Yad adam üçün

Yad adam üçün
27 avqust 2013
# 09:47

Günel Ağazadə

Yad adam

Gəl yad adam...mənə sarı...

Heç olmazsa öt yanımdan

və ötərkən hisslərimə toxun barı.

Darma-dağın olsun fikrim,

Səliqəsiz olsun fikrim,

Fikirləri toplamaqçün

Səndən qopum, mənə gəlim.

Gəl yad adam...doğmalaşaq...

Mənə səndən doğmalar var!

Sənə məndən ögey varsa,

Əlini ver, uzaqlaşaq.

Gəl yad adam...gəl yanıma...

Uzaqlardan mənə baxma!

Baxışların düşəcəkdir gözlərimdən,

Toxunacaq ürəyimə,

Olacaqdır sınıq-sınıq,

Sən baxışsız, mən ürəksiz qalacağıq.

Mən yad qadın...sənə yadam...

Gəl yad adam...ya da gəlmə...

Mən bilirəm yerişindən!

Yaşamaqçün ürəyimdə,

Öləcəksən qollarımda.

Get yad adam...get azacıq.

Gəlişin çox gözəl idi,

Gözəl olar gedişin də...

Qum evciklər... Kağız qayıqlar!

Qoy məni aparsın dəli dalğalar...
Aparsın!...
Görsün mənliyimdə, qumdan tikdiyim
Minlə... milyonlarla qum evciyim var.
Görsün verilmiş boş sözlər kimi,
Yaddaşımda üzür kağız qayıqlar.
Mən heç sevmirəm boş sahilləri...
Qoy dəli dalğalar batırsın məni.
Batırsın!...
Həyatdan nağıla möcüzə keçsin!
Bəlkə batmış gəmim, itmiş qayıqlar
Bəlkə də geriyə qayıdacaqlar...

# 1865 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #