Şairlərin şeir yazmağı çarmıxa çəkilməkdi

Şairlərin şeir yazmağı çarmıxa çəkilməkdi
4 mart 2014
# 15:51

Elçin Aslangil

ƏZİZİM MƏRYƏM ANA

əzizim Məryəm ana

mən oğlunuzu çox sevirəm

sevdiyim qızdan da çox

payız sabahlarına and olsun ki

bütün şairlərin şeir yazmağı çarmıxa çəkilməkdi

oğlunuz kimi...

deyəcəyim o ki

dişimiz almalara dəyəndən

bilirdik ki

siz bir də ana olmayacaqsınız...

əzizim Məryəm ana

mən həmişə

oğlunuzun çarmıxa çəkilmiş əllərindən baxmışam Allaha

ordan gördüklərimsə

bir sərçənin dimdiyində apardığı su qədər təmiz

o su qədər təmənnasız...

göz yaşlarımız sulara daş atsa

o daş qədər ola bilmərik günahsız

daşlaşdıq

ərsiz qadınlara daş atandan

atasızlaşdıq

atasız doğulan uşaqları "bic" adlandırandan

gözümlə gördüklərimin "ATA"sızlığını yaşayıram

öldürülənlər "ATA"sız

müharibələr "ATA"sız

dilənənlər "ATA"sız

bəlkə də bu səbəbdən oğlunuzu çox sevirəm

sevdiyim qızdan da çox

əzizim Məryəm ana

payız sabahlarına and olsun ki

bütün şairlərin şeir yazmağı

çarmıxa çəkilməkdi

yazılan hər bir şeir

atasız dünyaya gəlməkdir...

# 1433 dəfə oxunub

Müəllifin son yazıları

# # #