Bəlkə bir gün dərdim ölə

Bəlkə bir gün dərdim ölə
12 iyul 2013
# 12:02

Jalə Seyidli

Dənizi danışdığı yerdə dinlə...

Qayalıqda!

Qalan yerdə ovunur, ovudur dəniz...

***

Bu sevgini Allahdan da gizlədib...

sirr saxlamaq istədim...

bacarmadım...

bir Allah, bir də mən bilirəm indi...

Sirr deyilsən yəni!

***

Səssizliyin sükutdakı səsini...

bir gecənin bütün həsrətlərini...

həsrətlərin göz yaşını duyursansa...

yağışla vals oynayırsansa...

damlaları sevgilinin toxunuşu bilirsənsə...

sərin mehdən sevgi etirafı eşidirsənsə...

gecənin qaranlığı-yataq yoldaşın...

sirdaşın...

üstünə yorğanın oldusa...

tənhasan demək!

***

Məndə qaldın...

Bir az ruhun...

Bir az sevgin...

Bir az qoxun...

Səni Tanrıdan elə istədiyim qədər verdi mənə:

Bir az!

***

Məni dərddən qoruyanım…

Dərdə kəbinliyəm mən

Tək bir dərdim var içimdə

Adı-SƏN!

Dərdə dərd verəcəm…

Səni düşünəcəm...

Sən uzaqda-amma yaxın...

O yaxında-amma uzaq olacaq...

Bir ümid var içimdə...

Bəlkə bir gün dərdim ölə…

Sənə qalam…

Sən də mənə...

İmkan olsa ona qədər...

Məni qəlbində saxla…

Bir küncdə!

Lap tək!

Lap ayaq üstə!

Həsrətinə sığınacam,

ürəyində saxlasan!

birgə şəkil çəkdirib,

sənə göndərdik bəlkə...

sağda həsrətin olar,

solda həsrətin çəkən!

Bircə təəssüf yaşayacam bizə aid...

o şəkilə baxanda,

hər dəfə, deyəcəm ki:

Ayrı-ayrı çəkilib,

həyat rəsmlərimiz...

Kaş ikimizə aid,

bir şəkil olaydıq biz!

***

# 1797 dəfə oxunub

Müəllifin son yazıları

# # #