Gənc qadını aborta məcbur edən keşiş

Gənc qadını aborta məcbur edən keşiş
14 iyul 2018
# 09:30

Kulis.az “Əsl kino” layihəsində Karlos Karreranın “Amaro atanın cinayəti” (2002) və Jak Odiyarın “Peyğəmbər”(2009) filmlərini təqdim edir.

Meksika istehsalı olan “Amaro atanın cinayəti” filmi “Ən yaxşı xarici film” nominsiyasında Oskara namizəd olub.

Süjet: Hadisələr Meksikanın kiçik şəhəri Los Reyesdə baş verir. Gənc və yaraşıqlı Amaro (Qael Qarsiya Bernal) bu şəhərdə yerləşən kilsəyə baş keşişin yardımçısı təyin olunur və xidməti vəzifəsini yerinə yetirmək üçün ora gedir.

Image result for The Crime Of Father Amaro

Amaro ilk günlərdən hiss edir ki, kilsədə hər şey göründüyü kimi deyil. O, kilsədə çalışan keşiş Benitonun (Sanço Qrasiya) restoran sahibəsi Sanxuanera (Anxelika Araqon) ilə sevgi macərasının şahidi olur. Benito şəhərdə iri bir hospitalın tikintisi ilə məşğuldur. Tikintinin xərcinin böyük hissəsini bir narkobaron ödəyir. Başqa bir keşiş Natalio isə sol qüvvələri dəstəklədiyinə görə günahlandırılır. Natalio və Benito arasında bu səbəbdən konflikt yaşanır. Və Natalio (Damian Alkasar) Benitonun narkobaronla isti münasibətlərini əks etdirən fotolarını mətbuata yayır. Üstəlik, Natalio bu fotoları əldə etmək üçün fotoqrafı qətlə yetirməyi sifariş verir.

Restoran sahibəsi Sanxuaneranın gənc qızı Ameliya (Ana Klaudiya Talankon) jurnalist Rubenlə (Andres Montyel) nişanlıdır. Amma o Amaroya vurulur. Amaro ilə eşq macərası yaşayan Ameliya uşağa qalır. Keşiş öz nüfuzunu düşünərək qadını aborta məcbur edir. Və abort zamanı Ameliya qan itirdiyindən ölür. Şəhərdə uşağın Rubendən olması və qızın onun üzündən ölməsi xəbəri yayılır. Final səhnəsi kilsədə Ameliya üçün dua oxuyan Amaronun günahkar üzüylə bitir.

Film portuqal yazıçısı Joze Mariya Esa de Keyroşun eyni adlı romanının motivləri əsasında çəkilib.

“Amaro atanın cinayəti” dramı günümüzün aktual problemlərinin - korrupsiya, kilsə xadimlərinin çirkli pulların yuyulmasında iştirakı, dövlət adamlarının cinayətlərə göz yumması, sosial bərabərsizlik və s. bədii dillə təsviridir. Bu gün də kilsələrin, ümumiyyətlə dinin siyasi hakimiyyətlə, korrupsiya ilə birbaşa əlaqəsi haqda faktlar üzə çıxmaqda, mühüm araşdırmalar edilməkdədir.

Filmdə siyasi, dini hakimiyyətin riyakarlığını real boyalarla göstərən təsirli əhvalat danışılır.

“Amaro atanın cinayəti” həm də kilsə qanunlarını pozan Amaronun timsalında ruhla bədənin, başqa cür desək, nəfslə mübarizənin təsviridir. İlk baxışdan prinsipial görünən qəhrəmanın özü də günahla dolu şəhərdə günaha batır.

Qeyd edək ki, film katoliklərin narazılığına səbəb olmuşdu, dindarlar filmin nümayişinə qadağa qoymaq istəsələr də, buna nail olmamışdılar. Və bu ekran əsəri ölkədə rekord həddə seyri kütləsi toplayib.

***

Fransız rejissoru Jak Odiyarın “Peyğəmbər” kriminal dramı Fransa və İtaliyanın birgə istehsalıdır. Və 62-ci Kann festivalında Qran Pri alıb.

Süjet: Əhvalatın qəhrəmanı Fransada yaşayan gənc ərəb Malikdir (Tahar Rahim). O, polisə müqavimət göstərdiyinə görə həbsxanaya düşür və burada qəliz şəraitdə yaşamalı olur. Nə yaxın qohumu, nə dostu olan Malik savadsızdır, yazıb oxumağı belə bacarmır.

O, həbsxananı idarə edən korsikalı cinayətkar dəstənin lideri Luçani üçün qəhvə hazırlayır, sonra onun xırda-para, daha sonra təhlükəli tapşırıqlarını yerinə yetirməyə məcbur olur, yazıb oxumağı öyrənir. Luçianinin (Nils Arestrup) etibarını qazanan Malik onun sağ əlinə çevrilir. Hadisələrin axarında Malik böyük təcrübə toplayır, vəziyyətdən baş çıxara bilir. Və öz planlarını həyata keçirir...

“Peyğəmbər” sırf kişi filmidir. Məsələ burda yalnız məhz kişi personajlarının iştirakında deyil. Əhvalatda kişilərin sərt, amansız dünyası, xarakterləri, rəqabəti ilə tanış oluruq.

Malik yaşamaq uğrunda mübarizə aparır, əvvəlki epizodlarda gözüqıpıq, özünə inamsız olan Malikin kadrbakadr dəyişdiyini, gücləndiyini görürük. Odiyarın qəhrəmanı rəğbət hissi oyadır. Və tamaşaçı onu qınamır.

Film həbsxana interyerində çəkilib. Həbsxana leksikonundan çox istifadə olunması reallıq hissini artırır. Rejissor çəkiliş zamanı keçmiş məhbusların məsləhətlərindən istifadə edib.

# 3099 dəfə oxunub

Oxşar xəbərlər

“Yağışdan sonrakı əks-sədalar”  qısametrajlı filminin nümayişi oldu

“Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi oldu

17:00 20 may 2026
"Haysiyet"in baş rolları açıqlandı

"Haysiyet"in baş rolları açıqlandı

16:42 20 may 2026
Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

15:00 20 may 2026
“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

13:30 19 may 2026
"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

13:26 19 may 2026
Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

13:00 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər