Şeytan günah etməyir - Yeni şeirlər

Nicat Salmanov, gənc şair

Nicat Salmanov, gənc şair

3 dekabr 2021
# 19:00

Kulis.az Nicat Salmanovun şeirlərini təqdim edir.

Eşqimiz bir yaz çiçək, neylər sənə, neylər mənə?
Dərmişik ondan ləçək, neylər sənə, neylər mənə?

Biz ki, cənnətdən düşən aşiqlərik, dilbər yenə,
Gəl bu dünyadan köçək, neylər sənə, neylər mənə?

Bax ki, qəlbin qiyməti yoxmuş bu aşkar dünyada,
Cani canandan keçək, neylər sənə, neylər mənə?

Mən firavan cənnətin meyindən dəmlik istəməm,
Sağkən hicrandan içək, neylər sənə, neylər mənə?

***

Bu gün yağış başlayıb, payızdan xəbər verir.
Yazında açmaz çiçək, qışından bəhər verir.

Biz ki, hələ bitmədik, daha qışa var hələ,
Niyə bu yağış bizə qəm dolu kədər verir?

Mən gecəni sevirəm, sakit, həzin gecəni.
Yaranı zülmət gecə, həzini səhər verir.

Sevgimi bəslədiyim o qızdan xəbərim yox,
Hələ yaşım nə yaşdı?! ömrümü hədər verir!

Allahımdan diləyib bir sevgi istədim ki,
Hər gün biraz eşq verir, oda birtəhər verir.

***

Biz ayrıldıq, sevgilim,
Bir payızın ətrinə,
Sənə həmtay tutduğum
O günəşin xətrinə.
Biz ayrıldıq, sevgilim,
Gözəl xəyallar üçün,
Sənli röyalar üçün.
Biz ayrıldıq, sevgilim,
Dənizin dalğasının,
Sahilinin xətrinə.
Biz ayrıldıq, sevgilim,
Yeni sabahlar üçün,
Özgələrin etdiyi
Qara günahlar üçün.
Biz ayrıldıq, sevgilim,
Bir gülüşün xətrinə,
Bir öpüşün xətrinə.
Bu necə bir sevgidir?
Bir özgənin xətrinə,
Bir şeirin sətrinə
Ayrılmışıq, sevgilim.
Gecə ulduz düşmədən,
Biz ayrıldıq, sevgilim,
Saçına toxunmadan,
Əlinə toxunmdan,
Sənə heç qovuşmadan
Biz ayrıldıq, sevgilim,
İkimizin xətrinə
Ayrıldıq biz, sevgilim!

***

Sabah oldu.
Yenə günəş pəncərəmdən boylanaraq üzərimə,
Bəsdir daha, oyan dedi.
Unudulub xatirələr,
Yoxdur daha, oyan dedi.
Nədənsə mən
O günəşli otağımda,
Unutduğum dünənləri
Yada salmaq istəyəndə,
Bir sən idin xatirimdə.
Gözəl idin.
Bəlkə, gözəl olmasaydın,
Görməsydim şəfəqləri,
Səni unutduğum gün də
Heç yadıma düşməz idi.
Unudarkən olanları,
Günəş düşdün pəncərəmə,
Gözlərimi qamaşdırdın.
İnsan nə tez unudarmış
Səhəri o ulduzları.
Umutdum öz xatirəmi.
Bir sən qaldın xatirimdə,
Pəncərəmə düşən günəş!

***

Çıxdı canımdan yenə qan, gözləri qan ağladıb.
Qalmayıb bir kimsə ta könlümi hər yan ağladıb.

Vurdu qəlbimdən məni saldı susuz səhraya kim?
Etdi ucsuz çölləri göz yaşı ümman ağladıb.

Men necə tənha idim gözlər görübdür hər kəsi
Ağlayır, hər yalqızı bir ayrı canan ağladıb.

Hansı yandan eşqidir? bir hansı yandan iztirab?
Bir yanı yar ağladıb, bir yanı pünhan ağladıb.

Neyləyim mən eşqimi ki axirət xoş gün ola,
Verdim ol yarə edib aləmə ehsan ağladıb.

Mən behiştdən düşmədən qaynar cəhənnəm görmüşəm.
Çün məsəl var tarixən məzlumu iman ağladıb.

Çox fikir vermə Nicat güldü, danışdı, dinmədi.
Gördü pak, saf eşqidə məhşəri-meydan ağladıb.

***

Dilbəra, day sənə yarım demərəm!
Könlümün sultanı, varım demərəm!

Bəs edər qüssə, kədər, qəm daha mən,
Şəbi-hicran ahuzarım demərəm!

Axı səndin çiçəyim, laləzarım,
Qışa döndün, o baharım demərəm!

Gecələr xəlvət açan bağça, bağım
Qoxusu mey gülüzarım demərəm!

Nə bu kor eşqimə pərvanə, nə də
Şənivə biixtiyarım demərəm!

Lap əgər eşqidə məcnunə dönəm,
Sənitək leyliyə arım demərəm!

Nicatı yüz yola sövq eyləyən o
Laləyə öz iftixarım demərəm!


"Sən gedəndən"

Bu necə bir fəsildir? Nəsə olub zamana.
Həyat donub qalıbdır
Sən gedəndən bu yana.
Bu qədər soyuqluğu kim gətirdi cahana?
O rəngarəng çiçəklər,
O payız xəzəlləri,
O uşaq könülləri sən gedəndən yox olub.
Səndən həya edibdir daha yağış yağmayır,
Daha ay görünməyir,
günəş səhər doğmayır
Sən gedəndən bu yana.
Daha mən qocalmıram.
Bu ki, yaxşı xəbərdir.
Amma sənsiz gəncliyim
De, nəyimə gərəkdir?
Nəsə olub zamana
Sən gedəndən bu yana.
Sabahlar açmaz olub,
Dünənim qalıb ancaq.
Bu gün isə bilmirəm, bəlkə, bu gün də yoxdu.
Sən gedəli mələklər mənə salam verməyir,
şeytan günah etməyir.
O dağlar əriyibdir, dənizlərsə quraqlıq.
Bütün aləm dəyişib
Sənin bu yoxluğunda.
Qayıt gəl, Qayıt ki, sabah olsun.

# 3481 dəfə oxunub

Oxşar xəbərlər

Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

16:30 17 may 2024
# # #