“Qaranlıqda Tanrıya səslənirəm, amma orada heç kim yoxdur!” – Berqmanın “Yeddinci möhür”ü

“Qaranlıqda Tanrıya səslənirəm, amma orada heç kim yoxdur!” – Berqmanın “Yeddinci möhür”ü
30 iyul 2026
# 16:30

Bu gün görkəmli isveçli kinorejissor İnqmar Berqmanın anım günüdür.

Kulis.az Sadiq İsmayılın tərcüməsində Rocer Ebertin “Yeddinci möhür” yazısını təqdim edir.


Xaç yürüşlərindən qayıdan bir cəngavər “qara vəbanın” tüğyan etdiyi vaxtda hələ də açıq olan bir kilsə tapır və orada günah çıxarmağa gedir. Dəmir barmaqlıqların arxasından yarı görünən kapüşonlu bir fiqurla danışaraq ürəyini boşaldır: “Laqeydliyim məni təcrid etdi. Mən kabuslar aləmində yaşayıram, röyaların əsiriyəm. Tanrının əlini uzatmasını, üzünü göstərməsini, mənimlə danışmasını istəyirəm. Qaranlıqda ona səslənirəm, amma orada heç kim yoxdur”.

Kapüşonlu fiqur arxaya dönür və onun cəngavərin evə qayıdış yolunda arxasınca gələn əcəl olduğu məlum olur.
Bu cür təsvirlər səthi psixologiyaya və realist davranış qəliblərinə bağlı müasir kinoda özünə yer tapa bilməz. Bir çox cəhətdən İnqmar Berqmanın "Yeddinci möhür" filmi, özündən sonra gələn modern filmlərdən (öz filmləri də daxil olmaqla) daha çox səssiz kinoxronika ilə ortaq cəhətlərə malikdir.

Bəlkə də elə buna görə hazırda dəbdən düşmüş sayılır. Uzun müddət kinosənətinin şah əsərlərindən biri kimi qəbul edilən bu film sərt vizual dili və Tanrının sükutu kimi mövzular ilə bəzi tamaşaçılar üçün bir qədər ərşə çəkilmiş hal alıb.

Filmlər artıq Tanrının sükutu ilə deyil, insanların boşboğazlığı ilə maraqlanır. İroniyanın hökm sürdüyü dövrdə Berqmanın varlıq və mövcudiyyətlə bağlı suallar verməsi bizi narahat edir; Berqman özü də "Persona" filmindən etibarən eyni sualları verməyin daha incə yollarını tapdı. Lakin "Yeddincı möhür"ün qüdrəti bu tipli sualların birbaşa və doğrudan tamaşaçıya təqdim edilməsindən qaynaqlanır.

Bu, qəhrəmanının sahib olduğu sadəlik və inamla xeyirlə şəri müzakirəyə çıxaran bir filmdir.
Berqmanın komediyalar istisna olmaqla bütün yetkin filmləri Tanrıya duyulan narazılıqdan bəhs edir. Lakin "Yeddincı möhür"ü ərsəyə gətirəndə, mövzuya realist şəkildə yanaşacaq qədər cəsarətli davrandı; cəngavərin əcəllə şahmat oynadığını həqiqətən göstərdi. Bu səhnə o qədər mükəmməldir ki, sayısız-hesabsız parodiyalara baxmayaraq, bu günədək öz dəyərini qoruyub saxlayıb. Və o, filmini hər hansı izahat və ya kulminasiya nöqtəsi ilə deyil, sadəcə bir vizual kadrla bitirmək inamına sahib idi.



Gənc aktyor həyat yoldaşının diqqətini üfüqə çəkərək deyir: "Ehtişamlı lord əcəl onlara rəqs etməyi əmr edir. Əcəl son qurbanlarını vahiməli keçid mərasimi ilə üfüqə doğru aparır”.
Uzun illərdən sonra “Yeddincı möhür”ə yenidən baxanda, vəba epidemiyasının ölkəni bürüdüyü və səlibçilərin geri döndüyü erkən orta əsrlər Avropası haqqındakı detal zənginliyini xatırladım. Cəngavər hekayəni bir çox başqa personajlarla bölüşür; bunların başında da qadınlardan xoşu gəlməyən və ağası ilə istehzalı münasibətdə olan, realist və ayaqları yerə möhkəm basan nökəri gəlir.

İkisi birlikdə cəngavərin qəsrinə qayıdanda, cəngavər əcəl tərəfindən mübarizəyə dəvət olunur . O, əcələ təklif edir ki, cəngavərin ruhu üçün şahmat oynayacaqlar. Oyun bütün film boyu davam edir.
Yollarına davam edən cəngavər və nökəri aralarında kiçik övladları olan Yusif və Məryəm adlı bir cütlüyün də olduğu gəzərgi teatr truppası ilə qarşılaşırlar.
Görünüşcə kimsəsiz bir fermaya gedirlər və burada nökər vəba qurbanının qolbağını oğurlamağa çalışan Raval adında bir adamı yaxalayır. Raval illər əvvəl cəngavəri xaç yürüşlərinə təhrik edən ilahiyyatçıdır.

Vəba insanlarda kəskin davranışlara yol açıb. Özünü qamçılayan bir qrup insan — kimisi ağır xaçlar daşıyaraq, kimisi də özünü qamçılayaraq, tövbə edə-edə keçib gedir. Cəngavər və nökəri qəfəsdə saxlanılan və tonqalda yandırılacaq bir qızla qarşılaşırlar; onu əsir götürənlər qızın şeytanla əlaqədə olduğunu və vəbanın bu səbəbdən yayıldığını iddia edirlər. Cəngavər bu qızın Tanrının var olub-olmadığını bildiyini düşünür və bu səbədən ona iblis haqqında suallar verir. Qız qürurlu şəkildə "Gözlərimə baxın!" deyir. Cəngavər isə "Mən yalnız dəhşət görürəm!" deyə cavab verir. Daha sonra, qız tonqalda yandırılmağa hazırlanarkən nökər deyir: "Gözlərinə bax. O, sadəcə boşluq görür". Cəngavər "Bu, mümkünsüzdür!” cavabını verir.

Demək olar ki, filmin sonuna qədər əcəlin fövqəltəbii bir fiqur kimi var olmasına baxmayaraq, Tanrının rol oynadığı daha böyük nizamın olmaması ehtimalı ilə baş-başa qalırıq.
Bəzi kinorejissorlar anadangəlmə istedada sahib olurlar. İnqmar Berqman isə sonradan yetişib, özü-özünü formalaşdırıb. 1918-ci ildə Upsalada doğulan Berqman intizamlı bir keşişin oğlu idi və filmlərində də xatırlatdığı kimi, balaca bir uşağın dolaba kilidlənməsi cəzası ilə üzləşmişdi.

Bu gün demək olar ki, izlənilməyən ilk müharibədən sonrakı filmləri italyan neorealizmi və Hollivud sosial dramasının uğursuz qatışığıdır; hətta filmlərin adları da ("Eşqimizin üstünə yağış yağır", "Gecə mənim gələcəyimdir" onların sıradanlığını göstərir. O, kiçik realist jestlər və gündəlik davranışlar aləmində özünü rahat hiss etmirdi və yalnız daha ciddi mövzulara qayıtdıqda, "Sevinc", "Ağac qırıntıları və bəzək" kimi filmlərində öz dahi tərəfini kəşf etməyə başladı.

1957-ci ildə nümayiş olunan "Yeddincı möhür" və "Yabanı çiyələklər" onun bir sənətkar kimi yetkinləşməsinin başlanğıcı oldu. Hər iki film ömürlərinin sonuna yaxınlaşan və həyatın mənasını axtaran kişi obrazlardan bəhs edir.

Berqmanın karyerasının tən yarısında çəkdiyi filmlərin mərkəzində mənəvi axtarışları dayanır. "Yeddincı möhür" bu mərhələnin başlanğıcıdır və Berqman bu filmdə dəfələrlə Tanrının nə üçün dünyada yoxmuş kimi göründüyünü sorğulayır. "Qaranlıq şüşədən baxarkən" filmində ruhi xəstə olan baş qəhrəman Tanrını bir hörümçək kimi görür. "Qış işığı" filmində isə nüvə fəlakətinin yaxınlaşması ilə inamı sarsılan əyalət keşişinin hekayəsində bəhs edilir.



"Persona" filmində televiziyada göstərilən müharibə kadrları bir aktrisanın sükuta qərq olmasına səbəb olur.
Berqmanın karyerasındakı son üç böyük film onu narahat edən sualların cavablarını öz daxilində axtarır. Bunların hamısı avtobioqrafik xarakter daşıyır. Rejissorluq etdiyi son film olan "Fanni və Aleksandr" və ssenarisini yazdığı digər iki film — "Ən yaxşı niyyətlər" və "Bazar günü uşaqları" buna misal göstərilə bilər.

Gənc bir oğlanın və ölən keşiş atasının kənddə keçirdiyi yay tətilinin xatirələrinə əsaslanan bu sonuncu film Berqmanın öz oğlu Daniel tərəfindən ekranlaşdırılıb; bəlkə də Danielin məqsədi Berqmanın cavab tapa bilmədiyi suallarla mübarizə apararaq atasını incəsənətlə yad etmək idi.



Berqmanın yaradıcılığında müəyyən inkişaf xətti var. Həyata qarşı müxalif bu gənc adam sosial və siyasi məsələlər haqqında düşünür. Orta yaşlarında özünə Tanrı və varlıq haqqında əhatəli suallar ünvanlayır.

Qocalıq dövündə isə, əgər varsa, cavabları xatirələrində axtarır. Və onun filmlərinin çoxunda bənzər bir barışıq səhnəsi mövcuddur.

“Yeddincı möhür”də öz həyatının sonu və vəba epidemiyasının gətirdiyi ümumi dağıntı ilə üz-üzə qalan cəngavər, Yusif, Məryəm və onların övladı ilə bir az vaxt keçirdikdən sonra deyir: “Bu hüzur anını xatırlayacağam. Alaqaranlıq, meşə çiyələyi ilə dolu kasa, süd kasası, əlində ud tutmuş Yusif”.

Bu ailəni ölümün pəncəsindən xilas etmək, onun həyatı təsdiqləmək naminə atdığı son addım olur...

# 101 dəfə oxunub

Oxşar xəbərlər

Betmenlə Coker qarşıdurması, kosmik dəlikdən keçiş... - Kristofer Nolanın ən yaxşı 5 filmi

Betmenlə Coker qarşıdurması, kosmik dəlikdən keçiş... - Kristofer Nolanın ən yaxşı 5 filmi

17:00 30 iyul 2026
Nitq qabiliyyətini itirən rejissor – O, niyə çəkilişdə ağlamışdı?

Nitq qabiliyyətini itirən rejissor – O, niyə çəkilişdə ağlamışdı?

14:30 30 iyul 2026
Stiven Kinqin məşhur romanı əsasında film çəkiləcək

Stiven Kinqin məşhur romanı əsasında film çəkiləcək

12:30 30 iyul 2026
Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

10:20 30 iyul 2026
Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

17:00 29 iyul 2026
Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

14:20 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər