Dolların kəraməti

Dolların kəraməti
30 dekabr 2012
# 11:32

Qorxmaz HAQQARAR

Dollar dünyanı fırladır…

Dollar böhran yaradır…

Dollar Avronu sıxışdırır…

Dollar İraqı, Əfqanıstanı, Fələstini ağlar günə qoyur...

Dollar ərəb dünyasına «bahar» gətirir…

Heç birinə inanmırdım. Dünənə qədər. Bu gün isə dolların kəramətinə inanıram.

…Haqbala XI sinifdə oxuyur, kurikulumla məşğul olanların təbirincə desək, «repetitor»un də yanına gedir. Bəzən məşğələdən gec, yorğun-arğın gəlir. Dünən də elə oldu. Səhər tezdən şirin yuxudan ayrılmaq istəmədi: «Mama, qurban olum, beşcə dəqiqə də yatım. Heç nə olmaz»ları ilə tez-tez onu dümsükləyən anasının qəlbini ələ aldı və birinci saata getmədi. İkinci saatın zəngi çalınanda pörtmüş, təngnəfəs olmuş, yanaqları qızarmış vəziyyətdə özünü məktəbin giriş qapısından içəri atdı. Dəhlizi burulub sinifə girəndə qarşısını direktor müavini Gülər müəllimə Ərəbzəngi kimi kəsdi:

- A gədə, nə olub, nə qiyamət, nə qaçaqaçdır! İndi məktəbə gələrlər, gün günortadır?!

Haqbala tövşüyə-tövşüyə:

- Müəllimə, bağışlayın… demişdi ki, Gülər müəllimə özündən çıxdı nə çıxdı! Şəhadət barmağı az qala 2 mərtəbəli binanı titrətdi:

- Hələ bir üzü də var danışmağa. Keç sinifə, indi gələcəyəm.

Haqbala ilan ağzından çıxan qurbağa kimi dərindən nəfəs alıb sinifə girdi. Onun arxasınca kimya müəllimi, az sonra Gülər müəllimə otağa daxil oldu. Gözlərini oxu ətrafında fırlanan qlobussayağı gəzdirib Haqbalanın üzərində saxladı və nəfəsini dərmədən qışqırmağa başladı:

- Qalx ayağa, bu neçənci dəfədir ki, sən məktəbə gecikirsən, dərsi pozursan! Uşaqlara mane olursan! Adamın bir abırı-həyası olar. İnsana bir dəfə deyərlər. Xoşun gəlmir, rədd ol get, camaatın uşağına mane olma, əsəblərimizi korlama…

Bundan sonrakıları eşitməyən Haqbala yenicə eşqinə düşdüyü, daim gözünün qırağı ilə nəzərdə saxladığı qızın yerində qımıldanması ilə sanki ayıldı:

- Yaxşı, müəllimə, başa düşdük. Məşğələdən gec gəlmişdim, dura bilmədim, yatıb qalmışdım – demişdi ki, sinifi bürüyən gülüş sədalarını uğultu əvəz etdi.

Gülər müəllimə daha da qızışdı:

- Sənə, bax, bu lazımdı. Dərs pozulsun. Ağız deyəni qulaq eşitməsin. Tərbiyəsizin biri, hələ bir dili də var: «Yatıb qalmışdım». Qələt elədiyi azdı, hələ mənə söz də qaytarır.

Haqbala pərt halda:

- Müəllimə, mən tərbiyəsiz deyiləm!

Gülər müəllimənin susmaq fikri yox idi:

- Sən tərbiyəsizsən, özü də betərindən. Sənin kimiləridir bizi rüsvay edən, məktəbin adını dillərə salan. Tərbiyəsiz necə olar? Bu qədər insan içində üzümə bozarırsan, mənə söz qaytarırsan, gözlərini bərəldirsən, bəlkə gəlib məni vurasan da! Bunun boyuna-buxununa, hərəkətlərinə bax! İndidən belə hoqqa çıxarırsan, böyüyüb səndən nə olacaq? Yolkəsən, quldur. Yaramazın biri yaramaz. Bu gün mənə söz qaytaran, o biri gün də məni şərləyər, üstümə cumar. Sənin yerin məktəb deyil, türmədir, avaranın biri.

Kimya müəllimi Gülər müəllimənin qoluna girib onu sakitləşdirməyə çalışırdı:

- Əsəbləşməyin, qurban olum, sakit olun. Özünüzü toxtayın.

Gülər müəllimə isə deyilənlərə məhəl qoymurdu:

- Yox, yox, bu məsələ belə qalmayacaq. O kimdi ki, mənə söz qaytarır, üstümə çığırır, az qala gözləri ilə məni yesin, həyasızın biri. Mən direktor müaviniyəm, o belə edir, gör yazıq müəllimlərin başına nə oyun açır, - dedi və son qərarını verdi:

- Dur çıx sinifdən, get, valideynlərini gətirib gələrsən.

Alnından, bığ yerindən damla-damla tər süzülən Haqbala ürkək, çaş-baş nəzərlərlə sinifdən çıxdı, geriyə baxmadan məktəbdən uzaqlaşdı.

Haqbala yalan bilməzdi. Axşam olanları necə vardı, eləcə danışdı. Atası əsdi, coşdu:

- Sən müəlliməyə gözünü ağartmısan, üstünə qışqırmısan, ona söz qaytarmısan?

Haqbalanın əvəzinə anası cavab verdi:

- Yox, mənim balam elə etməz. O, mənim ağıllı balamdı. Mən bilirdim ki, bir gün belə də olacaq. Sabah məktəbə özüm gedəcəyəm. Gülər müəllimə ilə özüm danışacağam.

Ertəsi gün anası da Haqbalaya qoşulub məktəbə getdi: Haqbala sinifə, anası Gülər müəllimənin kabinetinə. Gülər müəllimə valideyni gözlənildiyinin əksinə gülər üzlə qarşıladı:

- Haqbalanın anasısınız?! Xoş gəlmisiniz, buyurun, əyləşin. Bilirsiniz…

Haqbalanın anası ona imkan vermədi:

- Müəllimə, uşaq qələt eləyib, sizi əsəbiləşdirib, bir də olmaz. Söhbəti təzələyib Yeni il qabağı əhvalınızı pozmayın. Sizə münasib hədiyyə ala bilməyəcəyimdən ehtiyat etdim. Xahiş edirəm, bunu götürün, - deyib əlindəki 100 dolları stolun üstünə qoydu və əlavə etdi: - Özünüzə istədiyiniz hədiyyəni alarsınız.

Gülər müəllimə qımışdı, bir əli ilə siyirməni çəkdi, digəri ilə yüz dolları ora qoydu:

- Nə zəhmət çəkirsiniz, lazım deyil. Belə baxanda sənin uşağın pis uşaq deyil, üzüyola, sakit. Amma hərdən ki, dərsə gecikir, o birilərinin dili açılır. Haqbala zəkalıdır, dərsi yaxşı qavrayır.

Haqbalanın anası yenə Gülər müəllimənin sözünü kəsdi:

- Sizdən bir xahişim var.

- Buyurun, buyurun - Gülər müəllimənin simasına saxta da olsa, təbəssüm qondu.

- Bilirsiniz, Haqbalanın atası dünənki söhbətdən sonra bərk əsəbiləşdi, evdə qanqaraçılığı yaratdı. Mən ona Haqbala barədə sizin dediklərinizi söyləsəm, elə biləcək, onu sakitləşdirmək istəyirəm, daha da qızışacaq. Mümkünsə, onun mobil telefonunu verim, ona bir-iki kəlmə özünüz deyin, qoy rahat olsun.

Gülər müəllimə:

- Burda nə var ki? Nömrəni deyin, - dedi və Haqbalanın anasının dediyi rəqəmləri yığdı. Az keçmişdi ki, danışmağa başladı:

- Alo, salam. Haqbalanın atasıdır? Məktəbdən Gülər müəllimədir. Bilirsiniz, dünən bir az anlaşılmazlıq olmuşdu. İndi hər şey qaydasındadır. Haqbala pis uşaq deyil, qabiliyyətlidir, ağıllıdır. Allah saxlasın. Mərifətli, tərbiyəli uşaqdır. Təki bütün uşaqlar onun kimi olsun. Quzu kimi sakitdir, heç kimə qoşulmur, heç kimlə işi yoxdur. Söz deyəndə yanaqları qızarır, Allaha and olsun! Öz balam qədər xətrini istəyirəm, çox qanacaqlı uşaqdır. Yox, yox, qətiyyən narahat olmayın. Xırda söz-söhbətlərə fikir verməyin. Haqbala sinfin gözüdür, mən yüz faiz inanıram ki, o ali məktəbə, özü də istədiyi fakültənin ödənişsizinə qəbul olacaq, üzümüzü ağ edəcək…

Gülər müəllimə danışırdı. Qələm isə qurumuşdu, artıq yazmırdı...

Gülər müəllimənin dediklərinin hamısını yalnız Haqbalanın atası eşidə bildi...

P.S. Mən o gündən dolların kəramətinə də, onun haqqında eşitdiklərimə inandım. Siz də inanın.

# 2217 dəfə oxunub

Müəllifin son yazıları

# # #