Düşüncə

Düşüncə
16 sentyabr 2014
# 15:40

Təranə Fazilqızı

Yağış yağır...

Pəncərəyə yaxınlaşıb çölə baxıram. Libasını dəyişmiş ağaclar qızılı rəngə boyanıb. Payız küləyi körpə budaqları sağa-sola çırpır. Xəzəllər çərpələng kimi havada sovrulur. Yağış damcılarısa... Sanki ürəyimə süzülür. Soyuqdan qəlbim üşuyür, əllərimin hərarəti itir. Könül evimdə səninlə danışıram. ürəyimin səsini eşidirəm.

Sənli günlərimi ürəyimdən qovmaq istəyirəm, alınmır, qəlbimdə məskən salıb o günlərdən nağıl pıçıldayır. Kədər qarışıq təəssüf hissi məni bürüyür. Düşünürəm... Gözlərim önündə mürgülü xatirələr canlanır. Birgə günlərimizdən qalan xatirələr...

İllər keçdi, zaman dolandı. Hər şey dəyişib həyatın özü kimi dönükləşdi, amansızlaşdı. Bir payız axşamında səni aradım.

Varlığını hiss etdim, nəfəsim təntidi. Çaşqınlıq, təlatüm ağuşuna aldı məni. Unudulmuş sevginin toxumları hafizəmdə yenidən cücərirdimi? ..

Bu, həqiqət deyilsə, bəs məni bürüyən hansı hiss idi? Tənhalıq, yoxsa acizlik? Bəlkə də yatmış duyğuları oyadan, zədələnmiş ürəkdi?...

Səni qəlbimdə odu sönmüş külə bənzədirəm. Əllərimi yaxın tuturam ki, qızınım, ürəyimə hərarət gəlsin. Lakin kül bir anda ətrafa səpələnib havanı bürüyür, gözlərimi yandırıb, acışdırır.

Bu qədər etibarsız olma. Səni eşqimlə isidim, qəlbinə hərarət, gözlərinə işıq verim. Dinlə eşqimin harayını, eşit ürəyimin pıçıltısını...

Bilirsən, nə istəyirəm? Bir dəniz olsun, bir də biz. Narın-narın yağış çiləsin. Qumlu sahillər, dalğalı dəniz bizə şahidlik etsin. Nə sən danış, nə mən dinim. Baxışlarımız yağan yağışda birləşib, nura qovuşsun. Bu sevgidən yer-göy belə isinib sevinsin. Qağayılar isə ...

Başımız üstdə hey uçuşaraq səs salsın. Dəniz və yağış coşub-coşub tüğyan etsin. Xatirimdə qalacaq o yağışlı gün kimi...

İllərin axarında keçən günlərdən yalnız xəyallar, xatirələr qalacaq. Dünyanın faniliyində yoxluğum səni üşüdəndə, yaşananlar bir daha olmayacaq...

# 1651 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #