Uzun kirpiklərindən çox öskürəklərin üçün darıxırdım

Uzun kirpiklərindən çox öskürəklərin üçün darıxırdım
26 dekabr 2012
# 15:19

İlqar Kamil.

Fərqlilik

Heç - sözləri düz gəlir deyə,

Mehribanlıqdan dalaşıb,

ayrılan bir cütlük gördünüzmü?!

Və ya fərqli iddialar edib

ikisi də haqlı olan tərəfə rast gəldinizmi...?!

Biz onunla ikimiz də fərqli idik

Gah mən böyük idim,

gah o kiçik idi

Bizi birləşdirən də elə bu fərqlilik idi...

Məsələn mən

Onun ala gözləri

incə əlləri

Uzun kirpiklərindən çox

Səssiz gecələrimin sükutunu pozan

öskürəklərini özləyirdim...

Və yaxud məsələn, O

Məndən çox intizarımı sevirdi

Qısqanırdım

Yanıma - qalmaq üçün deyil,

Yenidən getmək üçün bəhanə tapmağa gəlirdi

odlanırdım...

...Qəribə də olsa,

mən onu unutmağa çalışa-çalışa sevmişdim

ilk unutduğum heç yadımdan çıxmaz ki...

Ağlamışdım

Sonralar anam məni ovuda-ovuda

“insan - yalnız

unutmağa cəhd etmədiyində unuda bilər, oğlum!”

-dedi

Çox qorxdum

O gündən hər gün onu unutmağa başladım

beləcə sevdim...

İnsan unutmasa əzab çəkməz ki

uğruna əzab çəkilməyən eşq

solar, bitməz ki...

Biz qəribə idik

Dərd çəkmək idi dərdimiz-sərimiz

Kədərdən hürkənləri anlaya bilmirdik

Heç birimiz...

Düşünürdük ki,

biz hüznsüz çökərdik

Yaxşı ki, Allah qəmi, kədəri, dərdi yaratdı

Onlar olmasaydı

bəs biz nə çəkərdik...?!

Desələr ki

Desələr ki, sənsiz nəfəsim daralır

İnanma

Yalandı

Axı mən nəfəs çəkmirəm

Haçandı...

Desələr ki, sənsiz dünyam bom-boşdu

İnanma

Şərdi-böhtandı

Biləsən

Yerini sənsizliklə elə doldurmuşam ki

Çoxdandı...

Desələr ki səndən qopa bilmirəm

İnanma

Özümü səndən çoxdan almışam...

Bir özün düşün,

Mən səndən qopmamışamsa

Bəs nə üçün saralmışam...?!

Desələr ki, sənsizlikdən ölürəm

İnanma

Niyə inanasan ki...?

Çox vəfasızam mən, çox etibarsızam

Bilirəm

Bir zamanlar səninçün ölən mən

Bax, belə asan dəyişmişəm səni

İndi isə sənsizlikdən ölürəm...

Desələr ki...

İnanma...

Heç kimə..

Heç özünə də...

Amma bircə buna inan ki

...Bu gün həddimi aşmışam

Bilirəm

Bu gün səninçün həmişəkindən

Daha çox ölürəm...

# 3219 dəfə oxunub

Müəllifin son yazıları

# # #