Rejissor Ramiz Həsənoğlu: “Hər işimdə nöqsan tapıram”

Rejissor Ramiz Həsənoğlu: “Hər işimdə nöqsan tapıram”
8 sentyabr 2011
# 21:00
Həmsöhbətim rejissor Ramiz Həsənoğludur. O, Ramiz Həsənoğlu ki, bütün işlərini kənara qoyub bir “Sabah” yaradıcılıq studiyasını yaratmağını və ordakı işlərini yada salmaq kifayətdir ki, xidmətinin çəkisi bəlli olsun. Onlar və başqa nəsnələr barədə Ramiz Həsənoğlu Kulis.az-a danışır.


“Hər işimdə nöqsan tapıram, birindən başqa...”

- Tamaşalarıma elə də tez-tez baxmağı xoşlamıram. Elə işlərim də var ki, onlara baxanda onu mən elədiyimi unuduram. Bu mənada insanın yaşı artdıqca müəyyən məsələlərə baxışı dəyişir. Mən 1973-cü ildən 1991-ci ilə qədər gündəlik yazmışdım. Sonra ictimai həyat, dövr o qədər dəyişdi ki, daha gündəliyə maraq söndü. 2004-cü ildə başımdan ağır əməliyyat keçirdim, sağ qalmaq faizim çox aşağı idi. Ondan sonra yenidən yazmağa başladım. Təəssüf edirəm ki, çox uzun zaman kəsiyi fasilə verdim. O fasilə zamanı “Kamança”, “Ac həriflər”, “Fatehlərin divanı” yarandı. Bu dəqiqə gündəliyimdə “Mürafiə vəkilləri”, “Sübhün səfiri” ilə bağlı bütün düşüncələrim, iş prosesi öz əksini tapır. Elə bil öz yaddaşını həkk edirsən vərəqlərə. Sonra ona yenidən nəzər salırsan. Yaddaşa etibar etmək olmaz. Həm də heç kimə demədiklərini o vərəqlərə köçürə bilirsən, dərdləşirsən. İnsan hər zaman özü özünü kökləməlidir, o gündəliklər bir növ köklənməkdir, tarazlıq tapmaqdır. Özüm özümü çox tənqid edirəm, danlayıram. Hərdən bir xarici filmə baxanda özümü danlayıram ki, biz harda, onlar harda. Yaşa dolduqca iş görmək çətinləşir, ona görə yox ki, fiziki gücün tükənir, yox. Keçmişdə gördüyün işlərin məsuliyyəti səni onlardan aşağı səviyyədə iş görməyə imkan vermir. Yaradıcı prosesdir də, kimsə bəyənər, kimsə bəyənməz. Həmişə çalışıram irəli baxam, amma bu da o demək deyil ki, sən düz yoldasan. O mənada iş görmək çətinləşir, amma iş görmək istəyirsən. İndi çalışdığım Azərbaycan televiziyasının imkanları hər baxımdan əvvəlki illərdə olduğundan daha yaxşıdır.

- Deyirsiniz ki, elə işlərim var özüm baxa bilmirəm, hansılardır?

- Hər işimdə özüm nöqsan tapıram. Bir işim var ki, ondan hərtərəfli razıyam, o da “Günahsız Abdulla”dır. Cəmi iki həftə məşq etdik, iki günə çəkdik.

- İndi onu heç göstərmirlər?

- Ağır tamaşadır axı, indi şounun tüğyan etdiyi məqamda kimdir “Günahsız Abdulla”ya baxan?

- “Fatehlərin divanı”, “Ac həriflər”, “Ordan burdan”, ümumiyyətlə ərsəyə gətirdiyiniz bütün tele-tamaşalar o vaxt hadisəyə çevrilirdi. İndi də eyni üslubla işləyirsiniz, amma o vaxt olduğu kimi səs yaratmır, niyə?

- Tamaşaçının zövqü dəyişib, tamaşaçıya görün nə qədər həmlə var kanallardan, internetdən. Bu saat klip, şou estetikası özünə yer edib. “Günahsız Abdulla” öz dövrünün tamaşaçısı üçün yönəldilmişdi. Bu günün tamaşaçısı onu istəmir. İndi hazırladığımız ki, “Müraviyyə vəkilləri”ndə onu nəzərə almışıq.

- Dinamiklik baxımından, yoxsa tamaşaçı kütləsinin zövqünə endirmək...

- Təkcə dinamika yox, bütün tamaşaçı kütləsinin zövqünü oxşamaq da mümkün deyil. Mənim özümün düşündüyüm, fikrini nəzərə aldığım tamaşaçılar var. Misal üçün yazıçı Anarın işim barədə nə düşündüyü ilə həmişə maraqlanmışam. Rəhmətlik Vaqif İbrahimoğlu da fikri ilə hesablaşdığım şəxslərdən idi. Düşünürəm ki, qalan tamaşaçıların da zövqü o səviyyəyə çatanda işimizi qavrayacaqlar.

- Bəs, bu günün tələbinin dəyişməsi sizi həvəsdən salmır?

- Qətiyyən, balansı saxlamağa çalışıram. Şükür edirəm ki, zövqlər müxtəlif olsa da hələ yüksək sənətə qiymət verənlər yox deyil, olacaq da.


“Faktı tutub qarşındakını alçaltmaya çalışmaq mədəniyyətsizlikdir”


- ”Sabah” yaradıcılıq studiyası kimi yaranandan gənclərlə işləyirsiniz. Gənc nəsil barədə fikriniz nədir, niyə yaşlılarla onlarınkı alınmır. Bu əbədi atalar oğullar problemidir, yoxsa nə isə yeni çalarlar da var?


- Təbii həmin problem əbədidir. Mənim gənclərlə qarşıdurmam yoxdur, əksinə əməkdaşlığım var. Gənclərlə işimizin bəhrəsi 90-cı illərin əvvəlindən bəllidir. 93-cü ildə “Sabah” yaradıcılıq birliyində hər ay premyera olurdu. Oğullar ataları müzakirə edəndə gərək Puşkinin bir ifadəsi var, ona əsaslansın. Deyir ki, məni mühakimə edəndə əsərlərimi yaratdığım qanunlarla mühakimə edin. Qara Qarayevə sual veriblər ki, qibtə etdiyiniz bəstəkar var? Deyir, var, Stravinski, çünki o, yaratdı, yaratdı və ömrünün 80-ci ilində bütün yaratdıqlarını qoyub kənara yenidən yaratmağa başladı. Bu baxımdan gənclər niyə yenilikləri öz adları ilə bağlamağa çalışırlar, anlamıram. Əslində, bu onlara elə gəlir ki, yeni nə isə yaradırlar. Onlara qədər də yeniliklər olub, onlardan sonra da olacaq. Bu belə, amma gənclərin bu istəyi də şərtdir. Onların işlərini izləyirəm. Düzdür, bəzən təəssüflənirəm, çünki dayazlıq üst qatda gözəl görünə bilər, əgər alt qatda bir dərinlik yoxdursa, o populyar mənasız musiqi kimi tez yaddan çıxacaq.

- Ümumiyyətlə, ataların etdiklərini müzakirəyə qoymaq düzgündür?

- Olmalıdır, amma baxır necə. Analiz elə, özün üçün aydınlaşdır, amma onu pablik bəyan eləmə. Bəzi gənclərimiz analitik yox, intuitiv şəkildə işləyirlər. Klip estetikasını teatra da gətirmək olar. Onu Kamran Şahmərdan çox yaxşı bacarır. Yeri gəlmişkən, Kamran debütünü “Sabah”da edib. Gənclər unutmasınlar ki, onlar da yaşlaşacaqlar və gənclər də, yeniliklər də bütün dövrlərdə olacaq.

- Mən rus dilini öyrənəndən sonra atamın danışığında səhv tutdum. Qardaşım məni kənara çəkib dedi ki, sən elə bilirsən indiyə qədər mən o səhvi tuta bilməzdim? Mən o səhvi bir daha eləmədim...

- Sizin mövqeyinizdəki bu kəskinliyi anladım. Faktı tutmaq olar, amma onu da mədəniyyət çərçivəsində eləmək lazımdır. Düz deyirsiniz, indiki gənclərdə bir az faktı tutub dərhal qarşındakını pərt etmək, alçaltmaq, çökdürmək istəyi var. Bu mədəniyyətsizlikdir və mənim o adamlara yazığım gəlir. Məsələn, Anarın yerinə olsam, ona qara yaxmağı özünə peşə seçən gənclərə cavab verməklə onlara yol açmış olmaram. Anar dostumdur, amma ona məsləhət vermək mənə düşməz, böyükdür. Zamandır çalxalanır, hər şey zamanla yerini tutacaq. Qadağalar birdən-birə götürüldü. Yeni elita qarşıda yaranacaq. Keçmişlə bu günü müqayisə etmək də uduş gətirmir. Yaşamaq lazımdır və yaşadığın cəmiyyətlə balansı tapmalısan. Nə iləsə razılaşmaya bilərsən, amma hesablaşmalısan. Nəyisə dəyişməyə çalışma, öz dediyini eşitdir, cəmiyyət bunu qəbul edər, ya yox öz işidir.

- Teletamaşalarınızla cəmiyyətə daha çox mesaj vermisiniz, iki bədii filminizin heç biri onlar qədər baxılmır. Sizcə ...

- Bu da bulanıqlığın durulacağı məqamla bağlıdır.

- Axundov barədə film üzərində iş necə gedir?

- Gəlin bu barədə heç danışmayaq, hələ tezdir. Ümid edirəm ki, kollektiv əməyimizin bəhrəsi tamaşaçını məyus etməyəcək.


Ramilə Qurbanlı
# 1413 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #