Yağış güclənirdi - Ali Mədətoğlu

 Yağış güclənirdi - Ali Mədətoğlu
10 dekabr 2015
# 16:08

Hekayə

Boz-bulanıq şəhərə yağış yağırdı. Hər şeyi sanki, bir rəssam, qara karandaşla çəkmişdi. Hər şey rəngsiz idi. Balkonda kitab oxuyurdu. Bu gün ayrılığın düz 2 ili idi. Bu iki ildə çox şey dəyişmişdi. Həyatı daha dəbdəbəli olmuşdu. Bəzən sadə şeylər üçün darıxırdı. Avtobus dayanacağında yağışdan gizlənmək, evlərinin yanındakı kiçik kafedə adama bir qəhvə alıb bayırda yağan yağışa tamaşa edə-edə içmək, şəhəri başdan-başa gəzmək... İndi istəsə də edə bilmirdi...

Səbəb gərgin iş qrafiki, görüşlər, toplantılar deyildi. O yox idi. Yarı, yarısı, can parçası... Onsuzluğun tam iki ili idi bu gün. Bu gün hər şey bitmişdi, iki il öncə... Əvvəl onsuzluğun 3 günü oldu, dedilər ürəyini didib-doğrayan sancılar, 40 günə keçər. 40 gün oldu, keçmədi, 5, 6, 7 ay oldu, yenə keçmədi... İndi iki il olub.. Guya keçib ki?! Ürəyi sanki beton divarların içindəydi. Eşqkeçirməz divarların...

Dərindən köks ötürüb fikirlərdən ayrılaraq kitabına davam etdi: "...və bizi ayıran maddi nəsnələr, əslində bizi iradəmizlə birləşdirə bilər. Bu aspektdə, hər şey insanların iradəsindən asılıdır".

Telefonuna gələn zəng onu fikirdən ayırdı :

- Maşın aşağıda Sizi gözləyir.

- Yaxşı, düşürəm. - deyə büründüyü adyalı stulun başına keçirib, balkondan otağa keçdi.

Balaca əl çantasına kitabını qoyub tünd boz pencəyini geydi. Onu müşayiət edən xidmətçi qapını açdı. Çölə çıxan kimi sürücü önünə qaçdı, çətiri açdı. Maşına əyləşib "20 dəqiqə vaxtımız var" - ded. Sürücü sakitcə başını yellədi.

Boz asfalt, səma və işıq dirəkləri... Fikir onu yenə apardı. "Görəsən hardadır? Köhnə evdən də köçdüm ki, onu görməyim. Evimi satdım ki, qayıtma səbəbim olmasın, bağrıma daş basdım ki, ora getməyim... Kaş ki gedəydim, görəydim onu, amma o məni görməyəydi. Ətriyçün darıxmışam..."

"Bakıdan Frankfurta uçan təyyarəyə qeydiyyat başlandı. Xahiş edirik 7-ci masaya yaxınlaşın" Addımlarını sürətləndirdi. Qeydiyyat masalarına tərəf getməyə başladı. Qəfil onu sanki ildırım vurdu. Bu o idi, onunla üzbəüz gəlmişdi. İlahi, o heç dəyişməmişdi. Düz gözünün içinə baxırdı. Əli ayağı qurudu. Gedəcəyini, tələsdiyini, təyyarəsini unutdu. Heç nə deyə bilmədi, o, ötüb getdi, bir də geri çevrilib düz gözünün içinə baxdı. Bir anlıq duruxdu... Onun baxışları, "gəl" deyirdi.

"Arxamca gəl və buraxma bir daha məni..."

Bir an duruxduqdan sonra geri çevrilib onun arxasınca yeridi. Pencəyinin cibindən mobil telefonu çıxarıb nömrə yığdı.

- Buyurun.

- Bizim bütün görüşlərimiz təxirə salınır.

- Cənab, əgər görüşləri təxirə salsaq, o zaman zərərimiz 2.6 faiz təşkil edəcək.

- Xanım, təki həyatımızdakı zərərləri belə kiçik faizlərlə qapadaq...

...Və qızın ardınca addımlarını sürətləndirdi.

2 il öncə hər şey bitmişdi.

2 il sonra hər şeyin başlanacağına ümid var idi...

# 970 dəfə oxunub

Müəllifin son yazıları

# # #