Kəpənək ömrü

Kəpənək ömrü
29 noyabr 2017
# 16:40

Kamuran

Mövludun əziz xatirəsinə həsr olunur...

Səhər erkən saatlarda oyanmışdın, sonra gözünə yuxu getməmişdi. Bir az sonra durdun, pəncərədən bayıra baxdın. Evdə heç kim yox idi, valideynlərin qonaq getmişdilər və düşünürdün ki, tezliklə qayıdarlar. Sən yeni aldığınız evdə idin, bu evin ünvanını heç kim bilmirdi, bu isə sənə yorğunluğunu atmaq və istirahət etmək üçün şərait yaradırdı, yoxsa köhnə evinizdə bir dəqiqə dincələ bilmirdin, dəqiqə başı ev telefonuna zəng gəlirdi, qonşularınız səs salaraq nə gecə, nə də səhər yatmağa qoymurdu, saat başı da qapınız tıqqıldayırdı. Mətbəxə, çayı qazın üstə qoymağa getdin, yarı yolda təsadüfən aynada özünü gördün, bu gün çox yaraşıqlı olduğunu düşündün. Ərgənlikdən gəncliyə keçid dövründə idin. Daha bu mövzunun üzərində çox da durmadın, mətbəxə getdin, çayniki qazın üzərinə qoydun.

Bir az sonra əlində çay otağına qayıtdın, aynanın önündən keçərkən bir daha özünə baxmaq istədin. Sənə elə gəldi ki, bir az əvvəlki yaraşıqlılığın yoxa çıxıb və daha diqqətlə baxdığın zaman saçlarının arasında bir ədəd ağ saç gördün, elə o andaca qopardın. Bu məsələni o qədər də ciddiyə almadan pəncərənin önünə getdin, çaydan qurtumlaya-qurtumlaya bayırda oynayan uşaqları izlədin. Bu gün heç yana çıxmayacaqdın və dincələcəkdin.

Boşluqdan yaranan fikirlər ağlını qarışdırırdı, tək bir şey haqqında düşünə və fikrini cəmləşdirə bilmirdin, durmadan bir fikirdən başqa fikrə keçirdin, gah sevgilin üçün necə də darıxdığını düşünürdün, onun səni tez-tez necə də əsəbiləşdirdiyini düşünərək köksünü ötürürdün, gah da sevgilindən ayrılmaq qərarına gəlirdin, ardından çayından bir qurtum içərək başqa fikirlərə keçirdin, məsələn, atanın son zamanlar çox deyingən olduğunu düşünürdün, hər şeyə bir mız qoyması və az qala qonşunun evindəki çibinə görə də şikayətlənməsi sənin əsəblərini korlayırdı, üstəlik, sənin bir ətək başqa problemin olduğu halda bütün bunlar və buna oxşar amillərin olması diqqətini yanlış istiqamətlərə yönəldirdi, öz problemlərin də qalırdı həlsiz, bütün bunlara baxmayaraq, heç bir yad adam sənə ata olmazdı, o, sənin qeydinə qalmış və boya-başa çatdırmışdı, nəticədə, eyni zamanda həm atanı görəsi gözün yox idi, həm də onu çox sevirdin. Çaydan bir qurtum daha aldın və öz-özünə dedin:

- Bu dərəcədə dolaşıq hisslərə qapılmağa lüzum yoxdur.

Çayın bitdi. Stəkanı mətbəxə qoymağa gedərkən yenə aynanın qarşısından keçdin, gözlərinin yan hissəsində qırışlar olduğunu zənn etdin və sanki saçlarında bir neçə ağ tük gözə dəydi, lakin gözünə göründüyünü düşünərək ciddiyə almadın, zatən inanılası da deyildi, cəmi iyirmi dəqiqə və ya yarım saat keçmiş olardı və belə qısa zamanda nə saçların ağara, nə də üzünə qırış düşə bilərdi, lakin geri qayıtdığın zaman düzgün görüb-görmədiyini yoxlamaq üçün aynanın qarşısında dayandın və gördüklərin səni şoka saldı, çünki doğrudan da saçlarının bir neçəsi ağarmışdı və gözlərinin yan hissələrinə qırışlar düşmüşdü, otuz yaş göstərirdin.

Zirzəmiyə endin, kəndir gətirdin və evin ortasında dayanıb ətrafa boylanmağa başladın. Saat on iki olurdu, sən vur-tut bir neçə saat içərisində 12-15 yaş yaşlaşmışdın və həyat çox mənasız olduğuna görə özünü asmaq qərarına gəlmişdin. Gözün çilçırağa sataşdı, uşaq vaxtı o çilçıraqdan tutub o qədər yellənmişdin ki; istər-istəməz həmin günlərin xoş xatirələri çöhrəndə güllər açmasına səbəb oldu, düşünmüşdün ki, özünü çilçıraqdan asa bilərsən, o olduqca möhkəm idi, üstəgəl, o çilçıraqla yaşamış olduğun köhnə xatirələr, sənə elə gəlirdi, ölümünü yüngülləşdirəcəkdi. Kəndiri çilçırağa bağlayırdın və özünü asmamaq üçün bir səbəb, bir bəhanə axtarırdın, lakin ağlına gələn fikirlər intihar fikrini dəstəkləyirdi. Axı yaşamağın nə mənası var idi, sonda zatən ölürük, üstəgəl, həyatda uğur qazansaq belə, bunun heç bir mənası olmur, sonunda sənə heç nə qalmır və onsuz da ölürsən, hazır bu başdan ölmək daha sərfəli deyilmi. Düşünürdün, hər gün eyni şeylər olurdu, yeyirdin, içirdin, yeknəsəqlikdən silinə bilmirdin, insani duyğuların daha ali hisslər yaşamaq istəyirdi, lakin gerçək həyat sənin ali duyğularına cavab verməkdə aciz qalırdı, ona görə də bu həyatdan imtina eləmək istəyirdin. Kəndiri çilçırağa asdın, möhkəmliyini yoxladın və gerçəkdən də sürətlə yaşlanıb-yaşlanmadığını dəqiqləşdirmək üçün aynanın önünə getdin və diqqətlə özünə baxdın. Üz cizgilərində gözə çarpan fərqlər sezilirdi...

Həyatına son qoymamışdan əvvəl aynanın qarşısında bir xeyli dayandın. Sadəcə maraqlı idi, üz cizgilərinin necə dəyişdiyini, saçlarının necə ağardığını görmək istəyirdin, odur ki, uzun-uzun özünü izlədin, diqqətlə aynadakı əksini müşahidə etdin. Gözlədin, gözlədin, gözlədin və qəflətən onu gördün ki, saçındakı ağlar çoxalıb, saçlarını incələyərkən isə təsadüfən çöhrənə göz qoyduğun zaman ovurdlarının tədricən aşağıya sallanmağa başladığını gördün, lənət şeytana, heç cür dəyişimi öz gözlərinlə görə bilmirdin.

- Sən indi görərsən, - özün-özünə dedin, sanki düşmənə söz atırdın.

Çilçıraqdan asdığın kəndirin möhkəmliyini bir də yoxladın, ayağının altına kürsü qoydun, kürsünün üzərinə çıxdın, kəndiri boynuna keçirdin və kürsünü ayağınla itələdin...

Həmin an çox qəribə hisslər keçirdin. Ölməyəcəyini, ölməyin mümkünsüz, əlçatmaz bir şey olduğunu düşündün, üstəgəl, bu əməlinə görə peşman olmuşdun və ölmək istəmirdin, odur ki, çabalayırdın, əl-qol atırdın, kəndirdən canını qurtarmaq istəyirdin, nəticədə havada qurbanlıq heyvan kimi sallanıqlı qalmışdın. Qəflətən çilçıraq dibindən qopdu və sən yerə düşdün, çilçırağın zərbəsindən başın yarıldı, lakin hazırda səni başının yarılması çox az narahat edirdi, yalnız və yalnız nəfəs almağa çalışırdın. Öskürməyə başladın, öskürdükcə sanki boğazını şüşə qəlpələri doğrayırdı.

İnsanın bioloji yönünü bir kənara qoysaq, onu ayaqda tutan iki səbəb var: sevgi və nifrət. Qalan bütün yaşam səbəbləri bu ikisindən törəyir. Özündən soruşdun:

- Həyat yaşamağa dəyir, ya yox?

Dərindən düşündüyün zaman, yaşamaq üçün heç bir ali səbəb yox idi. İnsanı başqaları yaşadır, sən isə tamaşaçı kimi özünü izləyirsən, sevdiklərinin qayğısına qalırsan, nifrət etdiklərini isə qınayırsan, o dərəcədə acizsən ki, başqalarının sənə hörmət etməsinə, səni saymasına, sənə dəyər verməsinə möhtacsan və bu bir ömür boyu sənin başını qatır, sənə yaşamaq üçün ürək soyuqluğu verir, ta ki, ölənə qədər. Dizi üstə dayanıb, bir əlin boğazında, düşündün ki, insan bu dünya üçün həddən artıq üstün bir varlıqdır.

Düşündün ki, özünü eyş-işrətə verə bilər, həyat haqqındakı bütün fikirlərinin üzərinə qalın bir xətt çəkərdin, canın da qurtarardı, həyatına isə qaldığın yerdən davam edərdin. Lakin... lakin qaldığın yerdən də davam edə bilmirdin, yarım gün içərisində yaşlı kişiyə dönmüşdün, elə ki, hətta həyatına qaldığın yerdən də davam edə bilmirdin...

Bir daha ayna qarşısında dayandın, inanmaq istəyirdin ki, bir az əvvəl səhv görmüsən və hələ də gəncsən, təravətlisən, lakin yox, sən artıq əlli yaş göstərirdin. Belə də mənasızlıq olar? Zirzəmiyə endin, əlində çəkic və iri bir mismarla qayıtdın, yenidən kürsünü ayağının altına qoydun, mismarı tavana vurdun, onun başını əydin və kəndiri ona bağladın, son olaraq da əl işinə baxıb gülməyə başladın və dedin:

- Özümü öldürmək üçün əcəb çox əmək sərf edirəm, e!

Hərçənd, ölmək üçün hər şey hazır idi, instinktlərin məsələyə bu qədər səthi yanaşmağının önünü kəsirdi və mismardan asılan kəndirə baxa-baxa, özünü asmamaq üçün bir səbəb axtarırdın. Axı insan niyə var? İnsan deyə bir varlıq niyə mövcuddur? Necə ola bilər ki, onun varlığının bir səbəbi, özünü həsr edə biləcəyi bir missiya yoxdur? Haradan gəldik, haraya gedirik?

- Həyat yaşamağa dəyir, ya yox? – Soruşdun.

İnsana aid olan tək şey onun yaddaşıdır, xatirələridir, onun yaddaşını sildiyin təqdirdə, o, öz kimliyini belə unudacaqdır.

1999-cu ilin mart ayının on altısında anadan olmuşdun. Daha doğrusu, sənə belə demişdilər, sən bunu haradan bilə-bilərdin ki? Səndən neçənci ildə doğulduğunu soruşduqları zaman cavab verirdin:

- 1999-cu ildə.

Çünki sənə belə demişdilər. Səndən adını soruşduqları zaman sən cavab verirdin:

- Mövlud.

Çünki sənin adının belə olduğunu demişdilər, halbuki, şəxsiyyət vəsiqəni itirdiyin təqdirdə, sənin adının “Mövlud” olduğunu heç cür sübut edə bilməzdin.

Həyat haqqında hər şeyi diktə edirdilər və sən o qədər fağır idin ki, cınqırını da çıxarmadan cavab verirdin:

- Başa düşdüm.

Hazırda isə bütün fağırlıqların bir-birinin üzərinə qalaqlanmış və sənin ürəyinin döyüntülərini sürətləndirir, nəfəsini kəsir, ağlını bulandırırdı, insanlar ürəyincə yaşamana mane olmuşdular. Gözünə hər şey şərti görünürdü, öyrəndiyin biliklərin heç birini dəqiq saymırdın, dil yarandığı zaman necə ki, qırmızı rəng haqqında razılaşmışdılar ki, “bunun adı qırmızı olsun”, eləcə də başqa hər məlumat haqqında da razılaşma yolu ilə yekun qərar verilmişdi, halbuki, sırf zarafatyana, sən qırmızı rəngə işarə edərək “bu qara rəngdir” desəydin, heç kim dediyinin əksini sübut edə bilməzdi və aciz qalaraq belə cavab verərdilər:

- Gözün görmürmü, qırmızı rəngdir də!

Ah, halın hal deyildi, başın qazana dönmüşdü və hər keçən saniyə sənin üçün illərə əvəz idi. Bir də aynaya baxdın və dedin:

- Aman Allah, mənə nə oldu?!

Axşamüstü, saat beşi keçirdi və sən altmış yaşlarında, saçları dümağ, göz bəbəkləri bulanıqlaşmış, üzünü qırışlar basmış bir adama çevrilmişdin. Dişlərini ağardaraq onları incələdin, normal görünürdülər, lakin barmağınla onlara toxunan kimi bir neçəsi düşdü. Bir daha saata baxdın və zamana olan nifrətinin önünü kəsə bilməyərək onu divardan götürdün və var gücünlə yerə fırlatdın, saat yerə dəyərək çilməçilik oldu.

- Həyat yaşamağa dəyir, ya yox?! – hayqıraraq soruşdun.

Boğazın düyünlənmişdi, bir az sonra hıçqırmağa başladın, gözlərin doldu. Anlamağa çalışırdın: axı niyə ömrün kəpənək ömrünə dönmüşdü? Bir az sonra qəhqəhələrin axan göz yaşlarına qarışdı, eyni zamanda həm ağlayırdın, həm də gülürdün.

- Bəlkə bütün bunlar günahlarımın bədəlidir? – özündən soruşdun.

- Hə, hə, günahlarımın bədəlidir, - özün də cavab verdin.

Dua eləməyə başladın, Allahdan səni normal yaşamına qaytarmasını istədin, daha heç kimə pislik etməyəcəkdin, daha yaxşı adam olacaqdın, pişikləri təpikləməyəcəkdin, itləri daşlamayacaqdın, yaşlılara lağ etməyəcəkdin, əksinə onlara kömək əlini uzadacaqdın, yolu keçmələrinə, pillələri çıxmalarına yardım edəcəkdin, daha ata-ananın da sözünə baxacaqdın, onların bir dediyini iki etməyəcəkdin. Bir sözlə, yaxşı adam olacaqdın, Allaha söz verirdin.

- ...məni öz yaşamıma qaytar...

Dua edə-edə gözlərin yumulmuşdu və xeyli zaman ötmüşdü. İçinə bir rahatlıq çökdü, sənə elə gəldi ki, hər şey düzəldi. Gözlərini açdın və aynanın qarşısında dayandın. Bir neçə saniyə sonra yumruğunla aynanı qırdın və əlindən qan axmağa başladı. Tez əlini sarımağa bir parça tapdın, sarıdın və az sonra qanaxma dayandı. Hər şey eyni idi...

Bir daha mismardan asılmış kəndirə baxdın və özündən soruşdun:

- Həyat yaşamağa dəyir, ya yox?!

Ağlına həyatdan imtina etmək və yaradıcılığa baş vurmaq gəldi, beləliklə, özün üçün ideal bir həyat yarada bilər və qalan ömrünü də orada keçirə bilərdin, bu çox yaxşı fikir idi, lakin... Lakin sənin heç vaxtın yox idi, hələ heç yaradıcılığın hansı sahəsini seçəcəyini də bilmirdin, - rəssamlıq, heykəltəraşlıq, yazarlıq, kinematoqrafiya, yoxsa nə? Yox, yox... yox, bunun üçün artıq çox gec idi, sənin tək yolun bu sürətli yaşlanma azarından canını qurtarmaq idi və ancaq sonra, bol-bol vaxtın olduğu zaman yaradıcılığa baş vura bilərdin. Bayıra baxdın, zənnincə saat yeddi olurdu, sənə elə gəlirdi ki, saatı yerə çırpandan sonra əqrəblər daha sürətlə şütüməyə başlamışdı...

- Həyat yaşamağa dəyir, ya yox? – bir daha soruşdun.

Bir az əvvəl yumruq zərbəsiylə çilik-çilik elədiyin aynanın qarşısına keçdin, onun salamat qalan parçalarında öz əksinə baxdın, kiçik olduğu üçün əvvəlcə gözlərinə baxdın, ardından sırayla burnuna, üzünə, hind toyuğu dərisinə oxşayan boğazına, qar kimi ağarmış saçlarına baxdın və özlüyündə düşünərək dedin:

- Azı yetmiş-yetmiş beş yaşım olar...

Şər qarışırdı. Ev telefonunu götürdün və qohumlarının nömrəsini yığdın.

- Alo, - yad bir səs eşitdin.

- Alo, mənəm Mövlud, kimdir danışan?

- Mövlud kimdir? Sizi tanımıram, - o, cavab verdi.

- Xahiş edirəm, Əhməd dayını telefona çağırın... Atamgil ordadırlarmı?

- Bəy, siz nə danışırsınız, heç nə başa düşmürəm? – O, dedi.

- Məgər Əhməd dayıgilin evinə zəng vurmamışam? – Sən soruşdun.

- Xeyr, biz çoxdandır bu evdə yaşayırıq və evi də Əhmədgildən almamışıq.

- Oldu, - sən dedin və dəstəyi asdın.

Nömrəni səhv yığdığını düşünərək, bir də zəng vurdun.

- Alo, - kimsə dilləndi.

- Salam... Əhməd dayıgilin evidir?

- Bəy, bilmirəm kimsiniz, lakin artıq boğaza yığılmağa başlayıram, sizə dedim ki, Əhmədi tanımıram və sən başqa evə düşübsən.

O, dəstəyi asdı.

Sən başqa qohumlarının nömrələrini yığdın, onlardan biri səni tanıdı, lakin valideynlərinin həyatda olmadıqlarını dedi, yadına düşür ki, o, səni yaşlarda idi, lakin hazırda səsi cavan adam səsinə oxşamırdı... Öz valideynlərini soruşdun, onların çoxdan dünyalarını dəyişdiklərini dedi və səndən soruşdu:

- Mövlud, neçə ildir haralardasan, səni çox axtardıq...

Sən dəstəyi asdın. Sevdiyin qıza zəng vurdun, onun da həyatda olmadığını dedilər. Pəncərənin önünə getdin. Səmada ulduzlar sayrışırdı və göydə Ay havadan asılı qalmışdı, uzaqlardan isə buludlar gəldiyini görürdün.

Ağlın hələ də uşaq, özün isə olduqca qoca idin. Hazırda ürəyinə valideynlərini bərk-bərk qucaqlamaq düşmüşdü... Ayaqların süstləşir, əhvalın qarışır, getdikcə zəifləyirdin, çevrilib mismardan asılı qalmış kəndirə baxdığın zaman səni gülmək tutdu, çünki daha istəsən də özünü asa bilməzdin, heç kürsüyə çıxmağa da halın qalmamışdı. Yenidən səmaya baxdın, gecə yarı olmağa az qalmışdı. Görkəmli və möhtəşəm kosmosa baxaraq düşündün ki, metafizik nöqteyi-nəzərdən baxdığın zaman, insan həyatı bu aləm üçün olduqca artıq bir şeydir, sanki insanı dünyaya tullayıb qaçmışdılar, buna görə də, insan bu dünya üçün olduqca yad idi, onun yeri bura deyildi.

Ürəyinin sıxıldığını və nəfəsinin çatmadığını hiss etdin, pəncərəni araladın. Bir az sonra tab gətirə bilməyərək dizlərinin üzərinə çökdün və sancan ürəyindən bərk-bərk yapışdın, ardından yerə sərildin. Son olaraq düşündün ki, bir əsr, bir ömür, bir gün və ya bir saniyə arasında heç bir fərq yoxdur, fərqi biz zorla yaratmağa çalışırıq. Gözlərin hələ də baxırdı və son olaraq pəncərədən otağa daxil olan küləyin mismardan asılı qalmış kəndiri yelləndirdiyini gördün...

10.06.2017

# 2413 dəfə oxunub

Müəllifin son yazıları

# # #