nə əsərin təhkiyəçisi Səlimin doğumunu izləmək, nə də romana adını verən və gələcək hadisələrin bünövrəsini qoyacaq "Gecəyarısı uşaqları" ilə tanış olmaq mümkündür.

Bir növ Rüşdi öz əsərində məlum Hindistan və Pakistan reallığını roman gerçəkliyinə çevirərkən düşüncəli bir romançı kimi bunu oxucunun qavrayışının və naşirlərin marağının ixtiyarına buraxmağı seçmədi: İplərin daim öz əlində olmasını istəyən Rüşdi bizi Səlimlə tanış edənə qədər öz hekayələrinin hərəkətverici qüvvəsini gözlərimiz önündə formalaşdırdı; romanın sonrakı fəsilləri və ona adını verən məqamlar da daxil olmaqla, hər addımına şahid olduğumuz bir roman dünyası qurdu. Bu isə "Gecəyarısı uşaqları"nı düşüncəli yazıçıların fikirlərini əvvəlcədən layihələndirib kağıza köçürmələri deyil, kağız üzərində bir sehrbaz ədası ilə - insanı tən ortadan ikiyə böldüyünə bir reallıq hissi ilə aldanıb inandığımız kimi mətndəki parçaların da həyat gerçəkliyindən qoparılmış hissələr olduğuna inanaq deyə qurulmuş bir ədəbiyyat illüziyasına çevirdi.

Daha aydın ifadə etsək, Rüşdi "Gecəyarısı uşaqları"nı əvvəllər yazılmış bütün sanballı romanların "Mən Bombeydə doğulmuşam. Biri var idi, biri yox idi" kimi sehrli açılış cümləsi də daxil olmaqla, "yaxşı fəndlərindən" istifadə edərək qurarkən, əsərin ab-havasını və öz nömrəsini pərdəarxasında deyil, məhz səhnədə, hamının gözü qarşısında hazırlayaraq nümayiş etdirdi.

"Gecəyarısı uşaqları"nın başlanğıcında, 1915-ci ildə Kəşmirdə sübh namazını qılmaq üçün səcdəyə gedən Səlimin babası Adəm Əzizin yerə dəyən burnundan - eynilə hindlilərin sitayiş etdiyi fillərin xortumu kimi uzun olan burnundan - qan əvəzinə yerə yaqutlar səpələnir. Və Qərb təhsili almış Adəm Əziz oxuduğu "Fatihə" surəsinin müşayiəti ilə həyatın mənasını, yaradılışı və varlığı sorğulamağa başlayır.

Özü də "Gecəyarısı uşaqları"ndan sayılmağın şərti olan Hindistanın müstəqilliyindən (15 avqust 1947) bir qədər əvvəl, 19 iyun 1947-ci ildə dünyaya gələn Salman Rüşdi — yəni tərcümeyi-halını bilənlər üçün özünü roman qəhrəmanına çevirən yazıçı nəzəriyyəsindən bəhrələnən bu Bombeyli Usta - Şərq-Qərb qarşıdurmasını, din və həyat axtarışlarını, tarixi romanı ailə saqasına çevirmək kimi bütün çətin yükləri eyni tərəziyə qoyur. Lakin 1981-ci ildə "Man Booker", 1993-cü ildə "Booker of Bookers" və 2008-ci ildə "Best of the Booker" kimi ingilis dilində yazılmış romanlara verilən Nobel səviyyəli mükafatları üç dəfə qazanaraq bu yüklərin heç birinin altında əzilmədiyini sübut edir.

700 səhifəlik romanı xülasə edib hələ oxumayanların həvəsini qaçırmaq kimi adiləşmiş bir pisliklə qarğış almaq istəmirəm. Amma romanın və obrazların Hindistan tarixini dərindən bilənlərə zövq verəcək, bilməyənlərdə isə maraq oyadacaq qədər - hindlilərin bir-birinə göyqurşağı rənglərində tozlar atdığı boya festivalı (Holi) qədər rəngarəng olduğunu qeyd etmək yerinə düşər.

Roman bir tərəfdən İngiltərə müstəmləkəsi olmuş ölkələrdə yaşananları incə şəkildə tənqid etdiyi üçün üsyankarlıq nişanını da yaxasına taxır və bu baxımdan işıq üzü gördüyü gündən bəri alqışlarla qarşılanır. Uşaqların ingilisdilli məktəblərə getməsi, qadınların övladları vətəndaşlıq alsın deyə Amerika gəmilərinə minib doğuş etməsi, çadra deşiyindən aparılan həkim müayinələrindən qadınların sərbəst mahnı oxuya bildiyi dövrlərə qədər yaşanan dəyişikliklər, müharibələr və qarşıdurmalar romanın ab-havasını formalaşdırır. Bundan əlavə, Hindistan ilə onun əzəli rəqibi və düşməni olan Pakistan arasındakı ziddiyyətlərin köklərinə enən əsər qərbliləşmə və Hindistanda müsəlmanlıq kimi mövzuları da dərindən araşdırır.

Min bir gecənin uşaqları

Salman Rüşdinin bütün var-dövlətini, bütün yaradıcılıq potensialını "Gecəyarısı uşaqları"na yatırdığı şübhəsizdir. Həmin gecə doğulan 1001 uşağın malik olduğu fövqəltəbii bacarıqlar Şərq təhkiyəsi olan "Min bir gecə nağılları"na açıq bir göndərmədir. Obrazların özlərini yaşadıqları müsəlman cəmiyyətinin dəyərləri ilə dərk etmələri - məsələn, "Gecəyarısı uşağı" olan və qeyri-adi istedadlarına heç kimin inanmadığı Səlimin bu vəziyyətdən gileylənərkən Hira mağarasında peyğəmbərlik vəhyi alan Həzrəti Məhəmmədə ilk inananların xanımı Xədicə və yaxın dostu Əbubəkr olduğunu misal çəkməsi - romanın Qərb dünyagörüşü ilə qələmə alınmış "şərqşünas" toxumasının bariz nümunələrindəndir.

Bu prizmadan yanaşdıqda aydın olur ki, Salman Rüşdi ədəbiyyatı "Gecəyarısı uşaqları"nda günəş kimi parlasa da, onun sonrakı romanlarında eyni güclü təsir nə dil, nə üslub, nə də süjet baxımından bir daha təkrarlanmadı.

Şübhəsiz ki, "Gecəyarısı uşaqları" tipli romanlar bir yazıçı tərəfindən ömründə bircə dəfə yazıla bilər və onun digər əsərləri nisbətən bu zirvəni aşa bilməz. Əlbəttə, bəzi istisnalar xaricdir (bax: Dostoyevski, Tolstoy, Markes, Yaşar Kamal, Hüqo, Faulz...). Lakin bu fakt Salmanın qüdrətli bir yazıçı olduğu həqiqətini zərrə qədər də azaltmır. Sadəcə olaraq göstərir ki, "Gecəyarısı uşaqları" indiyədək yazılmış ən düşüncəli romanlardan biridir və bu düşüncəli yanaşma hazırkı və gələcək romançılara çox şey öyrədə bilər.

Bu romanı dərindən təhlil etmək roman sənəti baxımından mühüm bir öyrənmə təcrübəsidir; lakin "Gecəyarısı uşaqları" torpağa səpildikdə yeni cücərti verəcək bərəkətli toxuma bənzəmir. Çünki o, məhz bu cür yüksəkkeyfiyyətli romanlar kollajının təqdirəlayiq mühəndislik məhsuludur. Əgər belə olmasaydı, Rüşdi romanın təhkiyəçisi Səlim ilə real Salmanı - yəni özünü - bir roman qəhrəmanına çevirməz, ən müasir roman nəzəriyyəsi olan ikilik (dualizm) anlayışını öz şəxsində bir daha təcəssüm etdirməzdi...

Türk dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər