Cəsur snayper

Cəsur snayper
29 avqust 2013
# 17:11

Günel HABİLQIZI


Sizə bir snayperin həyatından danışmaq istəyirəm. Onun adı İkinci Dünya Müharibəsinin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. O, əfsanəvi Həzi Aslanovun həmyerlisi Baloğlan Abbasovdur...

Qəhrəmanın həyat yoluna qısa nəzər

Baloğlan Mirzağa oğlu Abbasov 15 fevral 1919-cu ildə Lənkəran rayonun Sütəmurdov kəndində dünyaya göz açıb. Şərqin ilk Demokratik Respublikasında doğulsa da tale elə gətirdi ki, sovet Azərbaycanının vətəndaşı oldu. Baloğlan təhsilini başa vuranda isə Azərbaycanda repressiya küləyi əsirdi. Orta məktəbi bitirən kimi onu ordu sıralara çağırırlar. İki il sonra - 1941-ci ildə Hitler Almaniyasının SSRİ-yə hücumu zamanı Baloğlan Abbasov döyüşlərə atılır. Ukrayna və Stalinqrad cəbhələrində sərrast atıcı kimi əsgər yoldaşlarından seçilir.

Cəsur döyüşçü xidmət etdiyi hissədə snayper hərəkatının təşəbbüsçüsü olur.

Cəbhədən gələn xoş soraq

Baloğlan Abbasov döyüşlərdə şücaət göstərdiyi bir vaxtda anası Şərəf xala səhər-axşam yollara çıxıb oğlundan bir soraq gözləyirdi. Günlər həftələrə, həftələr aylara çevrilmişdi, il olmuşdu, ancaq xəbər yox idi ki, yox idi. Və bir gün cəbhədən doğma vətənə qəhrəmanın xoş sədası gəlir. Qəzetlər keçmiş kolxozçu, indi isə baş serjant olan Baloğlan Abbasovun şəklini çap etmişdilər. Xəbərdə isə onun faşistlərə qarşı şücaətlə vuruşmasından bəhs olunurdu. Bu məlumatdan sonra raykom katibinin özü gəlib Şərəf xalanı təbrik edir və cəsarətli oğul böyütdüyü üçün komandanlığın təşəkkürünü yetirir. Baloğlanın döyüş medalı ilə təltif olunmasından danışır.

Bir snayper kimi Baloğlan Abbasovun şöhrəti artıq bütün sovet respublikalarına yayılmışdı. O, döyüş tapşırığının öhdəsindən məharətlə gəlirdi. Gah çardaqlara qalxır, gah zirzəmilərə enir, uçuq binaların bacalarından nişan alır, dağılmış divarların dibində pusqu qurur, səngərdən-səngərə keçirdi. Onun “şikarı” həmişə uğurlu olurdu. Təkcə ay yarım ərzində 60-dan çox hitlerçi öldürmüşdü. Cəsur snayperin hədəfi yalnız alman zabitləri idi.

Uzun ayrılıqdan sonra vətəndə

Bir payız ayında Baloğlana məzuniyyət verilir. Vətəndə olduğu qısa müddətdə həmyerliləri ilə görüşlərə gedir. Lənkəranda, qonşu Masallı, Astara, Lerik də kolxozları gəzir, əsgər dostlarının alman qəsbkarlarına necə divan tutduqlarından danışırdı. Bakıya qayıdarkən onun radio ilə bütün Azərbaycan xalqı qarşısında çıxışı oldu: “İnsan özünə nişanlı seçməkdə, dost axtarmaqda sərbəstdir. Ananı isə seçmək olmaz. Ana, ana olduğu üçün əzizdir, müqəddəsdir. Vətən də anadır, demək əzizdir, ona qahmar çıxmamaq olmaz. Biz başa düşürük ki, cəbhələrdə böyük rus torpağının hər qarışını müdafiə etməklə doğma Azərbaycanımızı müdafiə edirik. Ana vətən əmin ola bilər ki, onun yolunda öldü var, döndü yoxdur!”

Yenidən cəbhədə

Sentyabrın ortalarında Baloğlanın qulluq etdiyi birləşmə Mamay təpəsinə sığınmışdı. Bura cəbhənin ürəyi idi. Döyüş xətti bir saat da sabit qalmırdı. Mövqelər əldən-ələ keçirdi. Pusquda duran cəsur snayper isə gün ərzində gah düşmən arxasında gizlənir, gah da bölmələrinin içərilərinə düşməli olurdu. Heç vaxt özünü itirmir, soyuqqanlılığını pozmurdu. Əlində qumbara Volqada balıq ovlamağa çalışan hitlerçini Baloğlan “ovlayırdı”.

24 yaşın tamamında bitən ömür

Vzvodun yolu Stalinqradın cənub-qərbində Nəriman qəsəbəsindən keçirdi. O, böyük inqilabçı Nəriman Nərimanovun adını daşıyan bu qəsəbəni düşməndən xilas edəcəyinə sevinirdi. Bu niyyətlə də başçılıq etdiyi 30 əsgəri döyüşə hazırlayırdı. Təəssüf ki, həmin döyüş onun üçün sonuncu oldu. Qəfil açılan düşmən gülləsi 1942-ci ilin 19 noyabrında 23 yaşlı gəncin həyatına son qoydu. O, dünyasını dəyişdi, amma əvəzində hazırladığı snayperlər cəbhələrdə hitlerçilərə qənim kəsildi.

Ölümündən sonra

Rus yazıçısı Pavel Pavlenko “Pravda” qəzetinə verdiyi müsahibəsində belə fikir işlədir: “Əgər azərbaycanlı sədaqət andı içmək istəsə, qoy o, cəsarətlə Baloğlan Abbasovun adına and içsin. Əgər o, bənzəmək istədiyi qəhrəmanın adını çəkmək istəsə, qoy cəsarətlə Baloğlan Abbasovun adını çəksin. Rəssamlar! Mən sizdən Baloğlan Abbasov haqqında tablolar yaratmağı xahiş edirəm. Heykəltəraşlar! Mən sizdən bu sadə igidin heykəlini yaratmağı xahiş edirəm. Ey insanlar! İyirmi üç yaşında əbədiyyətə qovuşan Baloğlan Abbasovu unutmayın”.

Stalinqrad cəbhəsinin hərbi şurasının qərarı ilə Baloğlan Abbasov əbədi olaraq adı qvardiya diviziyası şəxsi heyətinin siyahısına daxil edilib. O, ölümündən sonra Qırmızı bayraq ordeni ilə təltif olunub. Qəhrəman snayperin adının əbədiləşdirmək məqsədilə doğulduğu Lənkəranın Sütəmurdov kəndinin görkəmli yerində ona abidə ucaldılıb.

# 2367 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #