"Bu hekayə qarpız alverçilərinin etdiyi söhbətləri xatırlatdı mənə" – MÜZAKİRƏ

"Bu hekayə qarpız alverçilərinin etdiyi söhbətləri xatırlatdı mənə" – MÜZAKİRƏ
9 iyul 2025
# 15:03

Kulis.az Əli Novruzovun “Matsoni” hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.


Şərif Ağayar:


“Həyatın həzin, sakit, hadisəsiz məqamlarına kamera qoymaq və oralarda ədəbiyyat naminə nə isə tapmaq asan deyil. “Matsoni” hekayəsində də, bundan əvvəl oxuduğum “Sonuncu barista”da da, müəllif bədii mətni sadə həyat həqiqətlərindən toxumağa çalışıb və məncə, maraqlı alınıb. Əli Novruzov, ümumilikdə, maraqlı adamdır. Çünki tənqid gözünü həmişə açıq saxlayır. Lakin, məncə, bəzən ifrata varır, qatı inkarçı, üsyançı, hətta içində psixoloji terror əlamətləri barındıran fikirlər səsləndirir.


Tutalım, Vilayət Hacıyevin hansısa bir tərcüməsində iki-üç səhv tapıb belə bir qənaətə gəlir: “Bütün kitablarını yandırmaq lazımdır!”.
Yaxud “Çovdarlıqda uçurumdan qoruyan” romanının tərcüməçisi Tehran Vəliyev haqqında “əşhədü biabırçılıq” kimi çox ədalətsiz bir ifadə işlədə bilir.


Əlbəttə, bütün bunların ilk baxışdan haqqında danışdığımız hekayəyə dəxli yoxdur, lakin, əslində, var. Tehran Vəliyev hamı kimi haradasa yanlışa yol verə bilər, lakin heç vaxt “bankalar cingildədi” ifadəsini işlətməz. Söhbət heç də xırda bir redaktə xətasından getmir, ümumilikdə mətnin səsini eşidə bilməməkdən, yaxud yanlış eşitməkdən gedir. Ən başlıcası, Tehran müəllim bu boyda hikkə və iddia ilə çıxış edib ortaya “Matsoni” qoymazdı. Axı ən azı bu sadəlik, bu sakitlik, bu həyatsevərlik, bu hər kəsi özü kimi qəbul edib sevməklik o hikkə ilə, o iddia ilə uyğun gəlmir.


İndi bu fikirləri yaza-yaza düşünürəm: bizə hansı Əli daha çox lazımdır – əlində qılınc sağı-solu kəsib-doğrayan (arada mənə də sataşır) və subyektiv fikirlərini etalona çevirməyə çalışan hirsli şəhər uşağı, yoxsa həyatın həzinliyinə, səmimiliyinə fokuslanmağa çalışan humanist yazar? Dərhal da cavab verirəm: hər ikisi! Səmimi deyirəm. Şəxsən mənə hər ikisi maraqlıdır. İki Əli arasındakı mübahisəni isə qoy özləri həll etsinlər və əvvəl-axır edəcəklər. Çünki biri-birinə mane olurlar”.

Şəhriyar del Gerani:

"Bu hekayə deyil, qarpız alverçilərinin plaskart vaqonlarda etdiyi söhbətləri xatırlatdı mənə. Söz vaxtına çəkər, yadıma düşür, tələbə vaxtı qatarla gedib-gələrdim Bakıya, məxsusən N-nın axırı, L-nın əvvəli Horadiz-Bakı qatarında çox qulaq müsafiri olmuşam belə söhbətlərə. Hətta Horadiz-Bakı qatarının plaskart vaqonlarında qarpız alverçilərinin etdiyi söhbətlərdə bəzən hekayə olur idi, var idi, amma burda yox idi, olmadı. Qərəz, bu söhbətdə epik heç nə yoxdur. Nə gizlədim, məyus oldum. Əlidən xahişim budur, daha heç vaxt dialoq yazmağa cəhd etməsin. O, dialoq yazmağı sadəcə olaraq, bacarmır. Yeri gəlmişkən, bir elat atalar sözü var, deyir: Qatıq süzülü — şoru qalar, ayran süzülü — nəyi qalar? Əlidən bu elat atalar sözündəki suala səmimi cavab verməsini gözləyirəm".


İlham Əziz:


“Əli bu hekayədə də sözlərdən qısqanclıqla istifadə edib. Hekayədə demək olar ki, artıq söz yoxdur. Tamamilə funksional cümlələr… “Matsoni” hekayəsi klassik hekayə sevənlərdə çaşqınlıq yarada bilər. Çünki, süjet üfüqidir, enişli-yoxuşlu deyil, kuliminasiya yoxdur. Birinci cümlə necədirsə, son cümlə də eyni atmosferdədir. Hekayənin finalı yoxdur. Belə demək mümkünsə, hekayənin tamamı finaldır.

Belə hekayələrə tam, vahid, kristal mətn kimi baxmaq lazımdır. Hekayə uçub-dağılmış imperiya əsarətindən qurtaran müxtəlif millətlərin, iç-içə yaşayan xalqların münasibətlərini, onların yaşam tərzlərini, axtarışlarını sadə cümlələrlə bizə göstərir. Hekayənin xislətində xeyli postsovet filmləri də mövcuddur. İçində xeyli zərif detallar var. İstər qonşularla, istər turistlərlə, istərsə də “matsoni” satan qadınla dialoqlar çox mənalı və gözəldir.


Hekayədə dünyada tayı-bərabəri olmayan postsovet qəsəbə estetikası var. Qonağa münasibətin müqəddəsliyi, onunla dərdləşmək, hətta qeybət etmək məhz məlum ictimai formasiyadan çıxan xalqların qəsəbə estetikasıdır.


Bu hekayədə əlahiddə bir şey axtarmağa dəyməz. Belə mətnlər estetlərin menyusunda yer alır. Mətnin daxili intonasiyası da harmonikdir. Əlinin tez-tez hekayə yazmağı məni sevindirir”.


Sevinc Mürvətqızı:


“Bu hekayə sakitcə öz düşüncələrinə dalıb yolla getdiyin yerdə qəfil qulağının dibində boğuq monoton səslə "qatıq var, qatıq!" səsi kimi eşidilir, heç diksindirmir, sovetdənqalma gürcü qəsəbəsindəki “matsoni” atmosferinin ortabab nəqlidir.


Oxuduqca adamı qəribə bir “bozluq” hissi sarır. Gündəlik həyatın sadə rutininin aliliyini dolğun təsvirlə oxumaq istərdim, amma elə bil qıtlıqdır, sözlər xəsisliklə işlənib.


Hekayədə maraqlı detallar ola bilər, amma bütövlükdə cümlələrdə mütəmadi qarşımıza çıxan “vayme” heyrəti yaratmır...".

Samirə Əşrəf:

“Soyuq əhvallı, hansısa gizli mətləblərdən xəbər verməyən, xüsusi bir eyhamı olmayan sadə hekayədir. Təbii, vacib deyil, bütün hekayələrin mütləq şəkildə dərin mesajları olsun, nələrisə təbliğ və təqdim eləsin. Hərənin öz üslubu var. Amma bu hekayə ilə müəllif nə demək istəyir, doğrusu anlamadım. Əlinin bir neçə hekayəsini oxumuşam, oxuduqlarım da elə bu tərzdə olub.


Biz həm yazıçı, həm də oxucuyuq. Ona görə də istənilən mətnə intuitiv yanaşırıq, gedişatı müəyyən mənada hiss etməyə, duymağa çalışırıq, proqnoz təsbit edirik. Müəyyən gümanla oxuduğum bu hekayədə isə “indi filan hadisə baş verəcək”, “sonluq belə olsa, yaxşı olardı” kimi düşüncələrimin heç biri baş vermədi.


Əlinin bu hekayəsi birxətli, rəngsiz və özü demişkən, duzsuz-istiotsuzdur. Amma görünür, müəllif kimi onu yazmağa vadar edən nələrsə olub ki, məhz belə bir mövzuya – yanğın, Tbilisi “sindromu” olan bir mövzuya müraciət edib. Hər halda müəllif sıradan oxucu və ya yazar deyil. Ümid edirəm ki, daha maraqlı hekayələri, bəlkə də, romanı ilə rastlaşacağıq”.

Essevari fikirlər - Birinci silsilə - Alpay AZƏR | Edebiyyatqazeti.az

Alpay Azər:

"Bu, hekayə deyil, sadə, normal nəsr təhkiyəsi ilə yazılmış adi həyat detallarının təsviridir. Nə matsoni, nə Axalsıxdakı yanğın, nə baş verənlərin dilindən nəql olunan Azərbaycandan gəlmiş qonaq, nə də Zauri dayı, Natella xala, matsonini satan Marina xala, türkəsilli avstriyalı turistlər mətnə bədiilik verir. Əslində, adi şeylərdən də hekayə yazmaq olar və yəqin ki, müəllif buna cəhd edib. Amma sonda hekayə yox, hadisələrin təsvirini oxuyuruq. “Vayme” "Genatsvale” sözlərinin tərcüməsini vermək yaxşı olardı".

Qəribə qəbir - Babək Məmmədlinin hekayəsi

Babək Məmmədli:

"Hekayəni oxuyandan sonra Əli Novruzovun bir kitab tədbirində Şərif Ağayar və dolayısı ilə Əkrəm Əylisli estetikasına ironik dürtməsini xatırladım. Həmin tədbirdə Əli bəy avtofikşn janrının "fövqəladə və səlahiyyətli səfiri" postuna iddiasını nümayiş etdirib "hekayə, roman necə yazılmalıdır" modunda ədəbi hökmlər verməkdən belə çəkinməmişdi. Demək istədiyi aydın idi: qısa cümlələrlə metaforalardan və təsvirlərdən arınmış ədəbiyyat yaratmaq. Minimalizmin onsuz da yoxsul ədəbi leksikonumuza nə boyda zərər verəcəyini anlamayacaq qədər naşı olmadığımdan fikirləri məndə təəssüf doğurmuşdu. Əslində isə avtofikşnin konsepsiyasında heç də belə bir tələb nəzərdə tutulmayıb. Əksinə, deyilir ki, bədiilik əşhədən-vacibdir. Bu bədiilik dediyimiz zatı doğuran amillər isə Əli Novruzovda niyəsə ikrah doğuran həmin o metaforalar, təşbehlər və məcazlardır ki, - əlbəttə, əndazəsini aşmamaq şərtiylə - bu əskiklik də “Matsoni” hekayəsində müəllifi piyada qoyub qənaətlərində nə qədər yanıldığını bizə göstərdi; bir neçə personajın iştirak etdiyi hekayədə bircə nəfərin belə dolğun obrazı yoxdu. Nəinki adamların, heç təbiətin, coğrafiyanın belə obrazı yoxdu. Düzdür, hekayədə ad çəkməsə də oxucu təxmin edə bilər ki, hadisələr Borjomi mineral su şəhərciyində cərəyan edir, qış kurortu dediyi məkan isə Borjomidən yuxarıda yerləşən Bakurianidir. Di gəl, bunun da müəllifin ustalığına aidiyyatı yoxdur. Çünki, Gürcüstanda mineral su parkı deyəndə intuitiv olaraq azərbaycanlı oxucunun ağlına birinci Borjomi gəlir. Hə, müəllif bölgənin relyefinə xas göz oxşayan küknar meşəliklərinə heç olmasa bircə cümlə ilə panoram vermiş olsaydı, başqa məsələ. Bu olardı ustalıq. “Sonuncu barista” distopik hekayəsini oxuyanda da fikir verdim: ümumiyyətlə, obrazlarını işləmir müəllif, sanki onları oxucuya qısqanır. Biz onları vizuallaşdırıb yaddaşımıza gömə bilmirik. Halbuki ən adi ştrixlərlə bunları asanlıqla vermək olardı: yaşlı gürcü qadınlarının xınalı-boyalı qısa saçları, xarakterik sarı bığları və s. Hekayədə bir-iki redaktə qüsuru da var: hansı fəsilə təsadüf etdiyini tam anlaya bilmirsən; turist sezonu olmaması, çaxır üzümü, mandarin... Bunlar hamısı payıza işarədir. Paralel olaraq bazardan Kaxet yemişi almağı, meşə yanğınları da yayı simvolizə edir. Gəl indi bu hibrid mövsümdən baş aç.

Bir də obrazlarının demək olar hamısı təəccüblənəndə “vayme” deyirlər. Yaxşı tanıdığımız gürcülərin leksikonunda “oy deda?!”, “vax!” kimi təəccüb bildirən bir neçə nida sözləri də var ki, obrazlar arasında paylaşdırmaqla dialoqları yeknəsəklikdən asanlıqla xilas etmək olardı.

Bütün bunlarla yanaşı etiraf etməliyəm ki, hekayənin bir az sirli, bir az da doğma atmosferi var. (İncəvara, bu doğmalığın subyektiv səbəblərdən doğduğunu, Gürcüstan nisgilimlə assosiasiya olunduğunu da istisna etmirəm.) Təhlükəli meşə yanğınının fonunda ürəyim sıxılmadı, əksinə-istəyirdim o qoca ər-arvadı, dükan sahibi Avtandili, köşkdə qatıq satan Marinanı təhkiyəçi bir az da çox danışdırsın. Belə görünür ki, inancına sədaqətli qalan müəllifimiz sözə xəsislikdə hələ uzun müddət səxavət sərgiləyəcək.

Təqdir etdiyim ən böyük üstünlükləri kimi hekayələrinə uğurlu ad seçimini, mətn boyu dominantlıq edən təmkinini və bir-iki müvafiq sözlə -“vayme”, “Yehova şahidləri”, “matsoni” və s. - atmosfer yarada bilmək ustalığını da qeyd edəndən sonra hekayə haqqında fikirlərimi ümumiləsdirib sonda bir cümlə ilə belə deyim: isti yeməkdən əvvəl tıxışdırıb adını və dadını tam izah edə bilmədiyim hansısa qarışıq salat kimi təəssüratım da qarışıq oldu. Hər bir halda müəllifi təbrik edib uğurlar diləyirəm!"

Müəllif - Rəvan CAVİD | Edebiyyatqazeti.az

Rəvan Cavid:

"Hekayə o qədər ruhsuz, enerjisiz idi ki, oxuyub bitirənə qədər bu istidə əzab verdi. 60'ların yazdığı hekayələrə bənzəyir. Mən Əlini az tanısam da, intellektinin, dünya görüşünün və ədəbi zövqünün nə qədər yaxşı olduğunu bilirəm. Bu hekayə onun intellektinə, dünya görüşünə və ədəbi zövqünə xəyanətdir".

İnziva - Orxan Həsəninin yeni hekayəsi

Orxan Həsəni:

"Hekayə nə qədər sakit görünsə də, onun mərkəzində gərginlik gizlənib. Yanğın yaxınlaşır, ancaq həyat öz müstəsna adiliyi ilə davam edir. Qiyamətin astanasında da yenə belə sakitcə məişət qayğıları ilə məşğul olacağıq".

Ulucay Akif:

"Müəllifin neynəmək istədiyini bildim, amma xeyli naşılıq var".

# 573 dəfə oxunub

Müəllifin son yazıları

# # #